Məhkəmə qərarları › İş №2-1(112)-4447/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4447/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4447/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 78 “V” ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, "xxxx" mənzil tikinti kooperativi (bundan sonra mətndə "xxxx" MTK) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78 “V” ünvanında inşa edilmiş kooperativ yaşayış binasına bitişik, ümumi sahəsi 2447 kv. metr olan qeyri-yaşayış sahəsinə dair iddiaçının, yəni İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektindəki 1057-ci məhəllədə tikintisi başa çatdırılmış Kooperativ yaşayış binasında, 4, 5 və 6-cı blokun - 6,60 səviyyəsində və ona bitişik 3 mərtəbəli qeyri- yaşayış obyektinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 2608,48 kv. metr olan qeyri - yaşayış sahəsi "xxxx" MTK tərəfindən müqavilə üzrə ona verilmiş, daha sonra MTK tərəfindən 9 saylı Protokoldan çıxarış və MTK-ya borcunun olmaması ilə bağlı maliyyə arayışı tərtib edilmiş və eyni zamanda qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhəri, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. Ona məxsus qeyri-yaşayış sahəsi üzərində hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə müraciət etmişdir. Cavabdeh qurumun ünvanladığı xx.xx.2022-ci il tarixli, **********09 saylı məktubunda, qeyri-yaşayış sahəsinin bir hissəsi olan 3 mərtəbəli tikilinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 220 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintişi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında öz əksini tapmaması bildirilmiş, bundan əlavə, təqdim edilmiş sənədlərdə qeyri-yaşayış sahəsinin çoxmərtəbəli binanın - 6,6 metr səviyyə mərtəbəsi və əlavə tikilinin 2-ci mərtəbəsində yerləşdiyi qeyd olunsa da idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman faktiki olaraq çoxmərtəbəli binanın - 3,3 metr səviyyə mərtəbəsi və əlavə tikilinin 3-cü mərtəbəsində olması bildirilmişdir. Qeyd olunanlarla yanaşı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008ci il tarixli, 220 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” aktında zirzəmi mərtəbələri qaraj kimi göstərilməsi qeyd olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********09 saylı imtinası əsassızdır. "xxxx" MTK-nin Bakı şəhəri, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı 18/04-106 saylı, xx.xx.2008-ci il tarixli məktubunda da qeyd edildiyi kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 17 saylı sərəncamı, 11433 saylı inşaat pasportu, eskiz layihəsi xx.xx.2004-cü il tarixli, 18/04-584 saylı, işçi layihəsinin memarlıq hissəsi xx.xx.2005-ci il tarixli, 18/04-609 saylı məktublarla razılaşdırılmış Yasamal rayonu, Zərdabi prospektindəki, 1057-ci məhəllədə tikintisi başa çatdırılmış yaşayış binasına bitişik, -10.70 m., -6.80 m., - 3.40 m. səviyyələrində, avtomobil dayanacağı təşkil edilməsi məqsədilə inşa edilmiş əlavə tikililərin və gözətçi məntəqəsinin cizgilərinin razılaşdırılmasına dair təqdim olunmuş layihə sənədləri ilə tanış olaraq razılaşdırılmışdır. Eyni zamanda mövcud qeyri-yaşayış sahəsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 220 saylı sərəncamı ilə “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının akt” da tərtib edilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında "xxxx" MTK-nin tikdiyi binada və ona bitişik 3 mərtəbəli tikilidə yerləşən ümumi sahəsi 2608,48 kv. metr olan qeyri-yaşayış sahəsinin ona verilməsi barədə 547 saylı, xx.xx.2010-cu il tarixli müqavilə bağlanmış və bunun əsasında da pay haqqının dəyərinin tam ödənilməsi, borcunun olmaması ilə bağlı xx.xx.2010-cu il tarixli, 415 saylı maliyyə arayışı və “Şəfəq MTK” üzvlərinin ümumi iclasının 9 saylı Protokolundan” çıxarış