Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4427/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mərhumun adına arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Texniki Universiteti üçün Əzizbəyov (indiki Xəzər) rayonu, Türkan qəsəbəsində ayrılmış “Təbriz” bağ yoldaşlığı təsərrüfatında 26 fevral 1994-cü il tarixli 15 (05/081) nömrəli orderə əsasən X3 verilmiş 0,10 ha sahəsinin xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, yaşayış sahəsinə münasibətdə mərhum X2 adına order mövcud olduğundan, hazırki mərhələdə onun torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsini tələb etmək hüququ yaranır. İddiaçı iddia tələbi üzrə eyniməzmunla ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar olunmamış, eyni bağçılıq-yoldaşlıq nəznində “15” saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqların pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar olunmamışdır. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq nəznində “15” saylı bağ sahəsinə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. Hal-hazırda X1 mülkiyyətindədir. Bundan əlavə, bağ sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X4 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Təbriz bağ yoldaşlığı təsərrüfatının 26 fevral 1994-cü il 15 nömrəli orderinə əsasən ayrılmış 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun atası X3 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsi üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:
1. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması. Eyni zamanda iddiaçının adının idarənin arxiv siyahısında aşkar olunmaması;
2. Eyni bağçılıq-yoldaşlıq nəznində “15” saylı bağ sahəsinin digər fiziki şəxsin mülkiyyətində olmasıdır. Məhkəmə ilkin olaraq müraciətin təmin olunmamasına dair birinci imtina əsasına münasibət bildirir. Qeyd olunmalıdır ki, qanunvericilik imperativ qaydada bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıda səciyyələnmiş sənədlərdən birinin olmasını şərtləndirmişdir: İcarə müqavilələri Sərəncamlar Orderlər Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Təkzib olunmaz haldır ki, iddiaçı məhkəmə icraatı zamanı bağ sahəsinin mərhum atası X3 ayrılmasını təsdiq edən orderi təqdim etmişdir ki, həmin sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmuşdur. Bunun müqabilində məhkəmə tərəfindən aidiyyəti inzibati orqanlara sorğular verilmiş, Azərbaycan Texniki Universiteti üçün Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində “Təbriz” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısının, ayrılmış ümumi bağ sahələrinin xəritəsinin, X3 15 saylı bağ sahəsinin ayrılmasına dair sənədlərin, o cümlədən orderin, həmin orderin verilməsinə əsas olmuş sənədlərin təqdim olunması tələb olunmuşdur. Məhkəməyə ünvanlanmış sorğuya cavab məktublarından görünür ki, Bakı şəhər X10 İcraiyyə Komitəsi tərəfindən Azərbaycan Texniki Universitetinin 143 əməkdaşına (üzvünə) Əzizbəyov rayonu, Türkan bağ massivində torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilmişdir. Bundan sonra müvafiq olaraq bağ sahələrinin Azərbaycan Texniki Universitetinin 143 əməkdaşına (üzvünə) ayrılması ilə bağlı siyahı tərtib olunmuş, bundan sonra isə Azərbaycan Texniki Universitetinin Əzizbəyov rayonu, Türkan qəsəbəsində yerlşən “Təbriz” bağçılıq yoldaşlığının Həmkərlar İttifaqı Komitəsinin 22 saylı 29 iyun 2007ci il tarixli protokolunun qərarına görə bağçılıq üzvlərinin torpaq sahələrinə görə dəqiqləşdirilmiş siyahısı tərtib olunmuşdur. Cavabdeh inzibati orqanın arxivində saxlanılan siyahıda isə ümumiyyətlə bağ sahəsinin mərhum X3 ayrılması ilə bağlı məlumat aşkar olunmamışdır. Digər tərəfdən isə Azərbaycan Təhsil İşləri X11 Azərbaycan Texniki Universiteti Həmkərlar İttifaqı Komitəsinin sorğuya cavab məktubundan da müəyyən olunmuşdur ki, Azərbaycan Texniki Universitetində 1990-1994-cu illərdə işdən azad olunan əməkdaşların siyahısında X2 adı aşkar olunmamış, həmçinin “Təbriz” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında da adı çəkilən şəxs ilə bağlı məlumat mövcud olmamışdır. Göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsinin onun mərhum atasına ayrıldığını iddia etsə də və bu halı təsdiq edən orderi məhkəməyə təqdim etsə də, torpaq sahəsinin mərhum A.Məmmədova ayrılmasını təsdiq edən hər hansı sənəd aşkar olunmamışdır. Əksinə, mərhum şəxsin ümumiyyətlə Azərbaycan Texniki Universitetinin 1990-1994-cu illərdə əməkdaşı olmaması və “Təbriz” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında da adı çəkilən şəxs ilə bağlı məlumat mövcud olmaması müəyyən edilmişdir. Diqqətəlayiq məqamlardan biri odur ki, Bakı şəhər X10 İcraiyyə Komitəsinin qərarına əsasən Türkan bağ massivində yerləşən torpaq sahələrinin məhz Azərbaycan Texniki Universitetinin əməkdaşlarına ayrılması nəzərdə tutulmuşdur. İddiaçının mərhum atası isə Azərbaycan Texniki Universitetinin əməkdaşı olmadığı təqdirdə, bağ sahəsinin ona ayrılmasını təsdiq edən orderin (iddiaçı tərəfindən təqdim olunmuş) mövcudluğu da ağlabatan deyildir. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş orderin, həmçinin orderin verilməsinə əsas olan sənədlər müəyyən olunmadığından, o cümlədən X5 Azərbaycan Texniki Universitetinin əməkdaşı olmadığından və ona bağ sahəsinin ayrılmasını təsdiq edən hər hansı sənəd aşkar olunmadığından, mərhum A.Məmmədovun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasından söhbət gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 110/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İşin materiallarında olan, «H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyinin Üzvlük Bileti»nin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən edilmədiyindən, həmin üzvlük bileti 2\67a saylı bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz” Göründüyü kimi oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, vətəndaşa bağ sahəsinin ayrılması ilə bağlı üzvlük kitabçası və ya protokoldan çıxarış, o cümlədən order bağçılıq-yoldaşlıq təsərüfatının üzvlərinin siyahısına uyğun olaraq verilməlidir. Məhkəmə cavabdehin ikinci imtina əsasına münasibət bildirir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh digər imtina əsası kimi eyni bağçılıq-yoldaşlıq nəznində “15” saylı bağ sahəsinin digər fiziki şəxsin mülkiyyətində olmasına istinad etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan müəyyən olunur ki, AzTU AHİK Məclisinin 05 avqust 1992-ci il tarixli iclasının 05 saylı protokolunun qərarına əsasən universitetin əməkdaşı X7 0,1 ha olmaqla 15 saylı sahənin verilməsi qərara alınmış, bununla bağlı vətəndaşa order verilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin X7 ayrılmasını təsdiq edən order, üzvlük kitabçası aşkar olunmuş, həmçinin həmin şəxsin adı dəqiqləşdirilmiş siyahıda öz əksini tapmışdır. Bundan başqa, torpaq sahəsinin X7 ayrılmasını təsdiq edən digər bir əsas - Azərbaycan Texniki Universitetinin məktubudur ki, həmin məktubda 15 saylı torpaq sahəsinin K.Qasımovaya ayrılması da öz təsdiqini tapmışdır. Son olaraq həmin torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş və adı çəkilən şəxsin torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüquqları müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi Azərbaycan Texniki Universitetinin əməkdaşı olmuş X7 ayrılmış, bunu təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcud olmuşdur ki, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində mülki əqd əsasında digər fiziki şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Beləliklə, işin faktiki hallarından məlum olduğu kimi, məhkəmə tərəfindən kifayət qədər aidiyyəti qurumlara sorğular verildiyi halda, mübahisə predmetini təşkil edən torpaq sahəsinin iddiaçının mərhum atasına ayrılması ilə bağlı hər hansı bir sənəd aşkar olunmamış, bununla da, şəxsin daşınmaz əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənədin olmaması qənaətinə gəlmək üçün əsas yaranmışdır. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun torpaq sahəsinin mərhuma məxsus olması ilə bağlı arayışın verilməsinin mtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov