Məhkəmə qərarları › İş №2-1(112)-4444/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4444/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4444/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Xətai RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xətai RİH tərəfindən ona xx.xx.2022-ci il tarixindən qərar çıxarılan tarixədək ödənilməmiş hər ay üçün 375 manat və ona mənzil verilən tarixədək davamlı olaraq hər ay nəzərdə tutulmuş məbləğdə kirayə pulunun ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2000-2021-ci illərdə 21 il Azərbaycan Ordusunda şərəflə zabit rütbəsində qüsursuz xidmət etmişdir və mayordur. Xidmətinin tamamını ön xəttdə ən agır hərbi hissələrdə olmuşdur və bir gün də olsa belə ehtiyyat və ya arxa təyinatlı hərbi hissələrdə olmamışdır. Azərbaycan Respublikasının müdafiəsi zamanı, Döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı zamanı agır yaralanmışdır. Ordu sıralarından təxris olunmudur. Ayaq və qol qüsuru vardır. Əlildir və prezident təqaüdçüsüdür. Dəfələrlə medal və fərmanlarla təltif olunmuşdur. Ehtiyata buraxıldıqdan sonra xx.xx.2021-ci il tarixindən Xətai RİH-də ehtiyatda olan zabit kimi mənzil növbəsində uçota durmuşdur və hər ay 375 manat məbləğində kirayə pulu ilə təmin olunmuşdur. Müalicələri bitdikdən sonra 2022-ci ildə ona əlilik təyin olunmuşdur. xx.xx.2022-ci il tarixində Xətai RİH müharibə əlili kimi mənzil növbəsində duran andan kirayə pulu kəsilmişdir. Artıq bir ildir ki, ona nə, mənzil nə də ki, kirayə pulu verilmişdir. Qeyd olunanlarla əsasən cavabdehə müraciət edilsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, imtinanın əsasları qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Xətai RİH-nin xx.xx.2024-cü il tarixli, № 5-11/2- 64/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: Cavabdeh Xətai RİH-nin iddia tələbinə dair yazılı mülahizəsində (etiraz) göstərilmişdir ki, İddiaçı iddia ərizəsində kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdeh Xətai RİH-nin üzərinə qoyulmasını xahiş edir. İddiaçı Xətai RİH Başçısının xx.xx.2021-ci il tarixli, 332 saylı Sərəncamına əsasən 4 nəfər (özü, h/yoldaşı, 2 qızı) ailə tərkibi ilə ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli mənzil növbəsinə alınmış, lakin əlilliyi təyin olduğundan rayon İcra Hakimiyyətinə müraciət edərək sərəncamda qismən dəyişiklik edilməsini xahiş etmiş və Xətai RİH Başçısının xx.xx.2022-ci il tarixli, 554 saylı sərəncamına əsasən 3-cü dərəcə Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə alınmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci bəndinə əsasən yalnız 15 təqvim ilindən artıq hərbi xidmətdə olan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və micmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil növbəsinə alınaraq mövcud qanunvericilik əsasında Azərbaycan Respublikası NK-nin 174 N°-li qərarına əsasən müəyyən etdiyi məbləğdə və qaydada yalnız hərbi qulluqçular müvəqqəti olaraq kirayə xərclərinin ödənilməsi ilə təmin olunurlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmadığından iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçların əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçılar həmin tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Xətai RİH-nin “vət. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə alınması haqqında” xx.xx.2021-ci il tarixli, № 332 saylı sərəncamının surətindən müəyyən olunur ki, İddiaçı 4 nəfər (özü, arvadı, 2 qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınması və ehtiyatda olan zabit kimi güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. Xətai RİH-nin “Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 332 saylı Sərəncamda qismən dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, № 554 saylı sərəncamın surətindən müəyyən olunur ki, vət. İddiaçı mənzil növbəsində qismən dəyişiklik edilərək onun 4 nəfər (özü, arvadı, 2 qızı) ailə tərkibi ilə 3-cü dərəcə Vətən müharibəsi əlili kimi güzəştli siyahıya əlavə edilməsi və İddiaçı 4 nəfər (özü, arvadı, 2 qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsində (mənzil növbəsində olduğu müddətdən) xx.xx.2021-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Xətai RİH-nin xx.xx.2023-cü il tarixli, 5-11/2-H-180-029/2023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, o, Xətai RİH Başçısının xx.xx.2022- ci il tarixli, 554 saylı sərəncamına əsasən (xx.xx.2021-ci il tarixdən hesablanmaqla) 4 nəfər (özü, arvadı, 2 qızı) ailə tərkibi ilə 3-cü dərəcə Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürülmüşdür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci bəndinə əsasən yalnız 15 təqvim ilindən artıq hərbi xidmətdə olan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və micmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil növbəsinə alınaraq mövcud qanunvericilik əsasında Azərbaycan Respublikası NK-nin 174 №-li qərarına əsasən müəyyən etdiyi məbləğdə və qaydada müvəqqəti olaraq kirayə xərclərinin ödənilməsi ilə təmin olunurlar. Yuxarıda qeyd olunanlara və qüvvədə olan mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq xahişi təmin edilməsi imkanları xaricindədir. Məhkəmənin müvafiq sorğusuna əsasən Xətai RİH-nin xx.xx.2024-cü il tarixli, № 5- 11/2-1564/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi 2021-ci ilin noyabr ayından etibarən 2022-ci ilin dekabr ayınadək kirayə xərcləri ilə təmin olunmuşdur. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar;(50.1.1) 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; (50.1.2) 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: 12-1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Məhkəmənin mövqeyi. Hazır ki iş üzrə iddiaçının hüquqi marağı yaşayış sahəsinə ehtiyac qismində mənzil növbəsinə götürüldüyü (Vətən müharibəsi əlili kimi) xx.xx.2022-ci il tarixdə ona yaşayış sahəsi (mənzillə) təmin olunacağı vaxta kimi ona mənzil kirayə haqqının ödənilməsinin cavabdeh Xətai RİH həvalə edilməsinə nail olmaqdan ibarətdir. İşin faktiki hallarından müəyyən olunur ki, ilkin olaraq iddiaçı Xətai RİH-nin xx.xx.2021-ci il tarixli, № 332 saylı sərəncamı əsasında 4 nəfər ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınmış və ehtiyatda olan zabit kimi güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. Daha sonra isə iddiaçının ərizəsi əsasında Xətai RİH-nin xx.xx.2022-ci il tarixli, № 554 saylı sərəncamı ilə Xətai RİH-nin xx.xx.2021-ci il tarixli, № 332 saylı sərəncamına dəyişiklik edilərək, İddiaçı mənzil növbəsində qismən dəyişiklik edilərək, 3-cü dərəcə Vətən müharibəsi əlili kimi güzəştli siyahıya əlavə edilməsi qərara alınmışdır. İddia tələbinin xx.xx.2022-ci il tarixdən dayandırılmış mənzil kirayə xərclərinin bərpa edilməsinin hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarına əsasən:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4cü abzasının məzmunundan göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. İstinad olunan normalar qanunvericinin güddüyü həmin məqsədlər kontekstində təfsir olunmalı və ehtiyata və ya istefaya buraxılmış hərbiçilərə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsini müəyyən edən qayda iddiaçıya münasibətdə də tətbiq olunmalıdır. Qanunverici mənzil kirayəsi xərcləri üzrə kompensasiya hüququnu müəyyən edən həmin normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyata və ya istefaya buraxılmış şəxslərin (zabitlərin, gizirlər və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının) belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Yuxarıda istinad olunan normada qanunverici belə fərqləndirməni zəruri hesab etdiyi hallarda, öz iradəsini konkret ifadə edərək müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, yalnız onların müəyyən kateqoriyalarına aid olduğunu xüsusi olaraq vurğulamışdır. Buna misal olaraq, qanunverici tərəfindən yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunması hüququnun nəzərdə tutulmasını göstərmək olar. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, yaşayış sahəsinin kirayə xərcləri üçün kompensasiya üç kateqoriyadan olan şəxslərə ödənilir:

1. yaşa, xəstəliyə və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;

2. 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;

3. habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. Həmin kateqoriyadan olan şəxslərə seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş məbləğlərdə nağdsız qaydada kompensasiya ödənilir. Belə ki, yuxarıda istinad olunan normaların tələblərinə uyğun olaraq iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsində olduğu dövrdə (2021 noyabrın 2022ci ilin dekabrına kimi) mənzil xərclərinin ödənilməsi cavabdeh Xətai RİH tərəfindən təmin edilmişdir. İddiaçının isə hal-hazırda məhkəməyə müraciət etməkdə əsas məqsədi onun ehtiyatda olan hərbi qulluqçu olduğunun nəzərə alınaraq, ona mənzil kirayə xərclərinin ödənilməsinə nail olmaqdan ibarətdir. Bu mövqeydə isə məhkəmə qeyd edir ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu olmasına baxmayaraq yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yəni, 3-cü dərəcə Vətən müharibəsi əlili kimi mənzil növbəsində olduğu üçün ona mənzil kirayə xərclərinin ödənilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, iddiaçı o halda cavabdehdən ona mənzil kirayə xərclərinin ödənilməsini tələb edə bilərdi ki, o “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarı ilə müəyyən olunmuş üç kateqoriyadan olan şəxslərdən hər hansı birinə aid olmaqla yanaşı həm də ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli mənzil növbəsində olmuş olsun. Lakin, iş faktiki hallarından müəyyən olunur ki, hal-hazırda iddiaçı ehtiyatda olan hərbi qulluqçu olmasına baxmayaraq Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotundadır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsindədir ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarının tələbləri baxımında isə qeyd edilməlidir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotunda olan şəxslərə mənzil kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin heç bir hüquqi əsası olmadığı üçün iddia tələbi təmin olunmamalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar