Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4431/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat kontoruna qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzilinə dair X6, ardınca isə müvafiq payda (1/3 hissədə) iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzilinin 19 iyul 2019-cu il tarixdə vəfat etmiş mülkiyyətçisi X7 iddiaçının atası X6 xalası olmuşdur. X7 19 iyul 2019-cu il tarixdə, onun yeganə övladı və qanun üzrə vərəsəsi olan X4 isə mirası qəbul etmədən 19 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5-ci maddəsinə əsasən, beşinci növbədə vərəsə olan X8 Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzili faktiki qəbul etmiş və mənzil onun sahibliyində və istifadəsində olmuşdur. Bununla bağlı X8 vərəsəlik hüququna dair müvafiq şəhadətnamənin alınması üçün 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə müraciət etsə də, Mərkəzin notariusu tərəfindən bundan imtina edilmişdir. Bundan sonra X8 Sabunçu Rayon Məhkəməsinə «vərəsəlik hüququnun müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 nömrəli 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8568/2020 nömrəli 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, X8 19 iyul 2019-cu il tarixdə vəfat etmiş X1 üzrə vərəsəsi hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2843/2022 nömrəli 31 may 2022-ci il tarixli qərarı ilə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata işə məhz məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Belə ki, Ali Məhkəmənin 31 may 2022-ci il tarixli qərarın 9-cu vərəqində olan 45-ci bəndində qeyd olunur ki, “... Hazırkı işdə iddiaçının miras qoyanla qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar vardır və vərəsə hesab edilməsinin məhkəmə təsdiqinə zərurət yoxdur. Belə olduğu təqdirdə iddia tələbi məhkəmədə baxılan tələblərə aid deyildir.”. Yəni artıq qanuni qüvvəyə minmiş akt ilə müəyyən olunmuşdur ki, iddiaçı X6 miras qoyan X7 ilə qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar artıq mövcuddur, bu münasibətlərinin müəyyən edilməsinə zərurət yoxdur, sadəcə bu məsələyə məhkəmədə baxılmalı deyil, müvafiq notarius tərəfindən həll edilməlidir. X8 07 may 2022-ci il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsə olmağına dair iddiaçıya müvafiq şəhadətnamə verilmişdir. Miras əmlakı olan Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin müddəalarına müvafiq olaraq iddiaçı və anası X3 faktiki sahiblik edirlər, həmin mənzil bu günə qədər sonuncuların faktiki sahibliyində və istifadəsindədir. Bununla bağlı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2843/2022 nömrəli 31 may 2022-ci il tarixli qərarının müddəalarına əsaslanaraq iddiaçı cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzilə dair X6, ardınca isə müvafiq payda (1/3 hissədə) iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
7. Məhkəmə araşdırması nəticəsində müəyyən etdi ki, iddiaçı hazırda cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun üzərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ona verilməsi öhdəliyinin qoyulmasını xahiş edir.
8. İddia ərizəsində irəli sürülən tələb inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə hesab edir ki, notariat kontoruna qarşı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.
9. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir: Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.
10. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, həmin qəbildən olan işlərə baxılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən araşdırılmalıdır. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
12. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
13. Odur ki, Ali Məhkəmənin Plenumunun istinad edilən qərarında (10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində) ifadə edilmiş hüquqi mövqeyə görə, belə tələblərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva