Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4427/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “hərbi xidmətə qəbul edilmə” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edərək onun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi xidmətə qəbul edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü ildə Naxçıvan Muxtar Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətə qəbul edilmişdir. 13 il müddətində, yəni xx.xx.2016-cı il tarixədək həmin Nazirlikdə hərbi xidmətdə olmuşdur. xx.xx.2016-cı il tarixdə Naxçıvan MR DTX-nin 26 şh № li əmri ilə "Hərbi xıdmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "q” bəndinə (ştatların ixtisarı və təşkilatı tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə mümkün olmadıqda) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Naxçıvan MR-dan Bakı şəhərinə gəldikdən sonra hərbi xidmətini davam etdirmək üçün müxtəlif qurumlara müraciətləri olmuşdur. Lakin müraciət etdiyi bütün orqanlardan səbəbi göstərilmədən hərbi xidmətə qəbul edilməyinin mümkünsüzlüyü barədə cavablar göndərilmişdir. Cavabdehə də müxtəlif vaxtlarda müraciətlərinə heç bir əsas göstərmədən hərbi xidmətə qəbul edilməyinin mümkün olmadığı bildirilmişdir. Sonuncu imtina məktubunda cavabdeh bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Müsahibə Komissiyasının” rəyinə uyğun olaraq Xidmətə həqiqi hərbi xidmətə qəbul edilməyi məqsədəuyğun hesab edilməmişdir. Cavabdehə etdiyi xx.xx.2024-cü il tarixli müraciətinə isə hər hansı bir cavab verilməmişdir. İddiaçının hərbi xidmətə qəbul edilməyi cavabdehin diskression səlahiyyətinə aid məsələdir. Lakin inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskression səlahiyyətlərindən qanunvericliyin tələblərinə uyğun olaraq istifadə etməli, inzibati məhkəmənin də orqanın bu səlahiyyətindən qanunvericiliyin tələblərinə uyğun istifadə edib-etməməsinə nəzarət imkanı olmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək həqiqi hərbi xidmətə qəbul edilməsini xahiş etmişdir. Şəxslər Xidmətdə həqiqi hərbi xidmətə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin tələbləri rəhbər tutulmaqla qəbul edilirlər. Yəni vətəndaşların Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edilməsi Xidmət rəisinin müstəsna səlahiyyətidir. O cümlədən, Xidmətdə namizədlərin seçilməsi, öyrənilməsi müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından, fiziki hazırlıq məqbullarından və müsahibədən ibarətdir. İddiaçı xx.xx.2024cü il tarixdə Xidmətin Müsahibə Komissiyasında iştirak etmiş və onun bilik və hazırlıq səviyyəsi qənaətbəxş olmadığına görə həqiqi hərbi xidmətə qəbul olunması məsələsinə baxılması dayandırılmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə Xidmətə ərizə ilə müraciət edərək həqiqi hərbi xidmətə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının vətəndaşları zabitlərin həqiqi hərbi xidmətinə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən qəbul edilirlər. Namizədlərin seçilməsi, öyrənilməsi müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından, fiziki hazırlıq məqbullarından və müsahibədən ibarətdir. Həmçinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar seçilən namizəd aşağıdakı xüsusiyyətlərə və mənəvi keyfiyyətlərə malik olmalıdır: -Azərbaycan xalqına və dövlətinə sədaqətli, mənəvi saf olmalı, xidməti mənafeyi şəxsi maraqdan üstün tutmalı, cəmiyyətdə baş verən hadisələri milli mənafe baxımından düzgün qiymətləndirməyi və dövlət sirrini saxlamağı bacarmalı; yüksək bilik səviyyəsinə, geniş dünyagörüşünə malik, dürüst, işgüzar, təşəbbüskar, təvazökar olmalı; -vətəndaşlarla işləmək, öz fəaliyyətinə tənqidi yanaşmaq, fikrini səlist və məntiqlə ifadə etmək və təşkilatçılıq bacarığına malik olmalı, kompüterdə tələb olunan səviyyədə işləməyi bacarmalı (sürücü, xadimə və gözətçilər istisna olmaqla); -həqiqi hərbi xidmətə qəbulla əlaqədar seçilən namizədlər bu keyfiyyətlərlə yanaşı, həqiqi hərbi xidmətlə bağlı çətinlikləri dəf etmək üçün dözümlü, fiziki və psixoloji cəhətdən sağlam, cəsarətli, zirək olmalı, mürəkkəb şəraitdə düzgün və məntiqli qərar qəbul etməyi bacarmalı; -namizədlər ümumi peşə tələbləri ilə yanaşı fəaliyyət istiqamətlərindən, habelə konkret vəzifənin xüsusiyyətlərindən irəli gələn digər iş keyfiyyətlərinə də (texniki, hüquqi, xarici dil və digər sahələr üzrə biliklərə) malik olmalıdır. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə Xidmətin Müsahibə Komissiyasında iştirak etmiş və onun bilik və hazırlıq səviyyəsi qənaətbəxş olmadığına görə həqiqi hərbi xidmətə qəbul olunması məsələsinə baxılması dayandırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Müsahibə Komissiyasının xx.xx.2024-cü il tarixli, 5 nömrəli protokolunda göstərilmişdir ki, namizəd İddiaçı tərcümeyi-halı haqqında məlumatlar dinlənildi. Bilik və hazırlıq səviyyəsini müəyyənləşdirmək məqsədilə ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətləri, hərbi qanunvericilik, eləcə də nə üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini seçməsi ilə Xidmətə nə kimi töhfə verəcəyi ilə bağlı suallar verildi. Komissiya üzvləri tərəfindən İddiaçı verdiyi cavablara əsasən bilik və hazırlıq səviyyəsi qənaətbəxş hesab edilmədi. Cavabdehin sonuncu xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun hərbi xidmətə qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda göstərilmişdir ki, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar (36.1.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamədə göstərilmişdir ki, Xidmətin rəisi vətəndaşları Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edir, onları işdən azad edir, ali zabit heyəti istisna olmaqla, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır (5.6.12.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul edilməsi və onların işdən azad edilməsi Xidmət rəisinin müstəsna səlahiyyətlərinə aiddir. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi xidmətə qəbulla bağlı cavabdehə müraciət etmişdir. Onunla bilik və hazırlıq səviyyəsinin yoxlanması üçün müsahibə keçirilmiş və müsahibə nəticəsində hazırlıq səviyyəsi qənaətbəxş olmadığına görə hərbi xidmətə qəbul olunması məsələsinə baxılması dayandırılmışdır. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir (2.0.7.). İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur (14.1.). Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2.). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3.). Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır (16.2.). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (61.3.). İPM-də göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (73.3.). İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır (74). Qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarında inizabti orqanın ona verilmiş diskresion səlahiyyətlər həddində qərar qəbul etmək azadlığının mövcud olduğu təsbit edilmişdir. Belə ki, diskresion səlahiyyət dedikdə inzibati orqana müəyyən şərtlər daxilində və müəyyən həddlərdə qərar qəbul etməkdə müstəqil olması, yəni iki və ya daha artıq seçim imkanında olduğu halda qəbul ediləcək qərarı seçməkdə tam səlahiyyətli olması nəzərdə tutulur. Lakin, inzibati orqan həmin seçimdə ədalətli olmalıdır. Məhkəmə tərəfindən inzibati orqanın diskresion səlahiyyətlərini məhz müəyyən edilmiş hədlər daxilində həyata keçirilməsinə nəzarət edilə bilər. Qiymətləndirmə azadlığı dedikdə isə diskresion səlahiyyətlər daxilində qəbul edilən inzibati aktın xüsusi növündən söhbət gedir ki, həmin inzibati aktın qəbul edilməsinə səbəb olan şərtlərin mövcud olub-olmasının qiymətləndirilməsi səlahiyyəti birbaşa inzibati orqana aid olur. Həmin şərtlərin mövcudluğunun qiymətləndirilməsi hər hansı digər orqan və ya məhkəmə tərəfindən həyata keçirilə bilməz. Göründüyü kimi şəxslərin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi xidmətə qəbul edilməsi Xidmət rəisinin səlahiyyətlərinə aiddir. Bunun üçün isə Xidmətin daxili qaydalarına əsasən müvafiq prosedurlar və tələblər müəyyən edilmişdir. İddiaçı həmin tələblərə uyğun gəlmədiyi üçün onun xidmətə qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə isə iddiaçının Xidmətə qəbulu ilə bağlı müvafiq tələblərə cavab verib-vermədiyini qiymətlənirməkdə səlahiyytli deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesabe dir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “hərbi xidmətə qəbul edilmə” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4427/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4427/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver