Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4441/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla “təyin edilmiş əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işin materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.08.2017-ci il tarixdə 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin olunmuş əlilliyin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən xx.xx.1997-ci ildə Tərtər rayonu, Düyərli kəndində doğulmuş ona yəni, İddiaçı 24.08.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin etibarsız olunduğu 27.11.2019-cu il tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda “Lələ-Təpə” istiqamətində döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilldir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 24.08.2017-ci ildə ona 2-ci qrup əlillik təyin edilmişdir və lazım olan sənədlərlə təmin edilmişdir. Sonradan elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlillik vəziyyətim əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək, pensiya və təqaüdü dayandırılmışdır. Bu barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi mənim əlil hüquqlarımı əsasız olaraq pozmuşdur, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinin elektron sistemdə etibarsız edilməsi əsassız və qanunsuzdur, bu səbəbdəndə onun yenidən qiymətləndirilməyinə ehtiyac yoxdur, çünki, o, 24.08.2017-ci ildə qiymətləndirilmişdir və 5 il müddətinə yəni 24.08.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Hesab edir ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi əsassız olaraq əliliyinin ləğv etdiyi üçün etibarlı bərpa edilməli və Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin 24.08.2017-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 5 il müddətinə yəni 24.08.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyim bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 10.12.2021-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X6 məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıya məxsus 08.04.2018-ci il tarixdə ASAN 4 tərəfindən verilmiş AZE seriyalı 18009484 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1997-ci ildə Tərtər rayonu, Düyərli kəndində doğulmuş İddiaçı, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məərkəzi Hərbi Həkim Komissiyasının 16 fevral 2017-ci il tarixli 492 №-li qərarından görünür ki, Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən 2015-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Ziyafədain oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 04.04.2016-cı ildə aldığı və 04.04.2016-cı ildən 05.04.2016-cı ilə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz : “Partlayış travması. Kürək nahiyyəsinin çoxsaylı səthi kor qəlpə yaralanmasına və sağ budun orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi əməliyyatından sonrakı vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsinin 06.02.2017-ci il tarixli 306 nömrəli göndərişi, 06.02.2017-ci il tarixli 36 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş 05.04.2016cı il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHK-nın 575 nömrəli 16.02.2017-ci il tarixli protokolu. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda qeyd olunmuşdur ki, 4110003AABQW saylı göndərişlə göndərilmiş № 088 saylı arayış əsasında 24 avqust 2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində, iddiaçıya ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 24.08.2022-ci il tarixə qədər müəyyən olunmuşdur. Əlillik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 29.03.2022-ci il tarixli **********3 №-li məktubunda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABQW nömrəli göndərişi əsasında 24.08.2017-ci ildə elektron qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə İddiaçı daxili işlər orqanlarına aidiyyəti olmadığından, ona dair tərtib olunmuş 4110003AABQW nömrəli göndəriş 27.11.2019-cu ildən etibarsız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən qiymətləndirilir. Bununla əlaqədar, qeydiyyatda olduğu dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və tibbi göstəriş olarsa göndəriş (Forma-088) rəsmiləşdiriləcəyi təqdirdə, İddiaçı əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 29.03.2022-ci il tarixli **********3 №-li məktubu ilə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Tibbi-Sosial Ekspert Komissiyasının 22.08.2017-ci il tarixli 4110003AABQW №li göndərişində “X1: XX sinif- Xəstələnmənin və ölümün xarici səbəbləi=>Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar =>Y36-Hərbi əməliyyatlar =>Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər......Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması nəticəsində kürək ,sağ döş gəfəsinin və sağ budun orta 1/3-nin kor və dəlib keçən çoxsaylı gəlpə yaralanmasından sonrakı vəziyyəti.Sağ ağ ciyərin yaralanması,hemopnevmotoraksa görə aparılmış Bilau əməliyyatından sonra inkişaf edən plevral bitişmələrdən sonrakı xroniki ağ ciyər tənəffüs çatmamazlığı ll-lll dərəcə.Paraplegiya və tetraplegiya, Sağ oturaq sinirinin yaralanmasından sonrakı aşağı ətrafın parezi.Əzələlərin atrofiyası.Yerişin əhəmiyyətli dərəcədə pozulması. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8 etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması ( G30- G32.9, G80-G80.9) Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən tibb idarəsinin 4110003AABQW saylı göndərişi əsasında 22.08.2017-ci il tarixdə iddiaçıya beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş və Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlama nəticəsində 4110003AABQW nömrəli göndəriş əsasında təyin olunmuş əlillik 27.11.2019-ci il tarixdən etibarsız hesab edilmişdir. Hazırda iddiaçı əlillik dərəcəsinin bərpa olunmasını istəyir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Əsasnamənin 2.2.8-ci bəndində göstərilmişdir ki, etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9) hallarında ikinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş 4110003AABQW saylı forma 088 saylı göndərişi əsasında 22.08.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə İddiaçı daxili işlər orqanlarına aidiyyəti olmadığından, ona dair tərtib olunmuş 4110003AABQW nömrəli göndəriş 27.11.2019-cu ildən Əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətin təmin edilməsindən yuxarıda göstərilən əsasla imtina edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən rəsmiləşdirilmiş 22.07.2017-ci il tarixli 4110003AABQW saylı, forma 088 etibarsız hesab edilməsi barədə sərəncam təqdim edilməmişdir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1997-ci ildə Tərtər rayonu, Düyərli kəndində doğulmuş İddiaçı təyin olunmuş ikinci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 24.08.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin etibarsız olunduğu 27.11.2019-cu il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4441/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4441/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver