Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4433/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tullantı akkumulyator satışına görə məcburi şəkildə vergi uçotuna alınmağını, adına ********** nömrəli acılmış vergi uçotu haqqında şəhadətnamənin ləğv edilməsini, xx.xx.2021-ci il tarixlə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış (faiz ilə birlikdə) 25479.60 manat gəlir vergisinin silinməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********9814400 saylı qərarın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı tullantı akkumulyator satdığına görə vergi orqanında məcburi şəkildə uçota alınmış və adına ********** nömrəli vergi uçotu haqqında şəhadətnamə açılmışdır. Bununla da, cavabdeh vergi orqanı barəsində xx.xx.2021-ci il tarixə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqının hesablanması barədə” qərar qəbul edərək iddiaçıya 25479.60 manat məbləğində əlavə vergi məbləği hesablamışdır. Hesab edir ki, iddiaçının məcburi şəkildə vergi uçotuna alınması və tullantı akkumlyator qırıntısı satdığına görə gəlir vergisinin hesablanması əsassızdır və adına vergi uçotu haqqında şəhadətnamə açılması qanunsuzdur. Belə ki, məcburi şəkildə vergi uçotuna alınmağına səbəb olan və cavabdeh vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyəti kimi adlandırılan fəaliyyəti sadəcə olaraq köhnə akkumulyator tullantıları satmağı olmuşdur. Hansı ki, vergi qanunvericiliyinə əsasən metal qırıntılarını satmaq vergi orqanında uçota alınmayan şəxs tərəfindən də həyata keçirilə bilər. Tullantı akkumulyator satdığını hərhansı vergidən yayındırdığı, gizli əməliyyat nəticəsində deyil, məhz qanuni şəkildə tərtib edilmiş elektron alış aktı əsasında aşkar edilmişdir. Bu isə həm də o deməkdir ki, həmin elektron alış aktı əsasında mal alan şəxs iddiaçıdan ödəmə mənbəyində 2 % vergi tutmuşdur. Göründüyü kimi, iddiaçı metal tullantısı və ya qırıntısını alan vergi ödəyicisi ilə arasında baş vermiş əməliyyat Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən elektron alış aktı ilə rəsmiləşdirilmiş və həmin vergi ödəyicisi Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən iddiaçıya ödənilən məbləğdən 2 faiz dərəcə ilə vergini tutmuşdur. Bütün bunlara əsasən hesab edir ki, istər iddiaçı, istərsə də iddiaçıdan metal tullantısı alan şəxs Vergi Məcəlləsinin hər hansı müddəasını pozmamışdır. İddiaçıdan metal tullantısı satmaqla sahibkarlıq fəaliyyəti göstərməyinə və bu səbəbdən vergi uçotuna alınmağına münasibətdə isə qeyd etmək istəyir ki, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin maddədən aydın olduğu kimi, vergi orqanında uçotda olmayan hər hansı fiziki şəxs topladığı metal qırıntılarını hansısa vergi ödəyicisinə satırsa, bu zaman malı alan tərəf bununla bağlı elektron alış aktı tərtib edir və malları qəbul edir. Bundan başqa, Vergi Məcəlləsində şəxslərin məcburi qaydada vergi uçotuna alınmasına dair hər hansı müddəa mövcud deyildir. Belə olan halda, iddiaçıdan məcburi qaydada uçota alınmağı vergi orqanının kobud qanun pozuntusudur. İddiaçı hər-hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və hər-hansı vergitutulan əməliyyatı vergi orqanından gizlətməmişdir. Əksinə satdığı metal akkumulyator tullantılarını rəsmi şəkildə satmış, buna dair elektron alış aktı tərtib edilmiş və ödəmə mənbəyində 2 faiz vergi də tutularaq dövlət büdcəsinə ödənilmişdir. Akkumulyator tullantısının satışından əldə edilən pul vəsaitinin gəlir vergisinə cəlb edilməsinə münasibətdə isə qeyd edir ki, həmin fəaliyyətdən əldə olunan gəlir vergi qanunvericiliyinin tələblərinə əsasən gəlir vergisindən azaddır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergisindən azaddır. Qeyd olunan normadan aydın olduğu kimi, yalnız qiymətli daş və metalların satışı gəlir vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir. Satdığı metal tullantısı qiymətli metal olmadığından, həmin malların satışından əldə etdiyi gəlir, gəlir vergisi məqsədləri üçün vergitutma obyekti deyildir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktı üzrə 611999,83 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə vergi orqanın təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “materialı lazerlə, ultrasəslə və analoji üsullarla emal etmək üçün dəzgahların istehsalı”ndan ibarət olduğu və vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 611999,83 manat dəyərində alış aktları metal tullantılarının satıldığı, lakin qanunvericiliyə uyğun olaraq vergi orqanında uçota durmaması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********620300 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədlərin, izahat məktubunun və müvafiq dövr üzrə bəyannamələrin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 20400,00 manat gəlir vergisi hesablanaraq, xx.xx.2021-ci il tarixli **********814400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmiş, toplanmış metal tullantılarının qısa müddətdə əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan yığılması mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq fiziki şəxsin metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirmiş, habelə metal tullantıların qəbulunun “İstehsalat və məişət tullantıları haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununda sahibkarlıq subyektlərinin həyata keçirə bilməsi qeyd olunmuşdur ki, alış aktları ilə iri həcmdə mal partiyası şəklində təqdim olunmuş metal qırıntılarına görə fiziki şəxs Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli idi. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uygun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********9814400 saylı qərarından görünür ki, vergi orqanı iddiaçı barəsində 2020-ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı olaraq iddiaçıya 20.400,00 manat məbləğində borc hesablamışdır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, iddiaçı ********** saylı VÖEN-lə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubundan görünür ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində sənədlərin təqdim olunması iddiaçıdan tələb olunmuşdur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən inzibati aktla iddiaçıya müvafiq vergi hesablamışdır. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.5.2-ci maddəsinə əsasən əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Məcəllənin 150.1.14-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar otmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Belə ki, bu halda gəlir vergisi ödəmə mənbəyində alıcı vergi ödəyicisi tərəfindən tutulur, bildiriş üzrə isə vergi orqanı tərəfindən hesablanır. Bununla da əlavə olaraq Vergi Məcəlləsinin 5-ci maddəsinin tələbləri pozulur. Həmin maddəyə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmçinin, vergilər vergi orqanı tərəfindən vergi ödəyicisi qeydiyyata alındığı tarixdən əvvəlki dövrlərə hesablanır ki, bu da əsassızdır. Qeyd olunan hal üzrə Vergi Məcəlləsinin 5.0.1-ci maddəsinə uyğun olaraq malları təqdim etdiyi şəxs tərəfindən bilavasitə mənbədən vergi tutulmasına baxmayaraq, vergi orqanı Vergi Məcəlləsinin 5.0.2ci maddəsinə əsasən də bəyənnamə üzrə vergi hesablamışdır. Sadalanan normalardan aşağıdakı nəticələr əldə olunur:
1. Metal qırıntısı satan səxslər həmin malları vergi orqanında uçota durmadan, yəni VÖEN almadan sata bilər (“Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.5.2-ci maddə).
2. Metal qırıntısı satan şəxslərdən qanunvericiliyin tələbinə alıcı tərəfindən əsasən yalnız ödəmə mənbəyində vergi tutulur (VM 150.1.14-cü maddə).
3. Satılan metal qırıntılarının həcmi və dəyəri ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
4. Metal qırıntısı satan və vergi orqanında uçotda olmayan fiziki şəxs malın alıcısına elektron qaimə faktura və ya hər hansı digər sənəd təqdim etməyə borclu deyil və təqdim edə də bilməz. Həmin əməliyyat malın alıcısı tərəfindən tərtib edilən elektron alış aktı ilə rəsmiləşdirilir.
5. Vergi orqanında uçotda olmayan şəxs tərəfindən satılan metal qırıntısına görə həmin şəxsdən malın dəyərinin 2 faizi həcmində vergi, malın alıcısı tərəfindən ödəmə mənbəyində tutulub dövlət büdcəsinə ödənilir (VM 101.6-cı maddə).
6. Vergi orqanının yanaşmasına əsasən metal qırıntısı satan şəxslər ikiqat vergi tutmaya məruz qalırlar, belə ki, bir dəfə alıcı tərəfindən 2% məbləğində ödəmə mənbəyində vergi tutulub, həmin məbləğə isə vergi orqanı tərəfindən yenidən 5 % məbləğində gəlir vergisi hesablayırlar ki, bu da Konstitusiyanın 73.2-ci və Vergi Məcəlləsinin 3.5-ci və 5-ci maddələrinin tələbinə ziddir. Qanunvericiliyin tələbindən göründüyü kimi, metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satış həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. AR VM-nin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. AR VM-nin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitulma obyektləridir. AR VM-nin 13.2.16-cı maddəsində Azərbaycan mənbəyindən gəlirin növləri sadalanır, burada əldə etmədiyin gəlirdən vergi verilməsi nəzərdə tutulmamışdır. AR VM-nin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. AR VM-nin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. AR VM-nin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. AR VM-nin 150.1.14-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mövcud qanunvericilikdə metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmadığından, iddiaçı vergi məsuliyyətinə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********9814400 saylı qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********9814400 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva