Məhkəmə qərarları › İş №2-1(112)-4430/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4430/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4430/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirlməsində iştirakının təmin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunur ki, iddiaçı 1994 – 1998-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin pedaqoji fakültəsində “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisası üzrə təhsil almışdır. Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Ali Tətbiqi Elmlər Kollecini 1998-ci ildə bitirmiş və ona AZ seriyalı 000749 nömrəli diplom verilmişdir. Həmin kolleci bitirdikdən sonra 1999 – 2000-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun yenidənhazırlama fakültəsində “ibtidai təhsil pedaqoqu və metodikası” ixtisası üzrə təhsil almışdır. Həmən institutu 2000-ci ildə bitirmiş və 003464 nömrəli diplomu almışdır. Diplom aldıqdan sonra artıq 25 ildir ki nöqsansız olaraq “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllimə işləyir. Bu fakt AR Təhsil Nazirliyi Kürdəmir Rayon Təhsil şöbəsi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli 32 nömrəli arayışla təsdiq edilir. Kürdəmir Rayon Təhsil şöbəsi xx xxxxxx 2012-ci il tarixində onun aldığı diplomların saxta olmasına əsaslanaraq, onunla bağlanan əmək müqaviləsini qanunsuz və əsassız olaraq ləğv etmişdir. Bununla bağlı iddiaçı işdən azad olunması əmrini ləğv edilməsi tələbi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon məhkəməsində mən sübut etirdimki mənim aldığım diplomlar saxta deyil və Kürdəmir Rayon Məhkəməsi 2(041)-209/2012 saylı xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə işdən azad olunma barədə əmri ləğv edərək, onu işə bərpa etmişdir. Artıq diplomların saxta olmadığı məhkəmə qətnaməsi əsasında sübuta yetirilmişdir. Hal-hazırda Respublikada müəllimlərin peşə səviyyəsini yüksəltmək üçün diaqnostik qiymətləndirmə imthanları keçirilir və o (iddiaçı), həmin imtahanlarda iştirak etmək üçün sənədlərini AR Təhsil Nazirliyinin Kürdəmir Rayon Təhsil şöbəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyindən öz növbəsində xx xxxxxx 2020-ci il tarixli K-535/31-24 saylı məktubu ilə cavab verilərək bildirilmişdir ki, Azərbaycan Ali Tətbiqi Elmlər Kollecini tərəfindən ona verilmiş AZ seriyalı 000749 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir, yəni saxtadır. Qeyd olunmalıdır ki, iddiaçı qanunsuz və əsasız olaraq AR Təhsil Nazirliyi tərəfindən müəllimlərin peşə səviyyəsini 'yüksəldmək üçün diaqnostik qiymətləndirmə imthanlarına buraxılmamışdır. AR Təhsil Nazirliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktubu aldıqdan sonra, o, ərizə ilə AR Təhsil Nazirliyinə müraciət edərək, ona təqdim edilmiş hər iki diplomun saxta olmağını sübut edən sənədləri və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-209/2012 saylı xx xxxx 2012-ci il tarixli qətnaməsini təqdim etmişdir. AR Təhsil Nazirliyi öz növbəsində x xxxxx 2020-ci il tarixli, K- 535 01/09-24 saylı məktubu ilə ona cavab verərək bildirmişdir ki, hal-hazırda müəllimlərin sertifikasiya qaydaları hazırlanma prosesindədir. Müəllimlərin sertifıkasiya imtahanlarına yalnız müəllimlərin peşə səviyyəsini yüksəldmək üçün diaqnostik qiymətləndirmə imtahanlarını müvəfəqiyyətlə vermiş müəllimlər, sertifıkasiya imtahanlarına buraxılırlar. AR Təhsil Nazirliyinin qanunsuz və əsassız qərarına görə onu müəllimlərin peşə səviyyəsini yüksəltmək üçün diaqnostik qiymətləndirmə imtahanlarına buraxmamışlar ki, o (iddiaçı), imtahanı verərək sertifikasiya imtahanlarında iştirak edə bilsin. Bundan əlavə olaraq, AR Təhsil Nazirliyi Kürdəmir Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 32 nömrəli arayışda onun hansı məktəblərdə müəllimə kimi çalışmağını və artıq 20 ildir nöqsansız olaraq “Azərbaycan dili və ədəbiyyət müəllimi” ixtisası üzrə işləməyini, habelə dövlət qulluqçusunun kiçik referenti vəzifəsində çalışdığını sübut edir. AR Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 994 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı müəllimlərin dərs yükünü və əməkhaqqının artırılmasına yönlənmişdir, lakın AR Təhsil Nazirliyi öz hərəkətləri ilə müəllimlərin peşə üzrə inkişafına və əməkhaqqların artırılmasına maneə törədir. Bundan əlavə olaraq qeyd edilir ki, mövcud mübahisə ilə bağlı digər şəxs tərəfindən analoji olaraq (yənı, eyni təhsil müəsisəsin diplomu) iddia vermişdir və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)3287/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərarın surəti iddia ərizəsinə əlavə edilir. Belə ki, AR Təhsil Nazirliyinin bu cür mübahisəli işlərlə bağlı artıq mövcüd praktikası vardır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, İPM-in 12, 14.3, 33.1, 33.2-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 8, 9, 14-cü maddələrinə, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 5.1, 27.1, 27.2-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2003-cü il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2010-cu il tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlətsənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 3-cü bəndinə əsaslanaraq, iddiaçının növbəti müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh AR Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47, 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə iddiaya qarşı təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddia tələbindən göründüyü kimi, iş üzrə iddiaçı 1994 – 1998-ci illərdə X1 Elmlər Kollecinin pedoqoji fakültəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə təhsil almış və ona ixtisası üzrə diplom verilmişdir. İddiaçı həmin diplomla ümumitəhsil müəssisəsində ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. İddia tələbi ilə əlaqədar olaraq Nazirlik bildirir ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli sənəd deyildir. Hesab edilir ki, AR Təhsil Nazirliyi iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamaqla heç birqaunun pozuntusuna yol verməmişdir. Belə ki, x xxxxxxx 1992-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 2-ci maddəsində dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri AR Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və AR Təhsil Nazirliyində onun adına hər hansı bir diplom blankı yazılmamışdır. Aparılan araşdırma zamanı iddiaçının diplomunu qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunveriviliyinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı saxta sənəd təqdim etməklə ümumitəhsil məktəbində müəllim kimi işə qəbul edilmiş, fəaliyyəti dövründə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuşdur. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. İddiaçıya məxsus diplom AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel, 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»na uyğun gəlmir. Digər tərəfdən, Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və onlara verilən diplom blankları AR Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Belə ki, 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçiilir. Lakin həmin şəxsin Kollecə testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamın icra ilə bağlı ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrinin pedoqoji kollektivinin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdığından, gələcəkdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə və «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 26, 27.2-ci maddələrinə, AR Əmək Məcəlləsinin 48-ci maddələrinə, İPM-in 73.3-cü maddəsinə əsaslanaraq, iddianın mümkün hesab edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 62.3-cü maddəsinə görə məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. İşin məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.29-cu maddəsinə görə kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Həmin Qanunun 14.1-ci maddəsinə görə təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Həmin Qanunun 14.5.5-ci maddəsinə görə təhsil müəssisəsinin tipləri və növlərinin sırasına orta ixtisas təhsili müəssisələri (kolleclər) də daxildir. Həmin Qanunun 21.1-ci maddəsinə görə orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Həmin Qanunun 21.2-ci maddəsinə görə orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. Həmin Qanunun 21.3-cü maddəsinə görə orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir. Həmin Qanunun 21.4-cü maddəsinə görə orta ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. Həmin Qanunun 27-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikasının xx xxxxxxx 1992-ci il tarixli Təhsil Qanununun (qüvvədən düşmüşdür) 10-cu maddəsinin İ və İİİ hossələrinə görə Azərbaycan Respublikasında həyata keçirilən təhsil proqramları bunlardır: ümumtəhsil proqramları; peşə-ixtisas təhsili proqramları. Peşə-ixtisas təhsili proqramlarına daxildir: texniki-peşə təhsili proqramları; orta ixtisas təhsili proqramları; ali ixtisas təhsili proqramları; ali təhsildən sonrakı ixtisas təhsili proqramları (ordinatura, magistratura, doktorantura və s). Həmin Qanunun 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun 11-ci maddəsinə görə təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur: Məktəbəqədər tərbiyə. Ümumi təhsil: ibtidai təhsil, əsas təhsil, orta təhsil. Peşəixtisas təhsili, texniki-peşə təhsili, orta ixtisas təhsili, ali ixtisas təhsili. Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s). Magistratura. Doktorantura. Məktəbdənkənar təlim və tərbiyə. Sərbəst təhsil. İxtisasartırma və kadrların yenidən hazırlığı. Həmin Qanunun 18-ci maddəsinə görə orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında» Əsasnamənin 8-ci bəndinə (8.5, 8.26-cı yarımbənd) görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 413 nömrəli qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, dövlət qeydiyyatından keçib sertifikat almamış öz özəl tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır. AR Təhsil Nazirliyinin x xxxxxxx 2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş «Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları»nın 1.2-ci bəndinə görə bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsil idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir. Qaydaların 2-ci bəndinə görə diaqnostik qiymətləndirilmənin məqsədi aşağıdakılardır: müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrindən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi. Qaydaların 3.1-ci bəndinə görə diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllimdefektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər. Məhkəmənin qənaəti belədir ki, hazırkı iddiaçıya təhsili üzrə diplom vermiş müəssisənin həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun fəaliyyət göstərməsi barədə yetərli sübutlar olmadığından, sözügedən diplom etibarsız qiymətləndirilir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi dövlət nümunəli diplom blanklarını qanunvericiliyə uyğun fəaliyyət göstərən təhsil müəssisələrinin məzmunlarına verə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçını ona Azərbaycan Ali Tətbiqi Elmlər Kolleci tərəfindən verilmiş AZ seriyalı 000749 nömrəli diplomun dövlət nümunəli olmaması əsası ilə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına buraxmamaqda haqlı olmuşdur. Cavabdehin hərəkətləri qanuna zidd sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar