Məhkəmə qərarları › İş №2-1(112)-4424/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4424/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4424/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 1497 №-li Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Mustafayev /İnqilab/ küçəsi, 34 saylı evdə yaşayan vətəndaş İddiaçı Maştağa qəsəbəsi, Zabrat- Maştağa şossesinin sağ kənarında 45 saylı 1000,0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən qeyd olunan torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1497 saylı sərəncamı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair tərəfinizdən 2 fərqli yerləşmə cizgisi təqdim edilmiş, hər 2 cizgidə istinad, istinad məsafələri qeyd edilməmiş, faktiki sahə ilə perimetrik ölçü və konfiqurasiyalarında fərq olduğundan sənəd üzrə sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Odur ki, torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim etməlidir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu RİH başçısının 30 dekabr 1999-cu il tarixli, 1497 №-li Sərəncamına əsasən Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ kənarında olan, 45 saylı sahədə İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi 1999-cu ildə ayrılmış və hal-hazırda onun istifadəsindədir. Bundan əlavə torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşməsi isə qohumların, yəni X4 atasının X1, Zəkiyev X9 atasının X10 və Ələkbər İsmayıl oğlunun adına ayrılmış torpaq sahələridir ki, cavabdeh həmin torpaq sahələrini də Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına imtina etmiş və hal-hazırda X6, Zəkiyev X11, Ələkbər İsmayıl oğlunun qanuni vərəsəsi X3 1999-cu ildə onlara ayrılmış torpaq sahələrini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması tələbi ilə Bakı İnzibati Məhkəməsinə cavabdehə qarşı iddia ərizəsi ilə müraciət etmişlər. Cavabdehin Maştağa qəsəbəsi, Zabrat - Maştağa şossesinin sağ kənarında olan, 45 saylı sahədə yerləşən 1000 m2 torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almaması tamamilə qanunsuz və əsassızdır. Cavabdeh faktiki sahə ilə perimetrik ölçü və konfiqurasiyalarının fərqli olmasını qeyd etsə də, konfiqurasiyanın nədən ibarət olmasını və perimetrik ölçülərin nə qədər fərqli olmasını bildirməmişdir. Cavabdehin imtinası onun hüquqlarının pozulması halı kimi qiymətləndirilir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 1497 №-li Sərəncamı ilə Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ kənarında 45 saylı 1000,0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən qeyd olunan torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakılara istinad etmişdir: 1) Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1497 saylı sərəncamı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair 2 fərqli yerləşmə cizgisi təqdim edilmişdir 2) Hər 2 cizgidə istinad, istinad məsafələri qeyd edilməmiş, faktiki sahə ilə perimetrik ölçü və konfiqurasiyalarında fərq olduğundan sənəd üzrə sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. 3) Göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. 4) Torpaq sahələrinin qanuni istifadəçiləri ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim etməlidir Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.8-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı təşkil edir. Həmin normalara görə, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 1497 №-li Sərəncamına istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia etdiyi torpaq sahəsinin dəqiq yerləşməsini müəyyən edən, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilən yerləşmə sxemi təqdim edilmişdir. Həmin yerləşmə cizgisində torpaq sahəsinin ortofoto görüntüsü, koordinatları və dəqiq yerləşməsi əks olunmuşdur. Belə olan halda cavabdehin imtinasında göstərilən əsaslar aradan qalxmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, hər hansı bir uyğunsuzluqların mövcud olması iddiaçının təqsiri üzündən baş verə bilməz. Cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu RİH başçısının 30 dekabr 1999-cu il tarixli, 1497 №-li Sərəncamına əsasən Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ kənarında olan, 45 saylı sahədə İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar