Məhkəmə qərarları › İş №2-1(112)-4439/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4439/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4439/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə (Ünvanı: Bakı şəhəri, Q.Qarayev prospekti ev 112, mənzil 66; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 7 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Babək prospekti, 13 mənzil 57; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu, vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya hüququnun yarandığı 15 iyul 2019-cu ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 03.05.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 01.09.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxx 1962-ci ildə anadan olmuşdur. 15 iyul 2019-cu ildə 57 yaşı tamam olub. Bu səbəbdən də onun həmin tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranıbdır. İddiaçı cavabdehə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh tərəfin imtinasını əsassız hesab edir. Çünki 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həmdə xüsusi stajı var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və Milli Geoloqiya Kəşfiyyat xidməti tərəfindən tərtib edilmiş 07.11.2019-cu il tarixli və SOCAR tərəfindən 13.11.2019-cu il tarixdə tərdib edilmiş arxiv arayışını təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası ona 31.01.2020-ci il tarixdə təqdim edilmiş və üzərində Şirvan Drillinq Limited Şirkətinin Azərbaycan Respublikası Filialının Kadrlar üzrə mütəxəssisi tərəfindən “əsli ilə düzdür” möhürü ilə möhürlənmişdir. Lakin, bu zaman həmin əmək kitabçasının hansı əmək kitabçası ilə əslinin düz olmasını müəyyən etmək olmur. Belə ki, iddiaçı onun ilkin əmək kitabçasını nə məhkəməyə nə də ki, cavabdeh orqana təqdim etməmişdir. Həmin əmək kitbaçsı ilə Milli Geoloqiya Kəşfiyyat xidməti tərəfindən (onlarda olan əmirlərə əsasən) tərtib edilmiş 07.11.2019-cu il tarixli arayışda iddiaçənın işlədiyi peşələrin adlarında fərqlər var və bu da iddiaçının əmək kitabçası kimi təqdim etdiyi ******* saylı əmək kitabçasının içərisində iddiaçının işlədiyi peşələrin qəsdən adlarının digər bir peşələrin adları ilə əvəz edilməsini göstərir. Belə ki, ******* saylı əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçı 03.07.1995-30.09.1999-cu il tarixləri arasında Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsinin 6-cı dərəcəli qazmaçı işlədiyi qeyd edilsə də, Milli Geoloji Kəşfiyyat Xidmətinin 07.11.2019-cu il tarixli 18/Z-552 saylı arayışında həmin dövr ərzində iddiaçının buruq montajçısı vəzifəsində işlədiyi göstərilmişdir. Buruq montajçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”da qeyd edilmədiyindən, həmin arayış tərtib edildikdən sonra verilmiş əmək kitabçasında qeyd edilən peşə qəsdən adı başqa peşə ilə dəyişdirilmişdir. Məhz bu səbəbdən iddiaçının həmin dövr üzrə işlədiyi peşələr ona güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. Həmçinin, onu da xüsusilə qeyd edirlər ki, iddiaçının təqdim etdiyi heç bir arayışda onun işlədiyi peşələrin ona güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilməmişdir. Onu da qeyd etmək istərlər ki, məhz bu səbəbdən iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı cəmi 08 il 02 ay 24 gündür. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ- dan əvvəl qüvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların peniiya təminatı haqqında” qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir- 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2.əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; həmin Qərarda həmçinin qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletin surətinə əsasən İddiaçı 21.10.1980-ci il tarixdən 28.12.1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş 198 nömrəli Attestatın surətinə əsasən İddiaçı 01.09.1979-cu il tarixdən 11.08.1980-ci il tarixədək Azərbaycan SSR Neftçala rayonu 151 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almışdır. İş materiallarından görünür ki, notarial qaydada tərcümə edilmiş və təsdiq edilmiş ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı 02.06.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 02.06.1980-ci il tarixdən 16.10.1980-ci il tarixədək “Azneft” Birliyi Fəhlə təchizatı şöbəsinin Neftçala bölməsi üzrə 17 saylı stansiyasında 3-cü dərəcəli aşpaz; 16.10.1980-ci il tarixdən 28.12.1982-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuş; 29.03.1983-cü il tarixdən 22.05.1984-cü il tarixədək “Azneft” Birliyinin Kürsəngi Qİİ-də 3-cü və 4-cü dərəcəli qazmaçı köməkçisi; 26.07.1984-cü il tarixdən 30.08.1993-cü il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin Neftçala hidroloji kəşfiyyat dəstəsində qazmaçı; 01.09.1993-cü il tarixdən 03.07.1995-ci il tarixədək “Azneft” İB- də X6 Qazma Ekspedisiyasında 5-ci və 6-cı dərəcəli qazmaçı; 03.07.1995-ci il tarixdən 30.09.1999-cu il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı; 02.10.2000-ci il tarixdən 17.12.2001-ci il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı; 01.03.2001-ci il tarixdən 14.12.2007-ci il tarixədək Caspian SEA LTD MMC-də 6-cı dərəcəli qazmaçı peşəsində, 10.12.2019-cu il tarixdə hal-hazıra kimi Shirvan Drilling Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında qazma sahəsində qazma ustası işləyir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır (45.1). İş materiallarında əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının təhsil dövrü də, həmçinin hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (25 il 01 ay 25 gün) ümumi iş stajı mövcud olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, iş materiallarında olan imtina məktubundan və iddiaya dair yazılı etirazdan göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 25 ildən artıq ümumi iş stajının olması mübahisələndirilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. SSRİ Nazirlr Sovetinin 13.04.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı Qüvvələrinin tərkibində SSRİ Nazirlər Sovetinin nəzdində olan Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında,Ş xalıq yığma qoşunu və partizan dəstələrində qulluq, əgər qulluqdan azad olunma tarixi və işə ... daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, 01 yanvar 2006-cı ilədək iddiaçının 12 il 6 aydan artıq (17 il 04 ay 10 gün) güzəştli iş stajı mövcud olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/Z-552 nömrəli 07.11.2019-cu il tarixli Arayışında göstərilmişdir: “Verilir, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin işçisi İddiaçı ondan ötrü ki, o həqiqətən 1984-1993, 1995-1999, 2000-2001-Cİ illərdə aşağıda göstərilən kimi işləmişdir: -26 iyul 1984-cü ildə Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji kəşfiyyat partiyasına 4-cü dərəcəli qazma köməkçisi kimi işə qəbul edilmişdir (Əmr №363k, 26.06.1984-cü il): -11 may 1987-ci ildə 5-ci dərəcəli qazmaçı keçirilmişdir (Əmr №45k,12.05.1987-ci il); -01 avqust 1987-ci ildə Binə-Hövsan hidrogeoloji kəşfiyyat partiyasına 5-ci dərəcəli qazmaçı keçirilmişdir (Əmr №56k. 07.08.1987-ci il); -01 noyabr 1987-cı ildə əməyin ödənilməsinin yeni tarifinə əsasən Binə-Hövsan hidrogeoloji kəşfiyyat partiyasında 5-ci dərəcəli qazmaçı kimi təsdiq edilmişdir (Əmr №263, 03.11.1987-ci il); -13 aprel 1938-ci ildə Dorin qazma ekspedisiyasının Neftçala hidrogeoloji kəşfiyyat partiyasına 4-cü dərəcəli qazma köməkçisi keçirilmişdir (Əmr №27k, 29.04.1988-ci il); -01 oktyabr 1988-ci ildə Prikurinsk hidrogeoloji partiyasına 6-cı dərəcəli qazmaçı keçirilmişdir (Əmr №59k, 10.10.1988-ci il); -03 yanvar 1989-cu ildə Neftçala hidrogeoloji kəşfiyyat partiyasına 6-cı dərəcəli qazmaçı keçirilmişdir (Əmr №1k, 05.01.1989-cu il); -01 sentyabr 1992-ci ildə Prikaspiysk hidrogeoloji kəşfiyyat partiyasına 6-cı dərəcəli qazmaçı keçirilmişdir (Əmr №15k, 22.09.1992-ci il); -30 avqust 1993-cü ildə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə ilə işdən əz ad edilmişdir (Əmr №54 30.08.1993-cü il); -03 iyul 1995-ci ildə köçürmə yolu ilə Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsinə 6-cı dərəcəli buruq montajçısı kimi işə qəbul edilmişdir (Əmr №7k, 03.07.1995-ci il); -20 sentyabr 1999-cu ildə ixtisarla əlaqədar olaraq işdən azad edilmişdir (əmr №5, 30.09.1999-cu ıl); -02 oktyabr 2000-ci ildə Dərin qazma müəssisəsinin Neftçala qazma dəstəsinə 6-cı dərəcəli qazmaçı kimi işə qəbul edilmişdir (Əmr №13, 02.10.2000-ci il); - 17 dekabr 2001-ci ildə müəssisənin ləğvi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir (Əmr №24, 17.12.2001 -ci il).” İş materiallarından görünür ki, SOCAR-ın 19.11.2019-cu il tarixli Arayışında göstərilmişdir: “SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 02.06.1980-cı ildə (əmr № 77/k, 02.06.1980-cı il) “Azneft” Birliyi FTŞ-nin Neftçala bölümünün 17 №-li yeməkxanasına 3-cü dərəcəli aşpaz peşəsinə işə qəbul edilmişdir. 16.10.1980-cı ildə (əmr № 122/k, 16.10.1980-cı il) Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 29.03.1983-cü ildə (əmr № 40/k, 28.03.1983-cü il) X4 İdarəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmişdir. Haqq-hesab cədvəlində göstərilən qeydə əsasən 01.02.1984-cü ildən 4cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmiş, 1984-cü ilin may ayına kimi əmək haqqı alması (may ayında 12 iş günü olmaqla) göstərilmişdir.” İş materiallarından görünür ki, “Caspian Sea LTD” müəssisəsinin 25.01.2021-ci il tarixli arayışına əsasən İddiaçı 01.03.2001-ci il 14 nömrəli əmrə əsasən "Caspian Sea" LTD müəssisəsində 6-cı dərəcəli qazmaçı vəzifəsində çalışmışdır. 14.12.2007-ci ildə öz istəyi ilə 38 nömrəli əmrə əsasən işdən azad edilmişdir. İş materiallarından görünür ki, SOCAR “Kompleks qazma işləri” trestinin 17.02.2021-ci il tarixli Arxiv Arayışında göstərilmişdir: “Verilir İddiaçı təvəllüdü xx.xx.1962ci il ondan ötrü ki, o həqiqətən 0109.1993-cü İldən, (Əmr № 68-k, 01.09.1993-cü il) 03.07.1995-ci ilədək, (Əmr № 26-k, 03.07.1995-ci il) X6 Qazma Ekspedisiyasında işləmişdir. "Azneft" İB-nin 06.08.1996-cı il tarixli 197 saylı əmrinə əsasən Qala Dərin istsmar Qazma Ekspedisiyası ləğv edilərək (Qala DİQE-nın 06.10.1996-cı il 33-k saylı əmri) X5 idarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır. Abşeron Qİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin 08.08.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X2 İşləri İdarəsi qazma sexi kimi 03.09.2012-ci il tarixdən X5 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 27.12.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X5 idarəsi ləğv olunaraq trestin Abşeron istehsalat bölümü kimi fəaliyyət göstərir. 01.09.1993-cü ildən 06.12.1993-cü ilədək X6 Qazma Ekspedisiyasına 5-ci dərəcəli qazmaçı- köməkçisi peşəsinə işə qəbul edilib. Əmr № 68-k, 01.09.1993-cü ildə. 06.12.1993-cü ildən 03.07.1995-ci ilədək 6-cı dərəcəli qazmaçı peşəsinə keçirilib. Əmr № 31-k, 06.12.1993-cü ildə. 03.07.1995-ci ildə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən başqa işə götürənlə ƏM-si bağladığı üçün işdən azad edilib. Əmr № 26-k, 03.07.1995-ci ildə. Qeyd:Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş qazmaçı-köməkçisi peşəsi 2130100a-11297 kodu ilə güzəştli şərtlərlə təqaüd almaq imkanına malikdir. Güzəştli iş stajı 1 il, 10 ay, 02 gündür.” Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 oktyabr 1980-cı il tarixli ******* nömrəli əmək kitabçasında 03.07.1995-30.09.1999-cu il tarixləri arasındakı dövr ərzində Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı işlədiyi qeyd edildiyi halda, Milli Geoloji Kəşfiyyat Xidmətinin iddiaçıya dair 07.11.2019-cu il tarixli 18/Z-552 nömrəli arayışında həmin dövr ərzində buruq montajçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Sənədlərdə uyğunsuzluqların olması və eyni zamanda iddiaçının güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan az (8 il 2 ay 24 gün) təşkil etməsi göstərilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın bu dəlili il bağlı qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi 03.07.1995-30.09.1999-cu il tarixləri arasındakı dövr nəzərə alınmasa da belə, iddiaçının qanunvericilikdə nəzərdə tutulan 12 il 06 aydan artıq (13 il 01 ay 13 gün) güzəştli iş stajı mövcud olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” (kod 2130100a—11297) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları” nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı 2017-ci il iyulun 1-dək 25 il sığorta stajına malik olduğundan və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, həmçinin 21.07.2016-cı il tarixdə 57 yaşı tamam olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, həmçinin 57 yaşı 15.07.2019-cu il tarixdə tamam olduğundan, İddiaçı əmək pensiyası 57 yaşdan təyin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 15 iyul 2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı 15 iyul 2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar