Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4441/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə qarşı «müəssisənin ləğvetmə prosesindən çıxarılaraq qeydiyyatda olan qurumların siyahısına əlavə edilməsi, iddiaçıya məxsus səhmlərin dövriyyəsinin bərpa olunması və bunun nəticəsi olaraq dəymiş ziyanın ödənilməsi» barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin təsisçisi İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı «müəssisənin ləğvetmə prosesindən çıxarılaraq qeydiyyatda olan qurumların siyahısına əlavə edilməsi, səhmlərin dövriyyəsinin bərpa olunması və bunun nəticəsi olaraq dəymiş ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdarıdır. ASC öz fəaliyyətini qeyri-qənaətbəxş hesab edərək səhmdarların etirazına baxmayaraq, xx xxxxxx 2017-ci il tarixdə Səhmdarların ümumi yığıncağında qurumun ləğv edilməsi barədə qərar qəbul etmişdir. Hər hansı açıq səhmdar cəmiyyəti ləğvetmə haqqında qərar qəbul etdikdə və AR Vergilər Nazirliyi tərəfindən hüquqi şəxslərin dövlət reyestrinə bu barədə qeyd edildikdən sonra səhmdarlara məxsus səhmlər dəyərsizləşir. Belə ki, İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydalarının 2.13-cü bəndinə əsasən qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi barədə məlumatın dərc edildiyi gündən etibarən onların dövriyyəsinə yol verilmir və onlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir. Normadan göründüyü kimi, ləğvetmə prosesində olan Cəmiyyətin səhmdarları ən əlverişsiz şəraitlə rastlaşırlar. Lakin bütün bu çətinlikləri aradan qaldırmaq məqsədilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslərin ləğvetmə prosesi tənzimlənmişdir. Həmin Məcəllənin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlanmasına səbəb olur. Normadan göründüyü kimi, hüquqi şəxs tərəfindən ləğv prosesi bir il ərzində başa çatdırılmadığı halda, Cəmiyyət yenidən səhmdarların ümumi yığıncağını çağırmalı və bütün prosesləri yenidən həyata keçirməlidir. Odur ki, “ləğvetmə prosesində” statusundan avtomatik olaraq çıxarılmış Cəmiyyət qeydiyyatda olan cəmiyyətlərin sırasına daxil edilməlidir. Cəmiyyətin yenidən ləğv edilməsi üçün səhmdarların ümumi yığıncağı çağırılmalı və bununla bağlı bütün zəruri tədbirlər görülməlidir. Qanunvericilikdə bu mexanizm imperativ qaydada təsbit olunmuşdur və müvafiq icra hakimiyyətinə heç bir diskresion səlahiyyət verilməmişdir. Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq, adıçəkilən Cəmiyyətin ləğvetmə prosesi bir il müddəti bitsə də, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən bərpa edilmişdir. Halbuki, qanunvericilikdə bərpa proseduru nəzərdə tutulmamışdır. Bununla da, Azərbaycan Respublikasının Vergilər Nazirliyi səhmdar kimi ona (iddiaçıya) maddi və mənəvi ziyan vurmuşdur. Onun səhmləri bir investisiya alətidir. Bazarda olan hər bir hal əlində olan səhmləri satmaq imkanı yaradır. Lakin, Vergilər Nazirliyinin bu cür qanunsuz hərəkəti biz minoritar səhmdarların hüquqlarının həyata keçirilməsində maneçilik törətmişdir. Vurulmuş mənəvi ziyan ilə bağlı aşağıdakıları qeyd edilir: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusu, eləcə də vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Belə zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Göstərilənlərə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il qərarının müddəalarına və İPM-in 68-ci maddəsinə əsaslanaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvetmə prosesindən çıxarılaraq qeydiyyatda olan qurumların siyahısına əlavə edilməsi, səhmlərin dövriyyəsinin bərpa olunması və bunun nəticəsi olaraq 2.000 manat maddi və 20.000 manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X3 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə iddiua ilə bağlı aşağıdakı məzmunda vəsatət təqdim etmişdir: - Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli 845 nömrəli "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il 136 nömrəli qərarı ilə “İnzibati orqanların Təsnifatı” təsdiq edilmiş və həmin təsnifatın 15.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında ərazi vergilər idarələri inzibati orqan kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx xxxxxxx 2019-cu il tarixli **********270700 nömrəli əmri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergilər idarələrinin Əsasnaməsi təsdiq edilmişdir. Qeyd edilən Əsasnamənin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin struktur bölməsi olan X5 öz səlahiyyətləri daxilində kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin, habelə ailə kəndli təsərrüfatlarının və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotu, dövlət vergilərinin, nəzarəti vergi orqanlarına həvalə edilmiş digər büdcə daxilolmalarının, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanması, onların vaxtında və tam məbləğdə müvafiq olaraq dövlət büdcəsinə, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına köçürülməsi sahəsində tədbirləri həyata keçirir, müvafiq sahədə fəaliyyətin effektivliyinə və qanunvericiliyə uyğun icrasına cavabdehdir və buna görə məsuliyyət daşıyır. Həmin Əsasnamə üzrə kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və həmin məlumatlarda edilmiş dəyişikliklərin qeydə alınmasını təşkil etmək və bu sahədə qanunvericiliyə riayət olunmasını təmin etmək, hüquqi şəxslər müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə onların dövlət reyestrindən çıxarılmasını təmin etmək ərazi vergilər idarələrinin əsas fəaliyyət istiqamətləridir. İddia tələbinin yönəldilməli olduğu subyekt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti deyil. Odur ki, cavabdehlər siyahısından AR İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin çıxarılmasına və Dövlət Vergi Xidmətinin 8 saylı X4 cavabdeh qismində icraata cəlb edilməsinə zərurət yaranmışdır. MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı X5 ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iş üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC İddiaçı ilə əvəz edilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə cavabdehin dəyişdirilməməsində israrlı olduğunu qeyd etdi və iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinə qarşı qaldırılan hazırkı iddianın mümkünsüz olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, iddiaçı üç tələb irəli sürür: - “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvetmə prosesindən çıxarılaraq qeydiyyatda olan qurumların siyahısına əlavə edilməsi; - iddiaçıya məxsus səhmlərin dövriyyəsinin bərpa olunması; - iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi. Məhkəmə vurğulayır ki, iddiaçının irəli sürdüyü tələblərdən ilk ikisi (1-ci və 2-ci tələblər) üzrə məsələlər hazırkı cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin özünün deyil, Xidmətə tabe olsa da, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin səlahiyyəti daxilindədir. İddiaçının üçüncü, yəni dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu tələb əvvəlki tələblərdən asılı və törəmədir, ona görə bu tələb də hazırkı cavabdehə qarşı yönələ bilməz. Beləliklə məhkəmənin qənaətinə görə hazırkı cavabdeh AR İN yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia (hər üç tələb) mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4441/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4441/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver