Məhkəmə qərarları › İş №2-1(112)-4444/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4444/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4444/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi 7a; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: X4, Hüquqi təminat və insan resursları şöbəsinin böyük məsləhətçisi) iştirakı ilə, iddiaçı - İddiaçı2 cavabdeh - Azərbaycan Respublikası X4nə qarşı “ümumi müsahibədə iştirakın təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X3rşı iddiaçıların 2018-ci ildən əvvəl dövlət qulluğuna qəbul edildiyini, ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olduqlarını nəzərə alaraq onların ümumi müsahibədə iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 27.04.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 27.04.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında “İddiaçı1 cavabdeh Azərbaycan Respublikası X3rşı iddiaçıların 2018-ci ildən əvvəl dövlət qulluğuna qəbul edildiyini, ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olduqlarını nəzərə alaraq onların ümumi müsahibədə iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, X2 2003-cü il 15 iyul tarixdən 2019-cu il 16 oktyabr tarixədək Kürdəmir Rayon İcra Hakimiyyətində işləmişdir. Ümumi dövlət qulluğu stajı 16 il 3 ay təşkil edir. X4 iddiaçının yuxarıda qeyd olunan müddət uzrə dövlət qulluğu stajı nəzərə almamış, iddiaçının ümumi müsahibədə iştirak etmək hüquqlarını məhdudlaşdıraraq onun ümumi müsahibədə iştirak etmə ilə bağlı müraciətinə imtina cavabı vermişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə birgə ərizə təqdim edərək, inzibati işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinə daxil edilmiş məlumatlara əsasən İddiaçı2 15.07.2003-cü il tarixdən 16.10.2019-cu il tarixədək Kürdəmir Rayon İcra Hakimiyyətində qulluq keçmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin birinci hissəsinə əsasən birinci- beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinciyeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə - ümumi müsahibə yolu ilə həyata keçirilir. Adı çəkilən Qanuna 1 may 2018-ci il tarixli 1114-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən qeyd edilən maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir. Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) dedikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il 435 nömrəli Fərmanının 3.23-cü bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlarda, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələrində, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində qulluq keçən şəxslər nəzərdə tutulur. Dövlət qulluğuna dair qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəliklərində inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında yuxarıda adı çəkilən Qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir. Bu müddəa “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 12 fevral 2008-ci il tarixli 546-İİİQD nömrəli Qanununa əsasən 29.2-ci maddənin məzmununa daxil edilmiş və həmin Qanun 14 may 2008-ci il tarixdə qüvvəyə minmişdir. Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul isə müsabiqə (test imtahanı və müsahibə) əsasında aparılır. Qanunvericilik yerli icra hakimiyyəti orqanlarında, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələrində, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması üçün həmin vəzifə iddiasında olan şəxsləri dövlət qulluğuna qəbulla bağlı müsabiqədən azad etməklə, bu vəzifələrin tutulmasının yalnız müsahibə vasitəsilə həyata keçirilməsini təsbit etmişdir. Bu səbəbdən dövlət qulluğuna qəbulu iki mərhələdən (test imtahanı və müsahibə) ibarət müsabiqə əsasında həyata keçirilən dövlət orqanlarında mövcud olan vakant inzibati vəzifələrin tutulması məqsədilə elan edilmiş ümumi müsahibələrdə həmin kateqoriyadan olan dövlət qulluqçularının (şəxslərin) iştirakları qanunvericiliklə məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin B 245837 nömrəli Diplomuna əsasən İddiaçı2 2012-ci ildə Ümumi iqtisadiyyat Maliyyə və və kredit ixtisası üzrə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin bakalavr pilləsini bitirmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 29.2-ci maddəsinin 4-cü hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir. 1 may 2018-ci il tarixli 1114-VQD nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən 29.3-cü maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir.”. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazında istinad etdiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəaları 01.05.2018-ci il tarixdən sonra qəbul edildiyindən həmin müddəaların iddiaçıya münasibətdə şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Prezidentinin ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1386-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 25 yanvar 2019-cu il tarixli 485 nömrəli Fərmanı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 3-cü hissəsi yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.23-cü bəndinə əsasən həmin Qanunun 28.12-ci maddəsinin birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü və dördüncü hissələrində, 29.3-cü maddəsinin birinci və ikinci hissələrinin birinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə qeyd edir ki, cəmiyyətin inkişafı yeni normativ hüquqi aktların, o cümlədən qanunların qəbul edilməsinə və ya dəyişdirilməsinə ehtiyac yaradır. Ümumi qaydaya görə qəbul olunmuş normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur və həmin aktlar yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Göstərilən qayda hüquq subyektləri arasında münasibətlərdə sabitlik, hüquq qaydasının möhkəmliyinə inam yaradır. Bununla belə normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi də istisna olunmur. Bir qayda olaraq şəxsin hüquqi vəziyyətini yaxşılışdıran, onun hüquq və azadlıqlarını daha yüksək səviyyədə müdafiə edən normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin normaya uyğun olaraq hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təminatı hüququn bütün sahələrini əhatə edir və qəbul olunan normativ hüquqi aktlara şamil olunur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş İddiaçı2 barəsində məlumatlardan müəyyən edilir ki, İddiaçı2 2003-cü ildən Kürdəmir Rayon İcra Hakimiyyətində çalışmış, 2012-2019-cu illərdə isə inzibati vəzifədə qulluq keçmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı2 yerli icra hakimimiyyəti orqanında 2012- 2019-cu illərdə inzibati vəzifədə qulluq keçməsi, yəni “Dövlət qulluğu haqqında” Qanuna müvafiq müddəa (29.3-cü maddənin birinci hissəsinin ikinci cümləsi) əlavə olunandək (01.05.2018-ci ilədək) iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı2 Rayon İcra Hakimiyyətində 2012-2019-cu illərdə inzibati vəzifədə qulluq keçməsi, yəni iddiaçının ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazında istinad etdiyi qanunvericiliyin normaları 01.05.2018-ci il tarixdən sonra qüvvəyə mindiyindən və həmin müddəalar iddiaçının vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq isə hüquqi və ya fiziki şəxsin vəziyyətini pisləşdirən heç bir normativ hüquqi aktın, o cümlədən qanunun hüquqi qüvvəsi geriyə şamil edilmədiyindən, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı2 2018-ci ildən əvvəl dövlət qulluğuna qəbul edildiyini, ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olduğunu nəzərə alaraq onun ümumi müsahibədə iştirakının təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı2 2018-ci ildən əvvəl dövlət qulluğuna qəbul edildiyini, ümumi müsahibədə iştirak üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olduğunu nəzərə alaraq onun ümumi müsahibədə iştirakının təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası X4nin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar