Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4431/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları
1. Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə bələdiyyəsi (bundan sonra – cavabdeh) 14.01.2021-ci il tarixdə İddiaçı (bundan sonra –iddiaçı) ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 2517,95 manat məbləğində borcun Cavabdehin büdcəsinə ödənilməsinə məcbur edilməsi barədə 01/01 nömrəli qərar qəbul etmişdir.
2. Qərar 01.02.2021-ci il tarixdə icraya yönəldilmiş, 02.02.2021-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə İddiaçıya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir.
3. Bundan sonra 18.02.2021-ci il tarixdə İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14.01.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçıya 07.12.2020-ci il tarixli, RB/343 saylı xəbərdarlıq məktubu ünvanlayaraq torpaq və əmlak vergisi üzrə yaranmış 2357.07 manat borcunun bələdiyyə büdcəsinə ödənilməli olduğu barədə məlumat vermişdir. İddiaçı borcunun yaranmasının əsasları barədə yazılı məlumat istəmiş, lakin cavabdeh tərəfindən bununla bağlı heç bir məlumat verilməmiş, borcu dərhal ödəməli olduğu bildirilmişdir. Bu səbəbdən iddiaçı borcu ödəməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin 02 fevral 2021-ci il tarixli 24050/2021-2 saylı Bildirişi cavabddehə olan borcun könüllü icrası təklif olunmuşdur. İddiaçıya məlum olmuşdur ki, cavabdeh 14.01.2021-ci il tarixdə 01/01 saylı Qərar qəbul etmiş, həmin qərarla onun torpaq sahəsinə və əmlaka görə yaranmış borcunun Bələdiyyənin büdcəsinə ödənilməsinə məcbur edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş tədiyyə bildirişləri əsasında bütün borclarını vaxtında ödədiyini qeyd edən iddiaçı cavabdehin qərarını əsassız hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh iddia tələbinə dair etiraz təqdim etməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi, və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. 21.05.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, bələdiyyənin vergi xidməti orqanında 2006-cı il tarixində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi olmuş X1 adına YVÖK (yerli vergi ödəyici kodu) açılmış və qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada hesablamalar aparılmışdır. Hesablanmış illik vergi məbləği torpaq vergisi üzrə 2,58 (iki manat, 58 qəp) manat, əmlak vergisi üzrə isə 263,30 (iki yüz altmış üç manat, 30 qəp) manat olmaqla cəmi 265,88 (iki yüz altmış beş manat, 88 qəp) manat müəyyən edilmişdir. Hesablanmış həmin məbləğdən 2007-ci il tarixində cəmi 52,50 manat (əmlak vergisi üzrə 50 manat, torpaq vergisi üzrə 2,50 manat olmaqla), 2009-cu il tarixində əmlak vergisi üzrə cəmi 75,20 manat və 2012-ci il tarixdə isə cəmi 110 manat (əmlak vergisi üzrə 100 manat, torpaq vergisi üzrə 10 manat olmaqla) ödənilmişdir. Məhz bunun nəticəsidir ki, yaranmış vergi borcu ilə bağlı evin əvvəlki sahibi olmuş X1 adına 17.11.2009-cu il tarixdə, 30.12.2012-ci il tarixdə, 28.12.2013-cü il tarixdə, 01.09.2014-cü il tarixdə və eləcə də 10.03.2015-ci il tarixdə xəbərdarlıq məktubları ünvanlanmışdır. Nəhayət 2015-ci il tarixdə M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən həmin 48 saylı fərdi yaşayış evinə görə açılmış şəxsi hesab kodu evin hazırkı sahibi İddiaçı bələdiyyəyə etdiyi müraciəti əsasında adına dəyişdirildikdən sonra yaranmış vergi borcu onun tərəfindən bələdiyyənin büdcəsinə ödənilməyə başlanılmışdır. İddiaçı tərəfindən 2015-2020-ci illər ərzində cəmi 772,75 ( yeddi yüz yetmiş iki manat, 75 qəp) manat ödənilmişdir ki, vergilər üzrə ödənilmiş bu borc məbləği də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq sıra ardıcıllığına əsasən rəsmiləşdirilmişdir. III. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Çünki iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı inzibati orqan tərəfindən onun barəsində qəbul olunmuş qərarı mübahisələndirir ki, deməli, İddiaçının hazırkı iddianı qaldırmaq səlahiyyəti mövcuddur. İddia müddəti ötürülməmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM) 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər). İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən qərardan icra mərhələsində xəbər tutduğunu bildirmiş, cavadeh isə bu halın əksini təsdiq edən sənədləri, yəni mübahisələndirilən qərarın hansı tarixdə iddiaçıya təqdim edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir.
10. İddia həm də əsaslıdır. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -maddə 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. -maddə 5.1. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1- 1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. - maddə 7.1. qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. - maddə 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir.
11. Həmin normaya uyğun olaraq Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: - maddə 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək ələdiyyə vergi xidməti orqanının hüququdur; - maddə 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. - maddə 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - maddə 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. - maddə 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. - maddə 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. - maddə 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. - maddə 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
12. Sadalanan normalardan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin borcun ödənilməsi ilə bağlı qərarı bələdiyyə qəbul etmir. Bu zaman:
1. bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir;
2. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir;
3. bələdiyyə həmin akta baxaraq ödəyiciyə münasibətdə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır;
4. çıxarılmış qərarın surəti və vergi borcunun ödənilməsi barədə tələbnamə ödəyiciyə göndərilir.
5. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödəmədikdə, bələdiyyə vaxtı keçmiş borcların məcburi qaydada alınması üçün vergi xidməti orqanının təqdimatı əsasında məhkəməyə müraciət edir.
13. Lakin işin hazırkı hallarından müəyyən olunur ki, Cavabdeh qeyd olunan qanunun tələblərinə əməl etməmiş, İddiaçını öz qərarı ilə hesablanmış vergi borcunu ödəməyə məcbur etmiş və bu qərarı icraya yönəltmişdir.
14. Doğrudur, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.2ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı müəyyən edilmişdir.
15. Digər tərəfdən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Vergi Məcəlləsi (bundan sonra - VM) vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. VM-nin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
16. VM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. VM-in 2.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.
17. “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.09.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Buna görə də cavabdehin ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə istinad edərək hazırda mübahisələndirilən qərarı qəbul etməsi qanuni hesab edilə bilməz.
19. Məhkəmə həmçinin qeyd edir ki, vergi qanunvericiliyi vergi orqanlarının ondan irəli gələn hüquqlarının həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.
20. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.03.2011-ci il tarixli Qərarı).
21. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş “Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüsü Hacıyev küçəsində yerləşən 48 saylı fərdi yaşayış evinə görə əmlak və torpaq vergisi üzrə yaranmış borc haqqında” Arayışdan görünür ki, Cavabdehin İddiaçıya hesabladığı vergi borcu 2006-cı ildən 2014-cü il tarixədək hesablanmış vergi borcudur ki, həmin borcun tələb edilməsi ilə bağlı 2021-ci ildə qərar qəbul etmişdir.
22. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 14 yanvar 2021-ci il tarixli 01/01 nömrəli qərarı vergi qanunuvericiliyinin tələblərini pozmaqla qəbul etdiyindən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 5.10-cu maddəsinin tələbi də nəzərə alınaraq, iddia təmin edilməli və həmin qərar ləğv olunmalıdır.
23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə bələdiyyəsinin 14 yanvar 2021-ci il tarixli 01/01 nömrəli qərarı ləğv olunsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova