Məhkəmə qərarları › İş №2-1(112)-4440/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4440/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4440/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X18) “mənzilə dair ayrıca çıxarışın verilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinə yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi X11 küçəsi (əvvəlki adı 26 Bakı komissarı) ev 14 saylı fərdi yaşayış evini X4 Bakı şəhəri 27-ci Dövlət Notariat Kontorunun 164319 saylı, 25 sentyabr 2002-ci il tarixli alqı satqı muqaviləsinə əsasən almışdır. 13 dekabr 2002-ci ldə mülkə Bakı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsində 018235 saylı seriya FM xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. İddiaçıya verilən 018235 saylı xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsində digər paylar üzrə qonşu, yəni M.Ə.Rəsulzadə qəsəbəsi X11 küçəsi (əvvəlki adı 26 Bakı komissarı) ev 14 ” B” saylı fərdi yaşayış evinin sahibi şəxsiyyət vəsiqəsi AZE ********* X8 adı soy adı ata adı qeyd olunmuşdur. 3-cü şəxs alıcı X17 dövlət notariusunda xx.xx.2004-cü ildə alqı satqı müqaviləsinə əsasən 14”B” saylı evə xx.xx.2004-cü ildə seriya FM N» 028892 qeydiyyat vəsiqəsi X6 adına verilmişdir. Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi X11 küçəsi (əvvəlki adı 26 Bakı Komissarı) ev 14 saylı fərdi yaşayış evini yəni mülkünü Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsində 30/26973 saylı, xx.xx.2002-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətindən verdiyi Seriya FM 018235 saylı xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsində hələ də köhnə SSR-dən qalmış küçə ad (26 Bakı Komisarı) və X8 adı soyadı göstərilməklə hələ də qalmaqdadır. İddiaçıya məxsus qeydiyyat vəsiqəsində 3-cü şəxs qonşusu 14 “B” mülkün sahibi X17 öz 14 “B” mülkünü xx.xx.2004-cü ildə başqa bir vətəndaşa X7 notariusla sataraq çıxıb getmişdir. Həmin vətəndaş da öz adına Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətindən xx.xx.2004cü ildə serya FM 028892 saylı qeydiyyat vəsiqəsi almışdır. İddiaçı göstərilən tələblə cavabdehə müraciə etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alındıqdan sonra fərdi yaşayış evinin təqdim edilmiş bölgü sxeminə uyğun bölünməsi üçün tərəflər arasında payların miqdarının müəyyən edilməsi, yaxud payların miqdarının dəyişdirilməsi haqqında müqavilə həm müstəqil sənəd tərtib etmək yolu ilə, həm də hüquqmüəyyənedici sənəddə qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X13 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar aradan qalxıdığından onun üçüncü şəxs kimi prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X18 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. Müvafiq sorğu əsasında cavabdeh qeydiyyat orqanı tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğundakı: -112726 saylı, xx.xx.2001-ci il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan ünvan 2 ünvanındakı evin “B” tikilisini X2. -164319 saylı xx.xx.2002-ci il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanındakı evin özünə aid olan hissəsini İddiaçı satmışdır. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya FM 018235 nömrəli, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 26 Bakı Komissarı küçəsindəki 14 saylı evin “A” tikilisi İddiaçı adına, “B” tikilisi X8 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri 27 saylı DNK-da xx.xx.2004-cü il tarixdə təsdiq edilib, dövlət reyestrində 4Ə-3/528 sayla qeydiyyatı aparılmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17 xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, M.Rəsulzadə qəsəbəsi, 26 ünvan 3 ünvanda yerləşən mülkün «B» tikilisini bütövlükdə X1. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ümumilikdə 530,23 kv.m torpaq sahəsində yerləşən “A” və “B” yaşayış evləri texniki göstəriciləri tərtib edilmişdir. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya FM 028892 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 14 ünvanında yerləşən 14 saylı evin “A” tikilisi İddiaçı adına, “B” tikilisi X6 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsində yerləşən, sahəsi 197,8 kv.m olan fərdi yaşayış evinin “B” tikilisi X6, “A” tikilisi İddiaçı paylı mülkiyyətindədir. -xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X13 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 197,8 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsini X3. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 197,8 kv.m olan fərdi yaşayış evinin “B” tikilisi X15, “A” tikilisi İddiaçı paylı mülkiyyətindədir. -Azərbaycan Respublikasının Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ciil tarixli, xx/xx-16221 nömrəli məktubdan görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi 14 saylı mülki arxiv sənədlərinə əsasən: “A” tikilisi 50,1 kv.m, yaşayış otağı 71,3 kv.m (bağlı eyvan, mətbəx, hamam, giriş, anbar, açıq eyvan, təsərrüfat otağı) köməkçi sahədən ibarətdir. Həyətyani torpaq sahəsində 24 kv.m daş qaraj var; “B” tikilisi 31,7 kv.m iki yaşayış otağı, 59,1 kv.m (dəhliz, hamam-ayaqyolu, mətbəx, qaraj, təsərrüfat otaq) köməkçi sahədən ibarətdir. Beləliklə, işin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan “A” tikilisinə dair tam mülkiyyətçi kimi göstərilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə yönəlmişdir. Başqa sözlə, iddiaçının evin həmin hissəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınıb, o, sadəcə olaraq çıxarışda digər payçının adı göstərilmədən ayrıca çıxarış almaq niyyətindədir. İddiaçı bu tələblə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunzadd olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun isə 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. AR Mülki Məcəlləsindən: -152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. -215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. -215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: -220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. Məhkəmə qeyd edir ki, iki və ya daha çox şəxsin bir əşya üzərində eyni zamanda maliklik hüququna sahib olması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq olaraq, həmin əşyanın onların ümumi mülkiyyətində olmasını təsdiq edir. Qanunvericiliyə əsasən, paylı mülkiyyətdə olan əşya üzərində sahiblik, istifadə və sərəncam hüquqları yalnız bütün payçıların qarşılıqlı razılığı ilə həyata keçirilə bilər. Belə razılıq olmadıqda isə bu münasibətlərin tənzimlənməsi məhkəmə tərəfindən həyata keçirilir. Baxılan iş üzrə iddiaçı öz payının ayrıca qeydiyyatını, yəni hüquqi müstəvidə fərqləndirilməsini və bu paya dair müstəqil çıxarışın verilməsini tələb etmişdir. Cavabdeh hesab edir ki, torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alındıqdan sonra fərdi yaşayış evinin təqdim edilmiş bölgü sxemi əsasında fərdi yaşayış evinə ayrıca çıxarışın verilməsi rəsmiləşdirilə bilər. Lakin məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən işin faktiki hallarını yetərincə araşdırılmamış, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün payçılar arasında razılaşdırılmış bölgü sxeminə ehtiyac olub-olmaması məsələsinə hüquqi qiymət verilməmiş, ən əsası isə torpaq sahəsinə dair hər hansı tələb irəli sürülmədiyi halda, iddiaçının hüquqi marağı nəzərə alınmadan imtina verilmişdir. Belə ki, iş materiallarından aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, reyestr qeydiyyatından çıxarışlara və texniki sənədlərə əsasən iki hissədən – “A” və “B” tikililərindən ibarətdir. Hər iki tikili daşınmaz əmlakın dövlət reyestrində ötən əsrin 90-cı illərindən daşınmaz əmlakın dövlət reyestrində ayrı-ayrı şəxslərin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Qeyd olunan tikililər hazırda müvafiq olaraq iddiaçının və X15 (B tikilisi) mülkiyyətindədir. Həmin mülkiyyət hüquqları notariat qaydasında təsdiqlənmiş əqdlərlə rəsmiləşdirilmiş və dövlət qeydiyyatından keçmişdir. İddiaçı “A” tikilisini xx.xx.2002-ci il tarixdə notarial qaydada təsdiqlənmiş alqısatqı müqaviləsi əsasında əvvəlki mülkiyyətçi X4 əldə etmişdir. Göründüyü kimi, hər iki yaşayış sahəsi ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan bu hüquqlar ayrı-ayrı alqı-satqı müqavilələrinin predmeti olmuş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlar müxtəlif şəxslərə ötürülmüşdür. Qeyd olunan hüquqi aktlar faktiki olaraq mübahisəli ünvandakı fərdi yaşayış evinin struktur baxımından bölgüsünü və hər bir mülkiyyətçiyə aid hissənin sərhədlərini müəyyən etmişdir ki, bu da payların ayrılığını hüquqi baxımdan legitimləşdirir. Cavabdeh tərəfindən isə iddiaçının fərdi yaşayış evinə dair qanuni əsaslarla əldə edilmiş hüquqları nəzərə alınmamış, iddiaçının torpaq sahəsinə dair hər hansı tələb irəli sürmədiyi şəraitdə, sırf torpaq sahəsinə dair hüquqların qeydiyyatı başa çatmadığı üçün fərdi yaşayış evinə dair ayrıca çıxarışın verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Məhkəmənin mövqeyinə görə, iddiaçının özünə məxsus olan “A” tikilisinə dair texniki sənədlərə uyğun şəkildə ayrıca çıxarışın verilməsi tam əsaslıdır. İddiaçı hər hansı əlavə sahəyə deyil, qanunla müəyyən edilmiş və digər hissədən, “B” tikilisindən tam təcrid olunmuş “A” tikilisinə dair ayrıca çıxarışın verilməsini tələb edir ki, bu da hüquqi cəhətdən təmin edilməli olan bir tələbdir. Məhkəmə hesab edir ki, iddiaçıya ayrıca çıxarışın verilməsi həyata keçirilərkən, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2-ci maddələrinin tələbləri baxımından daşınmaz əmlak obyektinə yeni ünvanın verilməsi də təmin olunmalıdır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə mənzilə dair ayrıca çıxarışın verilməsini istisna etmədiyindən, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X11 küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin tam mülkiyyətçisi kimi İddiaçı göstərilməklə evin texniki sənədlərinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi və həmin evə yeni ünvan təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar