Məhkəmə qərarları › İş №2-1(112)-4439/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4439/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4439/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Ximətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 01 noyabr 2024-cü il tarixli, İQ-66/1 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində doğulduğunu, milliyətcə pəncablı, dini etiqadına görə əvvəllər müsəlman (sünni) olduğunu, lakin 2022-ci ilin fevral ayında şiə təriqətinə keçdiyini, 1998-ci ildə Lahor şəhərində “Ali Academy” adlı məktəbdə 5 sinif orta təhsil aldığını, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilmədiyini, 1998- 2021-ci illərdə atasına məxsus avtomobil təkərləri dükanında təkər ustası kimi, 2021-2024cü illərdə isə müxtəlif işlərdə işlədiyini qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən iddiaçı evli olduğunu, arvadının və 4 övladının Faisalabad şəhərində yaşadıqlarını, anasının vəfat etdiyini, atasının və 2 bacısının hazırda Pakistan İslam Respublikasının Lahor şəhərində yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən iddiaçı Pakistanda qohumlarının etirazına baxmayaraq şiə təriqətinə mənsub olan arvadı Fizad Tabassumla 2007-ci ildə məhkəmə qaydasında evləndiyini, 2022-ci ildən onun da şiə təriqətinə keçdiyini, bu səbəbdən qohumları ilə probleminin başlandığını, evini tərk edib qayınatasının Kəraçidəki evinə köçdüyünü, lakin anasının təkidi ilə yenidən öz evinə Lahora qayıtdığını, anasının 2020-ci ildə vəfatından sonra vəziyyətin onun ziyanına dəyişdiyini və yendiən evini tərk edib Faisalabad və Kəraçi şəhərlərinə yaşamağa getdiyini, qohumları tərəfindən şiə təriqətinə keçdiyinə görə təhdidlərə məruz qalması səbəbindən ölkəsini tərk edib 20 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. İddiaçı özünün, arvadının və övladlarının pasportunu təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İş materiallarında olan müsahibədən görünür ki, iddiaçı işin mühüm faktları, özünün şiə, arvadının sünni olması səbəbindən arvadının qohumları tərəfindən təhdidlərlə üzləşdiyini qeyd etmişdir. Göstərilən bu hallar iddiaçının ölkəsində təqibə məruz qalmasını təsdiq edən xüsusatlardır. Həmin hallar birbiri ilə ziddiyyət təşkil etmir. Bu səbəbdən cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024cü il tarixdə cavabdehə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli, İQ-66/1 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Təhdid olunmasına dair hər hansı sübut təqdim etməmiş; 2. Vəsatətində bildirmişdir ki, təhdid olunması ilə bağlı ziddiyyətlər mövcuddur; 3. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan ərizə-anketdən görünür ki, iddiaçı qaçqın statusunun verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, İQ-66/1 saylı qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, ərizəçinin ərizə-anket və müsahibəsi zamanı dediklərindən müəyyən uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçı ilkin ərizə-anket zamanı evində təhdidlər səbəbindən oranı 2007-ci ildə tərk edib qaynatasıgilin evinə Kəraçi şəhərinə köçdüyünü və anasının təkidi ilə 2011-ci ildə Lahora valideynlərinin evinə qayıtdığını bildirsə də, müsahibəsi zamanı Kəraçiyə evləndikdən və arvadı ilə 3 il ayrı-ayrı evlərdə yaşadıqdan sonra 2010-cu ildə köçdüyünü və anasının təkidi ilə geri Lahora 2012-ci ildə qayıtdığını bildirmişdir. Bundan əlavə ərizəçi təriqətini dəyişdirib şiəliyə keçdiyinə görə qohumları tərəfindən ciddi təhdid olunduğunu əsas gətirsə də, ərizə-anketin qeydiyyatı zamanı yalnız bir dəfə 2023-cü ilin iyun ayında qohumları tərəfindən bərk döyüldüyünü və bir barmağının sındırıldığını qeyd etmişdir. Həmçinin qeyd edilmişdir ki, ərizəçi qohumları tərəfindən təhdid edilməsinə baxmayaraq, o, Lahor şəhərindəki evində davamlı olaraq 2011-2023-cü illərdə yaşamışdır. Bu fakt onun orada ciddi təhdidlə üzləşməsini şübhə altına almış və inandırıcılıq baxımından ərizəçinin xeyrinə qəbul edilməmişdir. Ərizəçinin dəfələrlə Pakistanın Kəraçi və Faislabad şəhərlərində uzun müddət ciddi təhdid olmadan yaşaması və işləməsi onun ölkə daxilində alternativ yaşama imkanının olduğunu sübut edir. Ərizəçinin dini əqidəsinə görə təqib olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, ərizəçi şiə olan arvadı ilə 2007-ci ildə evlənmiş, lakin özü şiəliyə yalnız 2022-ci ildə keçmişdir. Belə olduqda onun 2007-2022-ci illərdə dinini dəyişdiyinə təqib olunması iddiası da inandırıcı qəbul edilmir. İddiaçı Pakistanda heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə, dini etiqadına görə təqib olunmamışlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir (1). Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir (12). Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir (13). Yuxarıda qeyd edilən hüquq normalaırında görünür ki, şəxsə qaçqın statusu verilməsi üçün onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərə məruz qalması və belə təqiblərə məruz qalacağına əsaslı şübhələri olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir (1). Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir (13.). İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Pakistan İslam Respublikası vətəndaşı qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqanın qərarı ilə iddiaçının vəsatəti rədd edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, iddiaçının ilkin verdiyi ərizə-ankedə göstərilənlərlə onun cavabdehə verdiyi müsahibə zamanı bildirdikləri arasında ziddiyyətlər olmuşdur. Belə ki, iddiaçı Azərbaycan Respublikasına gəlişinin əsas səbəbini 2007-ci ildə evləndikdən sonra özünün sünni, arvadının şiə olması səbəbindən qohumları tərəfindən təqibə məruz qalması ilə əlaqələndirmişdir. Öncə qeyd edilməlidir ki, iddiaçı 2007-ci ildə evlənmiş və 2024-cü ilə qədər Pakistanda yaşamış və yalnız 2024-cü ildə evliliyinə görə qohumlarının təqibinə məruz qaldığını əsas gətirərək ölkəni tərk etmişdir. Bütün bu müddət ərzində təqiblərə məruz qalmasına baxmayaraq iddiaçının 2024-cü ildə Azərbaycan Respublikasına gəlməsi məntiqli və inandırıcı görünmür. Belə ki, iddiaçı evliliyinə gör hər hansı real təqibə məruz qalmış olsa idi, evləndirkdən sonra daha qısa müddətdə ölkəni tərk etməyə cəhd göstərməli idi. Eyni zamanda ilkin ərizə-anketində iddiaçı yaşadığı Lahor şəhərini təhdidlər səbəbindən 2007-ci ildə tərk edib qaynatasıgilin evinə, Kəraçi şəhərinə köçdüyünü və anasının təkidi ilə 2011-ci ildə Lahora valideynlərinin evinə qayıtdığını bildirmişdir. Müsahibə zamanı isə iddiaçı Kəraçiyə evləndikdən və arvadı ilə 3 il ayrı-ayrı evlərdə yaşadıqdan sonra 2010-cu ildə köçdüyünü və anasının təkidi ilə geri Lahora 2012-ci ildə qayıtdığını bildirmişdir. Eyni zamanda iddiaçı şiə təriqətinə keçdiyinə görə qohumları tərəfindən ciddi təhdid olunduğunu əsas gətirsə də, ərizə-anketin qeydiyyatı zamanı yalnız bir dəfə 2023-cü ilin iyun ayında qohumları tərəfindən bərk döyüldüyünü və bir barmağının sındırıldığını qeyd etmişdir. Həmçinin qeyd edilmişdir ki, ərizəçi qohumları tərəfindən təhdid edilməsinə baxmayaraq, o, Lahor şəhərindəki evində davamlı olaraq 2011-2023-cü illərdə yaşamışdır. İddiaçının ciddi təqiblərə məruz qalmasına baxmayaraq həmin dövrdə qohumlarının olduğu şəhərdə yaşaması onun həqiqətən ciddi təqiblərə məruz qalmasının şübhə altına alınmasına səbəb olur. “Qaçqınların statusu haqqında” xx.xx.1951-ci il tarixli BMT konvensiyasında göstərilmişdir ki, bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o: 1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cü il 28 oktyabr və 1938-ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya X1 nizamnaməsinə görə qaçqın sayılmışdır: X1 öz fəaliyyəti dövründə qaçqın sayılmaq hüququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində müəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə açqın statusu verilməsinə mane olmur: 2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, diniəlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. Məhkəmə qeyd edir ki, iddiaçının ona qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində və “Qaçqınların statusu haqqında” xx.xx.1951-ci il tarixli BMT konvensiyasında "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə, dini etiqadına görə təqib olunmamışdır. İddiaçı yalnız başqa təriqətə aid qadınla eləndiyi üçün ölkəsində təqblərə məruz qaldığını bildirmişdir ki, qeyd etdiyk məsələlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya qaçqın statusunun verilməsindən imtinası nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı cavabdehin 01 noyabr 2024-cü il tarixli, İQ-66/1 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar