Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4430/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Yasamal rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 il qüsursuz xidmətini nəzərə alaraq Müdafiə Nazirinin 19.07.2018-ci il tarixli 05.01 N-li əmrində “HXH” əsasnamənin 156 maddəsini “e” bəndinin 156 maddəsinin “j” bəndi ilə əvəz edilsinə və ev növbəsinə götürülməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, 1997 ci il sentyabr ayının 19-dan 2018-ci il iyul ayının 19-na kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidməti zabiti kimi həqiqi hərbi xidmətdə olub. 19 sentyabr 1997-ci ildən 2003-cü ilə kimi N saylı hərbi hissənin ƏTT və STQ-də tibb xidməti leytenantı kimi fəaliyyətə başlayıb və daha sonra tibb xidməti kapitanı kimi xidmət edib. 2003-cü ilin oktyabr ayının 10-dan MHKH-nın üz-çənə cərrahiyyəsi bölməsi bölməsinin baş ordinatoru vəzifəsində xidmət edib. 30.04.2008-ci ildə üz-çənə cərrahiyyəsi bölməsinin rəisi vəzifəsinə təyin olunub. 2008-2016-cı illərdə SQ BKH-da üz-çənə cərrahiyyəsi bölməsinin rəisi vəzifəsində xidmət edib. Xidməti zərurətlə əlaqədar 3 iyun 2016-cı il tarixdə X1 Hospitalının Otorinolaringologiya və üz-çənə cərrahiyyəsi bölməsinin rəisi vəzifəsinə təyin olunub. 19.08.2018 ci il tarixdə ordu sıralarından tərxis olunub. Qeyd edir ki, 20 il qüsursuz xidmət edib. Qüsursuz xidmətinə görə də müvafiq orden və medallarla təltif olunub. Xidmət müddət dövründə İ Qarabağ müharibəsi, 2016-cı ilin Aprel hadisələri, Naxçıvanda Günnüt əməliyyatı və sonunda İİ vətən müharibəsində könüllü iştirak edib. Xidmət etdiyi müddət ərzində 2000-dən çox yaralı əsgər və zabitləri müxtəlif xəsarətlər aldıqqları üçün cərrahi müdaxilələri şəxsən icra edib. SQ BKH-ın üz-çənə cərrahiyyəsi bölməsinin yenidən yaradılması, müasir əməliyyatların icrası və yeni həkim mütəxəsis kadırlarının yetişdirilməsi üçün əlindən gələni edib. SQ BKH-ın üz-çənə cərrahiyyəsi bölməsində onun rəhbərlik etdiyi müddətdə letallıq sıfır olmuşdur, yəni ölüm halı olmamışdır. Bir neçə yeni cərrahi üsulları ilk dəfə olaraq imza atıb. 22 illik cərrahi təcrübəyə əsaslanaraq 2 ədəd kitab yazıb nəşr etdirib. Bunların hər ikisi dərs vəsaiti və tədris vəsaiti kimi istifadə edilir. Bir neçə kliniki protokolların müəllifidir. 2019-cu ildə “Kraniomaksillofasial odlu silah yaralanmaları və travmalarında rekonstruktiv və korrektiv sümük cərrahiyyəsi və internal fıksasiyanın prinsipləri” dərs vəsaiti dərc olunmuşdur. 2020-ci ildə “Oral və Kraniomaksillofasial cərrahiyyə Atlası” nəşr edilib. 19.07.2018-ci il tarixdə 156 “e” maddəsi, yəni xidməti uyğunsuzluqla Ordu sıralarından təxris olunub. 21 il xidmət etmiş zabiti xidmətlərini nəzərə almadan, hərbi həkim komissiyasına göndərmədən tərxis olunub. Təxris olunandan sonra Yasamal rayon hərbi komissarlığının göndərişi ilə SQ BKH da stasionar şəraitdə şəhadətləndirilub. Ordudan tərxis olunandan sonra yaşadığım Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 34 nömrəli, 03.02.2020-ci il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilib. Lakin müəyyən müddət sonra “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156 cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılmağı əsas götürülərək Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 278 nömrəli 19.10. 2021 -ci il tarixli Sərəncamı ilə üzrə ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotu və mənzil-uçot siyahısından çıxarılıb. Qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şikayət ərizəsi ilə müraciət edib. MN-nin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmış, 31.08.2020 N-l / M-l 1590 tarixli və nömrəli qərarla ərizəsinin tələbləri rədd edilmişdir.
3. İddiaçının müraciətinə cavab olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 34 nömrəli, 03.02.2020-ci il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilib. “Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılmağınız səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən mənzil növbəsinə götürülməyiniz nəzərdə tutulmadığından Yasamal rayon İcra Hakimiyyəti Başçısının 278 nömrəli, 19.10.2021-ci il tarixli Sərəncamı ilə siz Yasamal rayon İcra Hakimiyyətinin ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılıb. Qeyd olunan məsələ ilə əlaqədar xahişinin yerinə yetirilməsi mümkün deyildir.
4. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göndərilək izah edilmişdir ki, cavabdeh qismində göstərilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir. Bununla əlaqədar, cavabdehlərin və iddia tələbinin dəqiqləşdirilməsi və məhkəməyə Müdafiə Nazirliyinin 19.07.2018-ci il tarixli, 05.01 nömrəli əmrinin təqdim olunma tarixinin bildirilməsi təklif olunmuşdur.
5. İddiaçının ərizəsi əsasında məhkəmənin 28.12.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinin cavabdeh qismində iştirakına xitam verilərək, cavabdeh qismində yalnız Azərbaycan Respublilkasının Müdafiə Nazirliyinin iştirakı nəzərə alınmışdır.
6. İddiaçının Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığı ərizəyə cavab olaraq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsi tərəfindən 31.08.2020-ci il tarixdə bildirilmişdir ki, o, həqiqi hərbi xidmətdə olduğu zaman hərbi hissə komandiri tərəfindən təqdim olunmuş təqdimat əsasında Azərbaycan Respublikası Müdafiə nazirinin 19.07.2018-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılıb. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilmədiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyul 2018-ci il tarixli müvafiq əmrinin dəyişdirilməsinə əsas yoxdur. II. İddianın növü və mümkünlüyü
7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
8. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Azərbaycan Respublikası Müdafiə nazirinin 19.07.2018-ci il tarixli əmrinin dəyişdirilməsini və ev növbəsinə götürülməsini tələb edir. Odur ki, iddianın növü əmrin dəyişdirilməsi hissəsində mübahisələndirməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəasinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından
9. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).
10. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
12. İddiaçı həmin əmrin ona xidmətdən tərxis olunduqdan sonra 2018-ci ildə təqdim edildiyini bildirir. Azərbaycan Respublikası Müdafiə nazirinin 19.07.2018-ci il tarixli əmri barədə iddiaçıya təqdim edilməsi tarixi dəqiq müəyyən olunmasa da, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, həmin əmrin ona verilmədiyini mübahisələndirmir.
13. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi təklif edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcud olmadığını bildirmişdir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
14. Tələbin ev növbəsinə götürülməsi hissəsində isə məhkəmə qeyd edir ki, həmin hissədə iddianın növü öhdəliyin icrasında dair iddiadır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Tələbin ev növbəsinə götürülməsi hissəsində isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanunun 12-ci maddəsinin 2ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva