Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4431/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar X4 və X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid ailəsi kimi iddiaçının və oğlu X6 ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu üçün şəhid ailəsi kimi qanunvericiliyə uyğun olaraq mənzil verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək güzəştli mənzil növbəsində olması səbəbi ilə onun mənzillə təmin edilməsini xahiş etmiş və bu halı onunla əsaslandırmışdır ki, onun həyat yoldaşının mülkiyyətində fərdi yaşayış evi olsa da, həmin fərdi yaşayış evinin minimum norması adambaşına nəzərdə tutulan yaşayış minimumundan azdır. İddiaçı hazırki iddia tələbi üzrə eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Sonradan iddiaçı ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.12.2021-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İddiaçı oğlundan X5 iddiaçı qismində tanınması və şəhid ailəsi üzvü kimi onlara mənzil verilməsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.04.2022-ci il tarixli qərardadı ilə X5 iş üzrə iddiaçı qismində məhkəmə icraatının iştirakçısı kimi tanınması qərara alınmışdır. Cavabdeh iddia tələbinə münasibətdə bildirmişdir ki, vətəndaş İddiaçı 14.01.2021-ci il tarixində mənzil şəraiti yaxşılaşdırmaq məqsədilə 6 (altı) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamın icrası çərçivəsində vətəndaşın mənzillə təmin olunmağı üçün təqdim edilmiş sənədlərə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında həyat yoldaşı X5 mülkiyyətində daşınmaz əmlakın –ünvan 1 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evinin, gəlini X2 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olak iki otaqlı 3 nömrəli mənzilin olduğu aşkar edilmişdir. İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Doğrudur ki, Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında şəhid ailələr üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuşdur. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı xüsusi səbəblər əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. Hazırki işin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 14.01.2021-ci il tarixli, 05 №-li Sərəncamı ilə İddiaçı 6 nəfər ailə tərkibi (özü, arvadı, oğlu Sərxan, gəlini, 2 nəvəsi) ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. Yerli icra hakimiyyəti tərəfindən Sərəncamın qəbul edilməsində əsas iddiaçının şəhid ailəsi üçün nəzərdə tutulmuş güzəştli imtiyazlardan istifadəsidir. Belə ki, sözügedən sərəncamın və digər inzibati orqanlar tərəfindən verilmiş arayışların surətindən görünür ki, iddiaçının oğlu baş leytenant X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən baş leytenant X10 “şəhid”, onun ailəsi isə “şəhid ailəsi” hesab edilmişdir. Bununla əlaqədar olaraq yerli icra hakimiyyəti Mənzil Məcəlləsinin 51-ci maddəsinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü bəndinə istinad edərək iddiaçının 6 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini həyata keçirmişdir. Hazırda iddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzillə təmin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, X5 (iddiaçının yoldaşı) mülkiyyətində 118,4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, X2 (gəlini) isə 53,7 kv.m mənzil qeydiyyatdan keçdiyindən və iddiaçı adaşbaşına düşən minimum yaşayış sahəsinə malik olduğundan, o, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik deyildir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olan şəxslərin əhatə dairəsinə düşüb-düşmədiyi, həmçinin hazırda adambaşına düşən minimum yaşayış sahəsinin normasının nə qədər təşkil etməsidir. Bu istiqamətdə qiymətləndirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 4.0 və 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar. 49.4.Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarından da göründüyü kimi sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələr əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Sadalanan maddi hüquq normalarının tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. İddiaçının məhkəmə iclasında da qeyd etdiyi kimi müəyyən edilir ki, doğrudur ki, ümumi sahəsi olan 118,4 kv.m olan fərdi yaşayış evi və onun altında yerləşən 0,0132 ha torpaq sahəsi iddiaçı X5 mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, iddiaçılardan birinin mülkiyyətində fərdi yaşayış evinin olması onların (bundan sonra iddiaçıların) sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum etməməlidir. Belə ki, İddiaçı güzəştli mənzil növbəsinə götürülərkən, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 6 nəfər ailə üzvündən ibarət olmuşdur. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir. Buna baxmayaraq iddiaçı X5 mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 118,4 kv.m təşkil etsə də, bu sahədən yalnız 39,7 kv.m olan hissəsi yaşayış üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçıların ailə tərkibi özləri də daxil olmaqla 6 nəfər olduğu halda, onların yaşadığı mənzilin və ya fərdi yaşayış evinin yaşayış sahəsi azı 96 kv.m (16 kv.m x 6 nəfər) təşkil etməlidir ki, hazırda iddiaçıların belə ölçüdə mənzilə sahib olduğları müşahidə olunmur. Belə olan halda iddiaçının mülkiyətində olan mənzil üzrə iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından aşağıdır. Məhkəmə cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, hər nə qədər cavabdeh hazırda adambaşına düşən normanın 8 kv.m olduğunu iddia etsə də, məhkəmənin qənaətinə görə hazırda bu norma 16 kv.m təşkil edir. Doğrudur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlı uçota götürməyin və yaşayış sahəslərini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndində yaşayış sahəsinin vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilməsi göstərilmişdir. Qeyd olunmalıdır ki, hüquqi baxımdan adambaşı yaşayış sahəsinin normasının 8 kv.m olması ilə bağlı müddəa Azərbaycanın SSR dövrünə aid olmuşdur ki, hazırda yenilənmiş normalara əsasən Azərbaycan Respublikasının ərazisində yaşayış minimumunun norması adambaşı 16 kv.m təşkil edir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçılar sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olan şəxlər hesab olunurlar. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçıların digər gəlinləri olan şəhid X6 həyat yoldaşı X2 mənzillə təmin edilməsi iddiaçıların ziyanına şərh edilməməlidir. Belə ki, şəhid X6 həyat yoldaşı X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilməmişdir. Həmin mənzil üzrə sahiblik, istifadə və sərəncam hüquqları "xxxx" MMC tərəfindən bağışlama yolu ilə X1. Doğrudur ki, həmin mənzilin yaşayış sahəsi 30,3 kv.m təşkil edir. Məhkəmə diqqətə çatdırır ki, hətta hər iki əmlakın yaşayış sahələrini (30,3+39,7 = 70 kv.m) cəmlədikdə belə, iddiaçılara və onların ailə üzvlərinə düşən sahə uçot norması tələb olunan normadan aşağıdır. Bundan başqa isə Məhkəmə qeyd etmək istəyir ki, hər nə qədər də şəhid X6 həyat yoldaşı X7 mənzillə təmin olunsa da, həmin mənzil məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi verilməmişdir. Halbuki, qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Buna baxmayaraq, nə iddiaçılar (valideyinləri), nədəki şəhid X6 həyat yoldaşı və uşağları mənzillə təmin olunmamışdırlar. Halbuki, şəhid X6 valideyinləri, yəni hazırki iddiaçılar sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olan şəxlər hesab olunurlar. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. X5 və X4 şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsində olması ilə bağlı onlara (iddiaçılara) mənzil verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov