Məhkəmə qərarları › İş №2-1(112)-444/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-444/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-444/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 556 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının yanında yerləşən 550 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən 29 dekabr 2006-cı ildə qəbul edilmiş 556 nömrəli qərara əsasən, müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 3 a saylı yaşayış binasının arxasında, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün göstərilən 550 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmış, eyni tarixli, 701 saylı müqavilə ilə ona satılmışdır. Belə ki, vətəndaş İddiaçı cavabdeh inzibati orqana müraciət edərək Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının arxasında yerləşən 550 kv.metr torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, sonuncu tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Həmçinin, təqdim edilmiş torpaq sahəsinə dair planda bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin müəyyən bir hissəsi yol kimi istifadə olunur, torpaq sahəsi üzərində çoxlu sayda yaşıl ağaclar mövcuddur. Təqdim edilmiş yerləşmə sxemindəki konfiqurasiya ilə faktiki vəziyyətdəki konfiqurasiya arasında fərq mövcuddur. Torpaq sahəsinin yaxınlığında yaşayış binaları mövcuddur. Göstərilən səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı xx.xx.2023-ci il tarixli, **********70 nömrəli məktub ünvanlanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehin və üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçınən nümayəndə-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli **********70 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılaraq təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 557a saylı qərarının arxiv surətindən görünür ki, vətəndaş X1 müraciəti əsasında vətəndaş X2 xahişi təmin edilərək, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının arxasında, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun mülkiyyətinə ayrılmış 550 kv.metr torpaq sahəsi maddi imkanı olmadığından, hazırda istifadə edə bilmədiyini nəzərə alaraq Bələdiyyənin 29.2005-ci il tarixli, 191 saylı qəran ləğv edilərək qüvvəsini itirilmiş hesab edilməsi və onunla bağlanmış alqı-salqı müqaviləsinə xitam verilməsi, vətəndaş İddiaçı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının arxasında, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 550 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılması, ayrılmış torpaq sahəsində tikinti işlərinə, tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanılması, Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəşinə İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması tapşırılmışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş “Vətəndaş Ç.M.Muradov mülkiyyətində olan torpaq sahəsinin Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması və həmin torpaq sahəsinin vətəndaş İddiaçı mülkiyyətinə verilməsi haqqında” 29 dekabr 2006-cı il tarixli , 557a saylı Qərarına əsasən vətəndaş X3 ərizə ilə Bələdiyyəyə müraciət edərək, 8 mkr., S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının arxasında, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bələdiyyənin xx.xx.2005-ci il, 191 saylı qərarla onun mülkiyyətinə ayrılmış 550 kv.m. torpaq sahəsini, maddi imkanı olmadığından istifadə edə bilmədiyini nəzərə alaraq, həmin sahəsini Bələdiyyənin ehtiyat torpaq fonduna götürülməsini xahiş etmişdir. Vətəndaş İddiaçı isə ərizə ilə Bələdiyyəyə müraciət edərək, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının arxasında, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 550 kv.m. torpaq sahəsinin onun mülkiyyətinə ayrılmasını xahiş etmişdir. X5 İnkişaf Daimi komissiyasının xx.xx.2006-cı il və Bələdiyyənin 25.12 2006-cı ıl tarixli iclaslarında baxılaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsaslanaraq, vətəndaş X1 xahişi təmin edilərək, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının arxasında, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun mülkiyyətinə ayrılmış 550 kv.metr torpaq sahəsi maddi imkanı olmadığından, hazırda istifadə edə bilmədiyini nəzərə alaraq Bələdiyyənin 29.2005-ci ıl tarixli, 191 saylı qəran ləğv edilərək qüvvəsini itirilmiş hesab edilmiş və onunla bağlanmış alqı-salqı müqaviləsinə xitam verilmiş, vətəndaş İddiaçı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının arxasında, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 550 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılması, ayrılmış torpaq sahəsində tikinti işlərinə, tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanılması, Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəşinə İddiaçı oğlu ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması tapşırılmışdır. -Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında 30 dekabr 2006-cı il tarixli, 702 saylı müqavilənin arxiv surətindən surətindən görünür ki, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3 a saylı binanın arxasında 550 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. -Bakı şəhəri Binəqədi Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubunda bələdiyyənin 20000-2010-cu illərə aid sənədlərinin idarədaxili mühafizə bitdiyi üçün Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verildiyi, sözügedən torpaq sahəsinin Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 809 saylı Sərəncamı ilə Binəqədi Bələdiyyəsinə təhvil verildiyi bildirilmişdir. Məktuba əlavə edilmiş Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 809 saylı Sərəncamından görünür ki, Binəqədi rayonu üzrə 295.73 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Binəqədi Bələdiyyəsinə təhvil verilməsi qərara alınmış, Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 393 saylı Sərəncamına əsasən əvvəlki, sərəncama dəyişiklik edilərək ərazinin 292.71 hektara düzəliş edilməsi qərara alınmışdır. -Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 556 nömrəli qərarı ilə İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3 a yaşayış binasının arxasında yerləşən 550 kv.metr torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmənin müvafiq qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 556 nömrəli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının yanında yerləşən 550 kv.m. torpaq sahəsinin yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin.

2. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilsin.

3. Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 556 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3a saylı yaşayış binasının yanında yerləşən 550 kv.m. torpaq sahəsi dövlət yoxsa bələdiyyə mülkiyyətinin torpağıdır? Əgər bələdiyyə mülkiyyəti torpağıdırsa, həmin sahə Binəqədi bələdiyyəsinin ərazisinə düşürmü?

4. İddiaçı Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 556 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin situasiya planı ilə iddiaçının naturada göstərdiyi (faktiki olaraq istifadə etdiyi) torpaq sahəsi üst-üstə düşürmü? Həmin torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiyası ilə faktiki vəziyyəti arasındakı fərq varmı? Əgər varsa ölçüləri müəyyən edilsin.

5. İddiaçı ayrılmış göstərilən torpaq sahəsi ümumi istifadədə olan və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən sahələrdə (meydan, küçə, park, yol kənarı, xiyaban və s.) yerləşirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9509 nömrəli ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9509 nömrəli ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-32128/2023 nömrəli mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin faktiki olaraq 550.0 kv.metr təşkil etdiyi, torpaq sahəsinin üzərində tikilinin olmadığı müəyyən olundu. Faktiki olaraq göstərilən 550.0 kv.metr torpaq sahəsinin kordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahənin Bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilmədiyi, faktiki sahənin konfiqurasiyası, perimetrik ölçüləri və yerləşməsi ilə cizgi arasında ciddi uyğunsuzluq mövcud olduğu, sahənin daxilində çoxlu sayda ağacların, ümumi istifadədə olan yolun olduğu, sözügedən sahənin yaşayış binalarının həyətində ümumi istifadədə olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən görünən odur ki, Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli, 191 nömrəli qərar ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün Binəqədi ərazisindən 550 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı alqı-satqı yolu ilə satılmışdır. Hazırda iddiaçı bələdiyyənin qeyd olunan torpaq ayırma sənədlərinə istinad edərək Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 550 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə ona müvafiq çıxarışın verilməsini istəyir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh imtina olaraq 4 əsas göstərmişdir: 1. Torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təqdim edilməməsi; 2. Göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən (28 oktyabr 2008-ci il tarixədək qüvvədə olan redaksiya) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixədək olan redaksiyası). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ....2 Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4.Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəlləin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Məhkəmənin qənaətinə görə işin araşdırılan halları onu deməyə əsas verir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Bu mənada ki, həmin maddənin dispozisiya şərtindən göründüyü kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Hazırkı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, müvafiq torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi təsdiqini tapmadığından Binəqədi bələdiyyəsi tərəfindən verilmiş iddiaçının istinad etdiyi hüquq müəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə üzərində hüquqların qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 53.2-ci mddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. Məhkəmə o cümlədən qeyd edir ki, Bələdiyyə qərarlaı “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla kollegial qərar qəbul olunur. Göründüyü kimi qanunda, bələdiyyə torpaqlarına müvafiq hüququn qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi kollegial qaydada qəbul edilən bələdiyyənin qərarı nəzərdə tutulur. Lakin hazırkı işdə Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması zamanı bələdiyyənin iclas protokolunun mövcud olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, Dövlət arxivi tərəfindən təqdim olunan sənədlərdən də bu protokolun mövcudluğu müəyyən edilməmişdir. Bu hal isə torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Məhkəmə bildirir ki, bələdiyyənin torpaq ayırması üzrə “Torpaq sahəsinin alqı-satqı aktı”nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (yerli qurumu) tərəfindən təsdiqlənməməsi və digər aidiyyəti orqanlardan rəy alınması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edir. Belə xüsusatla imtina verilməsi formal mülahzələrə söykənmiş kimi qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi bələdiyyəsinin 557a nömrəli, xx.xx.2006-ci il tarixli qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ayrılmış 550 kv.metr torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından və iddiaçıya torpaq sahəsi ayrılmasına dair bələdiyyənin iclas protokolu təqdim edilmədiyindən hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. İddia əsassızdır və təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olsa da, qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar