Məhkəmə qərarları › İş №2-1(112)-4432/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4432/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4432/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı “adın dəyişdirilməsi və yeni şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.1992-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. Onun əvvəlki adı "Xəqani" olmuş, xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzinin rəyinə əsasən adı “Xəqani”dən “Xəyal”a dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı adının növbəti dəfə dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, lakin cavabdeh ərizəsini təmin etməkdən imtina edərək xx.xx.2021-ci il tarixli 05/12-188/15 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3cü bəndində göstərildiyi kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının “Xəyal”dan “Xəqani”yə dəyişdirilməsi, əvvəllər verilmiş şəhadətnamələrin ləğv edilməsi və onun əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələrin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, peşman olduğu üçün əvvəlki adına qayıtmaq istədiyini, buna görə də iddia ərizəsinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və işin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 3 saylı ASAN xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1992-ci il təvəllüdlüdür, Bakı şəhəri, Səbail rayonu, 123 ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İ seriyalı, xx.xx.2018-ci il tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamənin surətinə müvafiq olaraq iddiaçı 3 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində soyadını, adını və ata adını “X1”ndan “İddiaçı”na dəyişdirmişdir və bu barədə adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 110 nömrəsi ilə qeyd aparılmışdır. Buna uyğun olaraq xx.xx.2018-ci il tarixdə iddiaçıya yeni doğum haqqında şəhadətnamə verilmiş, ad, soyad və ata adı İddiaçı kimi göstərilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuların cavablarından müəyyən olunur ki, İddiaçı barəsində cinayət işi üzrə istintaq aparılmamışdır, məhkumluğu yoxdur, deportasiya olunmamışdır. İddiaçı hazırda adı “Xəyal”ın dəyişdirilərək əvvəlki adı olan “Xəqani” kimi müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Qaydaların 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı adının dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə inzibati orqanın imtinasının düzgünlüyünü araşdırarkən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Qaydaların yuxarıda istinad olunan normalarına əsasən bu hüququn həyata keçirilməsi üçün şəxs yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ərizə verməlidir. Qaydaları 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göründüyü kimi, qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli, bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Sözügedən Qaydaların 6.24-cü bəndində ər-arvaddan birinin soyadını dəyişdirməsinin digərinin soyadının dəyişilməsinə səbəb olmadığı əksini tapmışdır. Qaydaların 6.25-ci bəndində isə deyilir ki, atanın öz adını dəyişdirməsi qeydə alınarkən,onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir (Qaydaların 6.26-cı bəndi). Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir (Qaydaların 6.27-ci bəndi). Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi isə yalnız yuarıda sadalanan konkret hallarda mümkün hesab edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının adının “Xəyal”dan “Xəqani”yə dəyişdirilməsi barədə tələbi və həmin tələbdən törəyən digər tələbləri, əvvəllər verilmiş şəhadətnamələrin ləğv edilməsi və onun əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələrin verilməsi tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı «adının “Xəyal”dan “Xəqani”yə dəyişdirilməsi, əvvəllər verilmiş şəhadətnamələrin ləğv edilməsi və onun əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələrin verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar