Məhkəmə qərarları › İş №2-1(112)-4444/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4444/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4444/2022 15.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X12 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, **********1258 nömrəli qərarının və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, **********1258 nömrəli qərarının və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdehin rəis müavini müvəqqəti icra edən baş idarə rəisinin 1-ci müavini vergi xidmət müşaviri X16 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 49 və 58.10-cu maddələrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 12.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edələrək iddiaçını vergi məsuliyyətinə cəlb etmiş və xx.xx.2021-ci il tarixədək 12.000 manat məbləğinin büdcəyə ödənilməsinin təmin edilməsini göstərmişdir. İddiaçı qərarını poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə almışdır. O hesab edir ki, qərar və maliyyə sanksiyası əsassız və qanunsuzdur, ona görə də ləğv edilməlidir. İddiaçı dövlət qeydiyyatdan keçməklə fiziki şəxs olaraq VÖEN açmış, kiçik sahibkarlıqla məşğul olur. Cavabdehin xx.xx.2021-ci il tarixli **********1258 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı bu sahədə qüvvədə olan qanunvericiliyə zidd olduğuna və qaydalara əmək edilmədən tərtib edildiyinə görə ləğv edilməlidir. İddiaçının icarədə olan “Təndir-Kabab” kafesində işçilərin müvafiq əmək müqavilələri olmadan işlərə cəlb edilməsi barədə yazılanlar həqiqəti əks etdirmir. Beləki, həmin şəxslərin qeyri rəsmi işləməsini təsdiq edən, ümumiyyətlə işləməsinə dəlalət edən hər hansı bir sübut toplanmamışdır. Obyektdən kənar bir neçə şəxsi saxlayaraq onların məlumatları əldə edilmiş və guya qeyri-qanuni işlədilməsini müəyyən etmişlər. Əslində isə həmin vətəndaşların “Təndir- Kabab” kafesinə heç bir aidiyyatı yoxdur. Eyni zamanda həmin 6 şəxsin şəxsiyyəti müəyyən edilməmiş, yaşadıqları faktiki və hüquqi ünvanlar müəyyən edilməmiş və onlardan hər-hansı izahatlar alınmamışdır. Yalnız həmin şəxslərin şəxsiyyətləri müəyyən olunduqdan və onlardan izahat alındıqdan sonra onların “Təndir-Kabab” kafesində işlədilməsi halı müəyyən oluna bilərdi. Göstərilən səbəb və əsaslara görə cavabdehin məlum qərarı və tətbiq etdiyi maliyyə sanksiyaları ləğv edilməlidir. Başqa yandan, Vergi orqanı Vergi Məcəlləsinin müddəalarını kobudcasına pozmuşdur.Belə ki, Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərini kobudcasına pozaraq onlara hər-hansı müraciət daxil olmadığı halda qanunsuz olaraq operativ vergi nəzarətin həyata kçirilməsi barədə qərar qəbul etmiş və bə qərarı qanunsuz şəkildə icra etmişdir. Vergi orqanı Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində çıxarış almadan yoxlama aparmışdır. Halbuki Prezidentinin sərəncamına əsasən 2021-ci ilin 31 dekabr tarixinədək bütün yoxlamalar və monitorinqlər qadağandır. Vergi orqanı Dövlət Başçısının həmin sərəncamında göstərilənlərin əksini edərək, heç bir qanuni əsaslar olmadan iddiaçını külli miqdarda cərimə etmişdir. Vergi əməkdaşları real faktlara əsaslanmadan saxta şəkildə aktlar tərtib etmişlər. Belə ki, əllə yazılan Aktın surəti imzalanmış, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokolda isə tarixində düzəliş edilmişdir. Bu tərib edilmiş bütün sənədlərin reallığı əks etdirmədiyini və saxta olmasını birmənalı olaraq sübut edir. Göründüyü kimi, Vergi orqanı Vergi məcəlləsinin tələblərini, ələcədə Prezidentin məlum sərəncamının tələblərinə zidd olaraq Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əldə etmədən yoxlama aparmış, saxta və əsassız akt, protokol tərtib edərək iddiaçıya qarşı vergi sanksiyası tətbiq etmişlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh göstərmişdir ki, xx.xx.2021-ci il tarixli **********5497 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı habelə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu və 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005350 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərək fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxələrin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********1258 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qəbul olunaraq vergi ödəyicisinə müvafiq olaraq 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********530200 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 11:15:59-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Göründüyü kimi, iddiaçı ümumi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış İddiaçı xx.xx.2021-ci il tarixli izahatına əsasən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Təndir kabab” kafesində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər fizili şəxsdən 2 nəfəri ilə əmək müqaviləsi bağladığını digər 6 nəfəri ilə əmək müqaviləsi bağlanmadığını etiraf edərək, həmin 6 nəfər ilə də əmək müqavilələrinin tez bir zamanda bağlanacağını bildirmişdir. X1 xx.xx.2021-ci il tarixli izahatına əsasən o, xx.xx.2021-ci il tarixdən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Təndir kabab” kafesində İddiaçı tərəfindən “qutabçı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 08:00-20:00-dək olduğunu, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X9 da öz növbəsində İddiaçı tərəfindən işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olnadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-21:00-dən olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X6 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xudməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 11:00-23:00-dək olduğunu, əmək haqqının aylıq 450 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X10 da 4 aydır ki, şifahi razılıq əsasında İddiaçı tərəfindən xadimə vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 07:00- 19:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə qeyd edilən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən iddiasını təsdiq edən sübut qismində məhkəməyə “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” məktubu, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********1205 nömrəli tələbnaməni, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 003549 nömrəli protokolu, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********5505 nömrəli tələbnaməni, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” 02 noyabr 2021-ci il tarixli, 005350 nömrəli aktı və ona əlavələri təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə cavabdehin etirazını təsdiq edən sübut qismində “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********5514 nömrəli qərarının, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********5505 nömrəli tələnnamənin, xx.xx.2021-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”ların, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9057 nömrəli qərarın, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1204 nömrəli qərarın, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********1205 nömrəli tələbnamənin, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 003549 nömrəli protokolun, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” 02 noyabr 2021-ci il tarixli, 005350 nömrəli aktın və ona əlavələrin, xx.xx.2021-ci il tarixli aktın, Əmək müqaviləsi bildirişləri barədə məlumatın, X10, X7, X8, X2 şəxsiyyət vəsiqələrinin, X11 və X4 şəxsiyyət vəsiqəsi məlumatlarının, habelə operativ yoxlama zamanı izahatı alınmış şəxslərin – İddiaçı, X3, X4, X5 və X2 izahatlarının surətlərini təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Eldar Babayev 10D ünvanda yerləşən “Təndir Kabab” kafesində operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, operativ vergi nəzarətinin nəticəsində 6 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, DVX 005350 nömrəli akt tərtib edilmiş və həmin aktın əsasında iddiaçıya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1204 nömrəli qərar qəbul edilmişdir və həmin qərarla iddiaçıya 12000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda iddiaçı məhkəmədə qərarın və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinn 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;.. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:..50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 44-ü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağıanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib eidlir. Əmək müqaviləsi iki nüsxdən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işmidə digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabşasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləin xitam verilməsu barədə müvafiq qeydləri yazmalıdır. İşin faktiki hallarına əsasən iddiaçı 6 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan “Təndir-Kabab” adlı obyektdə müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya münasibətdə iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan 6 nəfər şəxsin izahatlarında onların obyektdə işləmələri, tutduqları vəzifələri, iş rejimləri, aldıqları əmək haqları göstərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Beləliklə, məhkəmədə aparılan inzibati araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, **********1258 nömrəli qərarının və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, **********1258 nömrəli qərarının və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar