Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4443/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 4də yerləşən 3 saylı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi "Sahil-D kompani” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi üçün həmin əmlak üzərində "Sahil-D kompani” MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 81 kv.metr olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, “11” sentyabr 2017-ci il tarixdə "xxxx" MMC-də 81.53 kv.m-dən ibarət olan 95.000 manat ödəyərək rəsmi qaydada maliyyə arayışı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsini almışdır. Dəfələrlə onun və "xxxx" MMC tərəfindən cavabdehə müraciət olunaraq qanunvericiliyə uyğun olaraq mülkiyyətinə dair çıxarış verilməsi xahiş olunsa da, bu günə qədər müsbət cavab alınmamış, həmin ünvana cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə analoji qeyri-yaşayış sahəsinə çıxarış verilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2017-ci il tarixli 21 saylı müqavilədən görünür ki, satıcı "xxxx" MMC ünvan 2 ünvanda inşa edilən 3 saylı yaşatış binasının zirzəmisində yerləşən ümumi tikinti sahəsi 81,53 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən Alıcı” yuxarıda göstərilən yaşayış binasını ümumi sahəsi 81,53 kv.m.-dən ibarət olan, qeyri-yaşayış sahəsinin hər kv.m. üçün 1166 manat Azərbaycan Respublkasının Milli Bankının kürsuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 95 000) manat təşkil edir. - xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu yaşayış binasının zirzəmisində yerləşən ümumi tikinti sahəsi 81,53 kv/m olan qeyri-yaşayış sahəsinin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Onun "xxxx" MMC-yə borcu yoxdur. - "xxxx" MMC-nin cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli 37 saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim olunan, MMC-nin ünvan 3 ünvanda inşa etdiyi 1, 2, 3 və 4 saylı binalar istismara təhvil verilmişdir. 3 saylı binanın zirzəmisində ümumi tikinti sahəsi 81,53 kv.metr olan qeyriyaşayış sahəsi 21 saylı, 11 sentyabr 2017-ci il tarixli müqavilə ilə İddiaçı satılmışdır. Göstərilən qeyri-yaşayış sahəsinin dəyəri MMC-yə tam ödənilmiş və ona 11 sentyabr 2017-ci il tarixli maliyyə arayışı verilmişdir. O, həmin qeyri-yaşayış sahəsini tam təmir edərək, orada avtomobil sətlərinin cilalanması üçün istifadə edir. Odur ki, cavbdehdən qeyd olunan qeyri-yaşayış sahəsinə çıxarış verilməsi üçün aidiyyəti şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur. - 10.02.2020-ci il tarixli, 336 nömrəli istismara icazə sənədindən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 4, 4 ədəd 1 girişli, zirzəmili, 24 mərtəbəli yaşayış binasının istismarına icazə verilmiş, sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) kimi “İSR Holding” Şirkətlər Qrupu ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) göstərilmişdir. - İşdə olan xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 81.53 kv.metr, faktiki sahəsi 81 kv.metrdir. İddiaçı hazırda həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydə alıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixli 21 nömrəli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). İşin yuxarıda sadalanan hallarına əsasən aydın olur ki, mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinin sifarişi üzrə xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında müqavilə bağlanmış, əmlakın dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmışdır. Bu da iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. Belə olan halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1 və 8-ci maddələri ilə tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim olunmamasının məsuliyyəti iddiaçıya aid edilə bilməz. Buna görə də hazırkı iş üzrə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilə iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdehin istinad etdiyi həmin əmlak üzərində "Sahil-D kompani” MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, "Sahil-D kompani” MMC tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə inşa etdiyi binadakı qeyri-yaşayış sahəsini dəyərini almaqla satmışdır. Ona görə də həmin əmlaka dair "Sahil-D kompani” MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir. Belə ki, Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış binasında yerləşən sahəsi 81 kv.metr olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4443/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4443/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver