Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4427/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) “hüquqverici sənədlərin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMCyə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, 24.12.2004-cü il tarixli Sərəncamı ilə, Nəsimi rayonu, 28 May və Nizami küçələrinin arasındakı 710 və 713-cü məhəllələrdə, yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 1.30 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nin istifadəsinə verilməsinin, həmçinin həmin Sərəncam əsasında faktiki olaraq əldə edilmiş hüquqverici sənədlərin Cavabdeh3 (VÖEN- **********) adına keçirilməsi barədə Kooperativin sədri kimi Cavabdeh2 adından Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış razılıq məktubunun və həmin məktub əsasında hüquqlarının "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi barədə Bakı İcra Hakimiyyəti Başçısının 01.04.2014-cü il tarixli, 128 saylı Sərəncamının və bu Sərəncamla bağlı "xxxx" MMC-nin adına verilmiş digər bütün hüquqverici sənədlərin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən ayrı-ayrılıqda 100 min manat məbləğində pulun bərabər hissədə iddiaçıların xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, "xxxx" Mənzil Tikinti Kooperativinin Nizamnaməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində 0104-P65-40536 qeydlə, 20.07.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış və bununla əlaqədar olaraq Kooperativə Dövlət qeydiyyatı haqqında Şəhadətnamə ilə yanaşı, X1 Reyestrindən çıxarış da verilmişdir. Kooperativin Nizamnaməsinin 2.1-ci bəndində göstərilmişdir ki, "Kooperativin fəaliyyətinin məzmunu və məqsədi müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra kooperativ üzvlərinin, Azərbaycan vətəndaşlarının əmlak və pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının ödənilməsidir. Məhz bu səbəbdən də hazırki Kooperativin hər bir üzvü tərəfindən öz imkanklarından istifadə etməklə, Bakı şəhər İcra Hakimiyyətinin Başçısına rəsmi qaydada müraciət olunmuş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, 24.12.2004-cü il tarixli Sərəncamı ilə, onların müraciətləri müsbət dəyərləndirilərək, Nəsimi rayonu, 28 May və Nizami küçələrinin arasındakı 710 və 713-cü məhəllələrdə, yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 1,30 ha torpaq sahəsi icarə əsasında onların MTK-nın istifadəsinə verilmişdir. Bundan əlavə, həmin Sərəncamın 1.2-ci bəndinə əsasən "Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinləri qarşılıqlı razılaşma əsasında köçürülməsi; həmin məhəllədə yerləşən X3 qorunması, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsinin də, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin müvafiq razılığı əsasında təmin edilməsi onların Koopertivinə tapşırılmışdır. Həmçinin, həmin Sərəncamın müvafiq bəndləri əsasında, onlara ayrılmış torpaq sahəsi yerində qəbul edilərək, onun sanitar vəziyyətunə nəzarət həyata keçirilmiş layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarənin tapşırığı və inşaat pasportunda nəzərdə tutulan bütün şərtlər yerinə yetirilmişdir. Ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələşdirilməsi Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırıldıqdan sonra işçi layihəsi tam həcmdə Baş idarəyə təqdim edilmişdir. Bu işlərin yekunlaşdırılmasından sonra, üzürlü səbəblərdən, yəni Kooperativin üzvlərindən X4 xəstələnməsi ilə əlaqədar onun müalicəsinin aparılması, müalicə səmərə vermədiyindən onun vəfatı, bundan sonra isə Kooperativin digər üzvünün - X2 vəfatı və bundan sonra isə bu iş üzrə cavabdeh - Kooperativin üzvü Cavabdeh1 azadlıqdan məhrum edilməsi onların işlərinin başa çatdırılmasına maneçiliklər yaratmışdır. Koopretavin üzvləri X4 və X2 vəfatı ilə əlaqədar vərəsəliyin müəyyən edilməsində yaranmış anlaşılmazlıqlar da onların ümumi işlərinin həyata keçirilməsində müəyyən üzürlü ləngitmələrə gətirib çıxarmışdır. Hazırda da həmin vərəsəlik faktiki olaraq həll edilmiş və həmin vəfat etmiş şəxslərin vərəsəsi kimi bu iş üzrə İddiaçı2 müəyyən edilmişdir. Eyni zamanda digər İddiaçı1 tərəfindən nikahın pozulması ilə əlaqədar Xəzər Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmə işi ilə əlaqədar alınan sorğulardan məlum olmuşdur ki, "xxxx" MTK-nın üzvlərindən və bu iş üzrə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 onların xəbəri olmadan Bakı şəhər İcra Hakimiyyətinin Başçısına Kooperativin adından müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, 24.12.2004-cü il tarixli Sərəncamı ilə, Nəsimi rayonu, 28 May və Nizami küçələrinin arasındakı 710 və 713-cü məhəllələrdə, yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 1,30 ha torpaq sahəsinin icarə əsasında onların MTK-nın istifadəsinə verilməsinin, həmçinin həmin Sərəncam əsasında faktiki olaraq əldə edilmiş hüquqverici bütün sənədlərin Cavabdeh3 (VÖEN-**********) adına keçirilməsi barədə rəsmi məktub göndərilmişdir. Bununla da əlaqədar olaraq, qeyd olunan ünvanda yaşayış binalarının tikintisinə dair layihə sənədləri "xxxx" MTK-nin "razılıq məktubu" nəzərə alınmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01.04.2014-cü il tarixli 128 saylı Sərəncamı ilə Cavabdeh3n adına rəsmiləşdirilmiş və bu cür razılıq məktubu "xxxx" MTK-nın digər payçılarının xəbəri olmadan verilmiş olduğundan, eyni zamanda, hətta buna səlahiyyəti belə olmayan şəxs tərəfindən verildiyindən, həmin razılıq məktubunu onlar əsassız və qanunsuz hesab edirlər. Belə ki, bu cür məsələlərin həlli ancaq və ancaq Kooperativin ümumi Yığıncağının Qərarı ilə həll edilməli olduğu halda, bu məsələnin müzakirəsi ümumi yığıncağın müzakirəsinə çıxarılmamış və Kooperativin adından, nə onun sədri olmuş Cavabdeh2, nə də digər payçı Cavabdeh1, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, 24.12.2004-cü il tarixli Sərəncamı ilə, Nəsimi rayonu, 28 May və Nizami küçələrinin arasındakı 710 və 713-cü məhəllələrdə, yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 1,30 ha torpaq sahəsinin icarə əsasında onların MTK-nın istifadəsinə verilməsinin, həmçinin həmin Sərəncam əsasında faktiki olaraq əldə edilmiş hüquqverici bütün sənədlərin Cavabdeh3 (VÖEN-**********) adına keçirilməsi barədə rəsmi məktub göndərilməsi səlahiyyətləri verilməmişdir. Bundan başqa, "xxxx" Mənzil Tikinti Kooperativinin Nizamnaməsinin 7.2-ci bəndinə müvafiq olaraq, Cavabdeh2 X6 əsasında Kooperativin sədri kimi 2 dəfə 3 il müddətinə sədr seçilmiş və 2010-cu ildən sonra onun Kooperativin sədrinin səlahiyyətlərini icra etməsi əsassız və qanunsuz olmuşdur. Ona görə də onlar hesab edirlər ki, tərəflərindən mübahisələndirilən həmin məktub və onun əsasında verilmiş hüquqverici sənədlər etibarsız hesab edilməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən görünür ki, cavabdeh qismində Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC göstərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdehlər inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Eyni zamanda iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, 24.12.2004cü il tarixli Sərəncamı əsasında faktiki olaraq əldə edilmiş hüquqverici sənədlərin Cavabdeh3 adına keçirilməsi barədə Kooperativin sədri kimi Cavabdeh2 adından Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış razılıq məktubunun etibarsız hesab edilməsini tələb edir. Lakin məhkəmə qeyd edir ki, Cavabdeh2 inzibati orqan deyil, habelə qeyd olunan razılıq məktubu inzibati akt deyildir. Bundan başqa, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, 24.12.2004cü il tarixli Sərəncamının, Bakı İcra Hakimiyyəti Başçısının 01.04.2014-cü il tarixli, 128 saylı Sərəncamının və bu Sərəncamla bağlı "xxxx" MMC-nin adına verilmiş digər bütün hüquqverici sənədlərin etibarsız hesab edilməsini tələb etsə də, Bakı şəhər İcra Hakimiyyəti iddia ərizəsində cavabdeh qismində göstərilməmişdir. Halbuki hər bir cavabdeh və onların hər birinə qarşı yönəlmiş iddia tələbi iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbləri baxımından iddiaçılara hüquqi yardım göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, bununla əlaqədar iddiaçılar tərəfindən məhkəməyə hər hansı müraciət edilməmiş, iddia tələbi dəqiqləşdirilməmiş, nöqsanlar aradan qaldırılmamışdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1-ci bənd). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2-ci bənd). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4427/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4427/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver