Məhkəmə qərarları › İş №2-1(112)-4446/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4446/2020

04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4446/2020 04.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X2rşı «yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, o, 2010-cu ildə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etmişdir. Şöbə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına əsaslanaraq, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında şöbə müdirinin müavini vəzifəsini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatında mövcud olan təminedici şöbə müdirinin müavini vəzifəsi ilə eyniləşdirərək ona 7 il 9 ay iş stajına görə dövlət qulluğu pensiyası təyin etmişdir. Ötən illər pensiya müvafiq artımlar nəzərə alınmaqla 696 manat məbləğinə çatdırılmışdır. 2019-cu ilin iyun ayında ölkə başçısının müvafiq sərəncamı dərc edilmiş və həmin ilin sentyabr ayında dövlət qulluqçularının pensiyasının 26 faiz artırılması qeyd olunmuşdur. Lakin 2019-cu ilin sentyabr ayı üzrə onun pensiyası 110 manat azalmışdır. Bununla bağlı DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq şöbənin xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, onun Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi X10 müdiri işlədiyi vəzifə hal-hazırda Naxçıvan MR Nazirlər Kabineti Aparatında təminedici şöbənin müdir müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin vəzifədə işləyənlərin vəzifə maaşı x xxxx 2018-ci il tarixdən hər ay 875 manat olduğu halda, ona hesablanan pensiya səhvən 1.065 manatla hesablanmışdır. Ona görə də pensiyada hesablama düzgün aparılmamışdır. Nəzərə alınmalıdır ki, 2019-cu ilin sentyabr ayında pensiya alınanda məlum oldu ki, pensiya məbləği yenə də 200 manat azaldılmışdır. Narazılıq yuxarı instansiyalara yazılı şəkildə bildirildikdən sonra sentyabr ayında artan DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsinin cavabında qeyd olunduğu kimi x xxxxxxxx 2019-cu il tarixdən 26% artaraq 718,11 manat təşkil etmişdir. Onun toxunulmamış pensiyası 696 manat təşkil etmişdir. 310 manat kəsildikdən sonra artan pensiyası 698 manat olmuşdur. Beləliklə, dövlət qulluqçularının 26% artan pensiya məbləği onun pensiyasında müsbət 2 manat fərq etmişdir. Fevral ayında da pensiyanın məbləğinin 20 manat azaldılmasını artıq özbaşınalığın son həddi hesablamaq olar. Şikayətlərin səthi araşdırılması onu deməyə əsas verir ki, respublikanın əmək və əhalinin sosial müdafiəsi sahəsində müvafiq əməkdaşlar öz məsuliyyətini hiss etmir, görülən işlərə şəxsi mənafe baxımdan yanaşırlar. Ölkə başçısına müraciətindən sonra ona DSMF belə cavab vermişdir: Əmək pensiyalarına dair normativ hüquqi aktlara əsasən əmək pensiyasının ödənilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə DSMF rayon və şəhər şöbələri tərəfindən həyata keçirilir. Bununla bağlı müvafiq sənədlərlə qeydiyyat yeri üzrə Fondun yerli orqanına müraciət edilməsi xahiş olunur. Sözügedən cavab məktubu məsuliyyət şəkildə yazılmışdır. Çünki, pensiya məbləğində artım nəzərə alınmamışdır. Verilən 718 manat, kəsilmiş məbləğin ödənişidir, artım deyil. Bunları eyniləşdirmək olmaz. Pensiya məbləğinin 26% artımı 2 manat fərqlə nəticələnə bilməz. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 26, 38, 60, 71-ci maddələrinə, İPM-in 14.3, 15.1, 34.1, 45, 46, 58, 68, 73.1-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) dövlət qulluqçusu kimi əmək pensiyasının 26% artım nəzərə alınmaqla yenidən hesablanması və 2019-cu ilin sentyabr ayından ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh DSMF Bakı şəhəri Pirallahı rayon şöbəsi DSMF X7 İdarəsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “Dövlət X3”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın təmin olunmamasını xahiş etdi. O, bildirdi ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinin ona şamil edilməsini tələb edir, lakin onun pensiyası həmin Fərmana uyğun olaraq yenidən hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1.7-ci maddələsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» AR Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» AR Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Dövlət qulluğu haqqında» AR Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: (8.1.3) əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi X5, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X9 (2-ci kateqoriya dövlət orqanları); Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati vəzifələrin aşağıdakı təsnifatları vardır: (11.1.5) inzibati vəzifələrin dördüncü təsnifatı: (11.1.5.2) 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx xxxxxx 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.6.1-ci bəndinə görə həmin Qanunun həmin Qanunun 8.1.3-cü maddəsində nəzərdə tutulmuş Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.5-ci bəndində 1991ci il oktyabrın 18-dək “Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında şöbə müdirinin müavini” vəzifəsi «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında təminedici şöbə müdirinin müavini” vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əmək pensiyaları haqqında» AR Qanununun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək «Əmək pensiyaları haqqında» AR Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.2.3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin x xxxx 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür. Məhkəmə vurğulayır ki, iddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 20.1.7-ci maddəsində göstərilən şəxslərin dairəsinə daxildir və onun 15 ildən az dövlət qulluğunda stajı olan şəxs sayılması işin mübahisə olunmayan hallarına aiddir. İşin mübahisəli halına gəldikdə isə, qeyd olunmalıdır ki, iddiaçının tələbi formal şəkildə ona əmək pensiyasında 26% artım edilməsi göstərilsə də, tələb mahiyyət etibarı ilə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanın müddəalarına uyğun olaraq əmək pensiyasının indeksləşdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması barədədir. Hansı ki, qanunvericilik həmin artımın dövlət qulluğunda 5 ildən artıq 15 ildən az stajı olan bütün əmək pensiyaçılarına şamil olunmasını şərtsiz nəzərdə tutur. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh DSMF orqanı iddiaçının əmək pensiyasının sözügedən qaydada yenidən hesablandığını iddia etsə də, məhkəmə icraatında müəyyən edilmiş işin faktiki halları onun pensiya məbləğində artımın mövcudluğunu təsdiqləmir. Belə olan halda, məhkəmə iddiaçının tələbinin inzibati orqan tərəfindən təmin olunduğu qənaətinə gəlmir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın hərəkətsizliyi qanuni sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinə müvafiq olaraq indeksləşdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla (26 faizlə) yenidən hesablanması və x xxxxxxxx 2019-cu il tarixdən məhkəmə qərarı qanuni qüvvəyə minənədək yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X7 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinə müvafiq olaraq indeksləşdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla (26 faizlə) yenidən hesablanması və x xxxxxxxx 2019-cu il tarixdən məhkəmə qərarı qanuni qüvvəyə minənədək yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X7 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar