Məhkəmə qərarları › İş №2-1(112)-4444/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4444/2020

23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4444/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nüməyəndəsi X2 iştirakı ilə iddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi yolun açılması və maneələrin aradan qaldırılması»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi yolun açılması və maneələrin aradan qaldırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 883 saylı ümumi sahəsi 0,06 ha torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixli AN-İ ******* saylı 4Ə-267 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 75.000 manat müqabilində satıcı X1 almışdır. Həmin müqavilə əsasında onun (iddiaçının) göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən x xxxxxx 2014-cü il tarixdə RX seriyalı ******* nömrəli çıxarış və AA 064424 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Eyni zamanda, Bakı şəhəri, Badmdar qəsəbəsi, 3-cü yaşayış massivi, 884a saylı ümumi sahəsi 0,06 ha torpaq sahəsi xx xxxxxx 2014-cü il tarixli AN-İ ******* saylı 4Ə-268 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 75.000 manat müqabilində satıcı X5 tərəfindən ona satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında onun adına göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən x xxxxxx 2014-cü il tarixdə RX seriyalı ******* saylı çıxarış və AA 064425 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Qeyd olunan torpaq sahələri qonşuluqda yerləşdiyindən, vahid ərazi olaraq iddiaçı tərəfindən hasarlanmış və ümumi giriş qapısı (darvaza) qoyulmuşdur. Bir müddət əvvəl məlum olmuşdur ki, iddiaçının xüsusi mülkiyyətində olan həmin torpaq sahəsinə gedən yol darvaza qoyularaq kəsilmişdir. Bu səbəbdən onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş mümkünsüz olmuşdur. Xüsusi mülkiyyətdə olan torpaq sahəsi başqa tərəflərdən ayrı-ayrı şəxslərin torpaq sahələri ilə əhatə olunduğundan, torpaq sahəsinə yalnız ümumi istifadədə olan bu yolla getmək mümkündür ki, hazırda da bu yol naməlum şəxslər tərəfindən bağlanmışdır. Xüsusi mülkiyyətində olan sözügedən torpaq sahələrinə gedən ümumi istifadədə olan yolun qanunsuz olaraq naməlum şəxslər tərəfindən bağlanması onun mülkiyyət hüququnu kobud surətdə pozduğundan, iddiaçı müvafiq qanunvericilik aktlarının tələblərinə, eləcə də «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nə istinadən ümumi yolun açılması üçün müvafiq tədbirləri görülməsi ilə bağlı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Müraciətə əsasən ümumi yolun açılması üçün zəruri tədbirləri təmin etməli olan cavabdeh təşkilat bunun əvəzinə sözügedən müraciəti baxılması üçün göndərdiyi Badamdar qəsəbə nümayəndəsi vasitəsilə faktiki olaraq müraciətin icrasından imtina etməklə həmin müraciəti formal əsasla cavablandırmışdır. Belə ki, sözügedən qəsəbənin nümayəndəsi tərəfindən faktiki olaraq ona iddiaçıya xx xxxxx 2020-ci il tarixdə təqdim edilən x xxxxx 2020-ci il tarixli 56 nömrəli məktubunda göstərmişdir ki, xx xxxx 2020-ci il tarixli qeydiyyatla Bakı şəhəri Səbail RİH-dən daxil olmuş H-06 saylı ərizə ilə əlaqədar müvafiq məhkəmə orqanlarına müraciət olunmalıdır. Hesab olunur ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi yolun açılmasının təmin edilməsi barədə cavabdehə ünvanlanmış ərizənin icrasından yuxarıda göstərilən formal cavabla faktiki olaraq imtina etməsi qanunsuz və əsassızdır. Odur ki, göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 68, 124-cü maddələrinin, İPM-in 2.2.3, 34, 45 – 47-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 1.4, 3.1.3, 3.9.1, 3.9.4-cü bəndlərinin tələblərinə əsaslanaraq, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 883 saylı və həmin ünvanda yerləşən 884a saylı torpaq sahəsinə gedən ümumi yolun açılması və həmin yola qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini, işə məhkəmədə baxılmalı olduğunu bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməyə görə yerli icra hakimiyyəti başçısı: (3.1.3) müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin edir; (3.9.1) müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; (3.9.4) küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işinin təşkilinə nəzarəti həyata keçirir. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına görə iddiaçının tələbi naməlum şəxslər tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi yolun bağlanması ilə bağlı müvafiq tədbir görülməsi və son nəticədə həmin sahəyə gedən yolun bərpa olunması barədədir. Göründüyü kimi, iddiaçının tələbi naməlum şəxslərə qarşı olsa da, mülki xarakterlidir. İddiaçının istinad etdiyi normalara (müvafiq Əsasnamənin 3.1.2, 3.9.1, 3.9.4cü bəndləri) gəldikdə isə, həmin müddəalar mülki mübahisə zamanı yaranmış manelərin aradan qaldırılması üçün nəzərdə tutulmamışdır. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Səbail RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar