Məhkəmə qərarları › İş №2-1(112)-4435/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4435/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4435/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “3/914” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna bağ massivində yerləşməklə, çox hissəsi “Buzovna” qəsəbəsinin ərazisi olsa da, Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 nömrəli Qərarında torpaq sahəsinin yerləşdiyi ünvan olaraq Mərdəkan qəsəbəsi qeyd olunmuşdur. Həmçinin, qeyd olunan torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüsü 750.0 kv.m, faktiki isə 680.0 kv.m təşkil edir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13 saylı, xx.xx.1991-ci il tarixli Qərarı ilə onun qanuni istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “3/914” saylı torpaq sahəsi üzərində, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında, yerləşmə sxemində göstərilən 680 kv.metr ölçüdə olmaqla, mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Xəzər Rayon İcra hakimiyyəti tərəfindən tərtib edilən cizgidə 680 kv.m. sahə göstərilmişdir. Torpaq sahəsinin az olması iddiaçını qane etmədiyi təqdirdə, cizgi mübahisələndirilərdi. Əlavə olaraq, iddiaçı torpaq sahəsinin azalması ilə bağlı 680 kv.m. ölçüyə dair qeydiyyatın aparılmasına razıdır və adətən qeydiyyat orqanı bu səbəblə ərizənin icrasından imtina etmir, ərizəçiyə əlavə olaraq notarial təsdiqli razılıq ərizəsi verməyi təklif edir. Bundan əlavə, vətəndaş torpaq sahəsinin məhz hansı ərazidən ayrılmasına görə məsul deyil. Səlahiyyətli dövlət qurumu olaraq keçmiş Əzizbəyov Rayon XDS İcraiyyə Komitəsi sözügedən torpaq sahəsini qərarla ayırmışdır. İnzibati akt sayılan bu qərar ləğv edilməmiş və mübahisələndirilməmişdir. İnzibati aktın mötəbərliyi ilə bağlı qanunvericiliyin mövqeyi də bəllidir. Belə olan halda, yalnız hüquqların qeydiyyatını aparmalı olan cavabdehin səlahiyyəti, təqdim edilən sənədlərin həqiqiliyinin yoxlanılması ilə bağlı ola bilər. Həmçinin imtina səbəbi kimi torpaq sahəsinin “çox hissəsinin Buzovna” ərazisi olması ilə bağlı cavabdehin mövqeyinə inanılsa, məntiqlə torpaq sahəsinin “az hissəsi” Mərdəkan qəsəbəsi ərazisinə düşür. Belə olan halda, həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəddə ünvan olaraq Buzovna qəsəbəsi göstərildiyi halda torpağın “az hissəsi”nin Mərdəkan qəsəbəsinə düşdüyü səbəb göstəriləcəkdi. Həm Mərdəkan, həm də Buzovna qəsəbələri eyni rayonun inzibati ərazisinə daxil olduğundan, inzibati orqan həmin qəsəbələrə dair torpaq ayırmaqda səlahiyyətli olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna bağ massivində yerləşməklə çox hissəsi “Buzovna” qəsəbəsinin ərazisi olsa da, Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 nömrəli Qərarında torpaq sahəsinin yerləşdiyi ünvan olaraq Mərdəkan qəsəbəsi qeyd olunmuşdur. Həmçinin, ərazi 66-67 nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13 saylı, xx.xx.1991-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri, Əzizbəyov küçəsi, 13 nömrəli edə yaşayan, Birləşmiş təsərrüfat hesablı komission mağazasında müdir vəzifəsində işləyən X1 Mərdəkan qəsəbəsində 3/914 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.metr torpaq sahəsi ayrılmışdır. İşdən görünür ki, Xəzərə rayon İcra Hakimiyyəti tərəfindən Əzizbəyov Rayon XDS İKnin 13 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair yerləşmə sxemi tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 750 kv.m, faktiki sahəsi isə 680 kv.metdir, torpaq sahəsi mişar daşı ilə hasara alınıb. Yaşayış evi və həyət tikilisi mövcuddur. İddiaçı hazırda Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə ona ayrılmış həmin 680 kv.metr torpaq sahəsinə hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.1999-cu il tarixədək qüvvədə olan “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilərək "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"- təsdiq edilmişdir. Həmin Fərmanla müəyyən edilmişdir ki, şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. Fərmanla təsdiq edilmiş Əsasnamənin 13-cü bəndinə əsasən icra hakimiyyəti başçısı torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası – ev tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13 saylı, xx.xx.1991-ci il tarixli qərarını cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən:

1. qərarda torpaq sahəsinin yerləşdiyi ünvan olaraq Mərdəkan qəsəbəsi qeyd olunsa da, Buzovna bağ massivində yerləşməsinə;

2. qeyd olunan torpaq sahəsinin digər bağların ərazisinə uyğun gəlməsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlilləri əsaslı olmamaqla iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab oluna bilməz. Belə ki, məhkəmə cavabdehin birinci dəlili ilə bağlı qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və verilən məlumatda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə - Tədqiqat İdarəsi tərəfindən 2016-cı ildə hazırlanmış, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş xəritəyə əsasən Buzovna qəsəbəsi ilə Mərdəkan qəsəbəsi arasında olan sərhəd vətəndaş İddiaçı ayrılan torpaq sahəsinin diaqonal xətt üzrə mərkəzindən keçdiyi, Mərdəkan qəsəbəsinin inzibati ərazisindən Buzovna qəsəbəsinin inzibati ərazisinə 1991-ci ildən sonra torpaq sahəsinin verilməsi halının olmadığı bildirilmişdir. Göründüyü kimi, torpaq sahəsinin bütövlükdə deyil, bir hissəsi Buzova qəsəbəsində, bir hissəsi isə Mərdəkan qəsəbəsində yerləşir. Məhkəmə torpaq sahəsinin ayrıldığı dövrdə koordinat sisteminin olmadığını, sərhədlərin şərti olduğunu nəzərə alaraq, iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsinin Mərdəkan qəsəbəsinin qonşuluğuna yerləşən Buzovna qəsəbəsinin ərazisinə düşməsini həyatın normal axarına uyğun hesab edir. Bundan başqa, bu hal iddiaçının məsuliyyətində olmamaqla, onun hüququnun pozulmasına səbəb ola bilməz. Göstərilən ərazinin bağ massivinə uyğun gəlməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məsqədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericiliyin həmin sənədi hüquqların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə ayrılmış 680 kv.metr sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “3/914” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar