Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4426/2025 10.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X6 Əmir oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1972-ci il təvəllüdlür. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibbi İnstitutunda ali təhsil almışdır (05 il 09 ay 12 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Nizami rayonu ərazisində yerləşən 325 №-li aptekdə sanitar (11 ay 29 gün); - xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cu il tarixədək (xx.xx.2005-ci il tarixədək 09 il 05 ay) Taun əleyhinə stansiyada həkim-interna, həkim-infeksionist (22 il 09 ay); - xx.xx.2024-cü il tarixdən hal-hazıradək Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Tibbi Sosial Ekspertiza xidmətinin təşkili departamentinin tibbi-sosial ekspertiza xidmətinin təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajınız 10 ildən az (9 il 5 ay (xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1990-cı il tarixdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. 1996-cı il tarixdə İnstitutu "Tibbi-profilaklitka işi” ixtisası üzrə bitirmişdir. X8 Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı ilə "həkim" ixtisası verilmişdir. İnstituta qəbul olmamışdan əvvəl xx.xx.1989-cu ildə Nizami rayonu ərazisində yerləşən 325 №-li aptekdə sanitar vəzifədində işləmişdir. xx.xx.1990-cı il tarixdə Universitetə qəbul olmuşdur. xx.xx.1996-cı il tarixdə Taun əleyhinə stansiyada həkiminterna vəzifəsində işə qəbul olmuşdur. xx.xx.1997-ci il tarixdə Taun əleyhinə stansiyada həkim-infeksionist vəzifəsinə qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdə Epidemioloji tədqiqat şöbəyə həkim-infeksionist keçirilmişdir. Əmək şəraiti zərərli hesab edildiyi üçün Nazirlər Kabineti tərəfindən təsdiq olunan Siyahının 320-ci maddəsinin 24-cü bölməsinə əsasən iş stajı ikiqat ölçüdə hesablanmalıdır. xx.xx.2016-cı il tarixdə stansiyanın epidemioloji tədqiqat şöbəsinin 0,5 ştat vahidi ilə həkim-infeksionist vəzifəsinə keçirilmişdir. xx.xx.2018ci il tarixdə stansiyanın nümunələrin qəbulu bölməsinə 0,5 ştat vahidi ilə həkim-infeksionist vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə stansiyanın nümunələrin qəbulu bölməsinə əvəzçilik üzrə 0,5 ştat vahidi ilə həkim-infeksionist vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a" yarımbəndinə əsasən (öz xahişi) ilə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlat Mərkəzinin səhiyyə mütəxəssislərinin sertifikasiyası şöbəsinə 1.0 ştat vahidi ilə şöbə müdiri vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu ildə akreditasiya şöbəsinə 1.0 ştat vahidi ilə şöbə müdiri vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (öz xahişi) ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə Aparatın Tibbi Sosial Ekspertiza xidmətinin təşkili departamentinin tibbi-sosial ekspertiza xidmətinin təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Bugünə qədər həmin vəzifədə çalışır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsdə həkim-infeksionist vəzifəsində işlədiyi dövrün ikiqat hesablanaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların, həmin maddənin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini sözügedən Qərarla təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsi üzrə qadınlara 52 yaşdan pensiya təyin edilməsi üçün isə aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur:
1. İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi);
2. İddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi staj tələbi);
3. İddiaçı 2-ci bənddə qeyd edilən stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli staj tələbi). İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuş və xx.xx.2024-cü il tarixdə 52 yaşı tamam olmuşdur. Belə ki, həmin maddəyə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 47-ci maddəsinə əsasən bu Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı xx.xx.2006-cı il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı ümumi iş stajı 43 il 8 ay 11 gün (xx.xx.2006-cı il tarixədək 25 il 7 ay 11 gün (xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 18 il 1 ay), güzəştli iş stajı isə 9 il 5 ay (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunverciliyin yuxarıda sadalanan ilk 2 tələbi təmin olunsa da, güzəştli iş stajına münasibətdə təmin edilməmişdir. Əlavə olaraq qeyd edirik ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68ci maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə işləmiş şəxslərin iş müddəti ikiqat ölçüdə hesablanır. Sözügedən maddənin tələbləri isə iddiaçının iş stajı hesablanarkən ona tətbiq edilmişdir (taun əleyhinə müəssisədə xx.xx.1996-xx.xx.2005-ci il tarixlərdə-09 il 04 ay 30 gün x2 = 18 il 10 ay). Qeyd olunanlardan göründüyü kimi, iddiaçının taun əleyhinə müəssisədə işlədiyi dövr (xx.xx.2005-ci il tarixədək) ikiqat hesablandıqdan sonra onun ümumi iş stajı tələb olunan (20 il) stajı tamamlasa da, güzəştli iş stajı 09 il 05 ay olmaqla tələb olunan (10 il) güzəştli iş stajı tamamlanmamışdır. Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)- 2019/2021 nömrəli qərarında məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimi əsaslandırılmışdır: “Göründüyü kimi, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün tələb olunan 20 ildən artıq ümumi iş stajı toplasa da, güzəştli iş stajı tələb olunan 10 ildən artıq stajının qarşılığında cəmi 5 il 09 ay olmuşdur. İddiaçının apelyasiya şikayətindəki “güzəştli arayışa əsasən o, həkim vəzifəsində 5 il 09 ay tam iş günü ərzində işləmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən onun cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə sığorta stajına daxil olmalı, 11 il 08 ay hesablanmalıdır” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Qanunun qeyd edilən müddəasından görünür ki, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikigat ölçüdə yalnız əmək pensiyası hüquq verən sığorta stajına daxil edilə bilər. Həmin dövrün güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi staja yenidən daxil edilməsi qanunun tələbinə ziddir və iddiaçının bu barədə dəlili əsassızdır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-474/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü pensiyanın təyin edilməsinə əsas təşkil edən sosial sığorta stajına daxil edərkən isə apellyasiya məhkəməsi düzgün qərar verməmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini qərarı qismən yəni, “xx.xx.2006-ci il tarixindən xx.xx.2007-ci İİ tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-139/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçının sığortaolunan kimi ilk dəfə 2008-ci ilin mart ayında qeydiyyata alındığı, həmin tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsistemində onun sığortaolunan kimi qeydiyyatda olması barədə məlumat olmadığı müəyyən edilmişdir. Beləliklə də, iddiaçının Zəngilan Rayon İstehlak Cəmiyyətində işlədiyi fəaliyyət dövrünün xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan hissəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsistemində məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində Zəngilan rayon İstehlak Cəmiyyətində faktiki işləmədiyindən, əmək haqqı almadığından və məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi dövrdə Zəngilan Rayon İstehlak Cəmiyyətində işləməsi əmək kitabçasında qeyd olunsa da, Zəngilan rayonu 1993cü il tarixdə işğal olunduğundan müəssisənin fəaliyyətinin faktiki olaraq dayanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından əmək kitabçasındakı qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1640/2023 nömrəli 2-1(102)-1030/2023 nömrəli və s qərarlarında da məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 482/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1 (102)-1410/2021, 2-1(102)- 131/2022, 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlar). Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özüözlüyündə əsas vermir. Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni, onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
“Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 24. Sığorta stajının hesablanmasında güzəştlər: 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; Maddə 47. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
“Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu: İ.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 68. İş stajının hesablanmasında güzəştlər Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti-ikiqat ölçüdə;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı: 22600000 XXİV. Səhiyyə və sosial təminat idarələri 22600000-1754a tauna qarşı idarələrdə məşğul olan işçilər
Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh iddaya qarşı etirazda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarına istinad etsədə, həmin qərarların hazırki mübahisəyə aidiyyəti yoxdur. Mübahisə üzrə iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi üçün aşağıdakı şərtlər tələb olunur:
1. İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi);
2. İddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi iş stajına malik olmalıdır (ümumi staj tələbi);
3. İddiaçı stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli staj tələbi). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, “...İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cu il tarixədək “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsində (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) həkim-infeksionist vəzifəsində işləmişdir. . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarın 2 №-li əlavəsinin 2 №-li Siyahısının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarələri) 22600000-1754a şifrəsi (tauna qarşı idarələrdə məşğul olan işçilər) Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin işçilərinə şamil olunur. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun “Sığorta stajının hesablanmasında güzəştlər” 24-cü Maddəsinin 24.0.3. bəndinə əsasən XTİNM işçilərinin iş müddəti ikiqat ölçüdə hesablanır.” Tərəflər arasında iş stajının hansı dövrlər üzrə hesablanması ilə bağlı mübahisə yoxdur. Mübahisə güzəştli iş stajı ikiqat hesablandıqdan sonra onun ümumi və ya güzəştli iş stajına daxil edilməli olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan da iddiaçının işlədiyi təşkilat tərəfindən verilmiş arayışı nəzərə alaraq onun xx.xx.1996-xx.xx.2005-ci illərdə işlədiyi dövrü güzəştli iş stajı kimi nəzərə alır, həmin dövrü ikiqat hesablayır, lakin bu zaman onu güzəştli staja deyil, ümumi staja daxil edir. Məhkəmə cavabdehin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, həm iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24cü maddəsinə, həm də iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Bir vəzifənin güzəştli iş stajı verən vəzifə olması, onun ikiqat hesablanması, lakin bu zaman ümumi staj kimi nəzərə alınması məntiqə sıxmır. Sanki həmin vəzifə ikiqat hesablanarkən güzəştli (zərərli) iş xüsusiyyətlərini itirir. Şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 71-ci maddəsinin X bölməsinə əsasən Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Cavabdeh orqan iddiaçının güzəştli iş stajını ikiqat hesablayaraq, onu ümumi staj kimi nəzərə alınmalı olmasının hüquqi əsasını nə imtina məktubunda, nə iddiaya etirazda göstərmiş, nədə ki, məhkəmə iclasında iştirak etmiş nümayəndəsi əsaslandıra bilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay; “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində tələb olunan güzəştli iş stajının (10 il) yarısını, yəni 5 il kimi hesablanmasını nəzərdə tutur. Əks halda həmin maddələr həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2163/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında kassasiya instasiyası məhkəməsinin mövqeyi eyni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X7