tərtib edilmişdir. İnşa olunmuş tikili tikinti norma və qaydalarına uyğundur, istismara tam yararlıdır. Cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, mülkiyyət hüquqlarını məhdudlaşdırır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin 3 mərtəbəli tikiliyə aid olan hissəsi ilə əlaqədar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, müvafiq ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasına bitişik olan 3 mərtəbəli tikili (qeyri-yaşayış binası) Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 220 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında öz əksini tapmamışdır. Bundan əlavə, təqdim edilmiş sənədlərdə qeyri-yaşayış sahəsinin çoxmərtəbəli binanın - 6,6 metr səviyyə mərtəbəsi və əlavə tikilinin 2-ci mərtəbəsində yerləşdiyi qeyd olunsa da idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman məlum olmuşdur ki, faktiki olaraq çoxmərtəbəli binanın - 3,3 metr səviyyə mərtəbəsi və əlavə tikilinin 3-cü mərtəbəsində yerləşir. Belə ki, sənəd üzrə sahə ilə faktiki sahə arasında fərq mövcuddur. Qeyd olunanlarla yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 220 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında zirzəmi mərtəbələri qaraj kimi göstərilmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamış, bununla bağlı iddiaçıya **********09 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən əmlaka yerli baxış zamanı müəyyən olmuşdur ki, daşınmaz əmlakın sənəd üzrə sahəsi 2608.48 kv. metr, faktiki 2447 kv. metr təşkil edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. "xxxx" MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında 547 №-li, xx.xx.2010-cu il tarixli müqavilə üzrə payçı İddiaçı olmuşdur. Odur ki, İddiaçı müqavilə münasibətləri üzrə payçı olduğundan məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1977-ci ildə doğulmuş İddiaçı Quba şəhəri, “Qəçrəş Yolu” Y/M ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 18/04-584 saylı, xx.xx.2004-cü il tarixli məktubdan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 17 saylı sərəncamı və 11433 saylı inşaat pasportu əsasında hazırlanmış Yasamal rayonu, Zərdabi prospektindəki, 1057-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binasının memarlıqplanlaşdırma həllinin təqdim etdiyi eskiz layihəsi (6 girişli 16 mərtəbəli, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsində yeraltı qaraj; "xxxx" MTK-nin işi, LBM L.Zeynalov) razılaşdırılmışdır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi razılaşdırılmaq üçün tələb olunan həcmdə (3 nüsxə memarlıq həlli hissəsi, 1 nüsxə konstruktiv həlli hissəsi, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəyi, “Azərdövlətlayihə” DBLİ institutunun nəzdində yaradılmış “Mühəndis-geoloji mərkəz”in rəyi əsasında aparılan mühəndis-geoloji işlərin nəticəsi, obyektin xarici mühəndis xətlərinin əlaqədar təşkilatlarla razılaşdırılmış layihəsi) Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2008-ci il tarixli 18/04-106 saylı məktubdan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 17 saylı sərəncamı, 11433 saylı inşaat pasportu, eskiz layihəsi xx.xx.2004-cü il tarixli, 18/04-584 saylı, işçi layihəsinin memarlıq hissəsi xx.xx.2005-ci il tarixli, 18/04-609 saylı məktubları ilə razılaşdırılmış Yasamal rayonu, Zərdabi prospektindəki, 1057-ci məhəllədə tikintisi başa çatdırılmış yaşayış binasına bitişik, - 10.70 m., - 6.80 m., - 3.40 m. səviyyələrində, avtomobil dayanacağı təşkil edilməsi məqsədilə inşa edilmiş əlavə tikililərin və gözətçi məntəqəsinin cizgilərinin razılaşdırılmasına dair təqdim olunmuş layihə razılaşdırılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 220 saylı Sərəncamı ilə təsdiq olunmuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 163 №li qərarı ilə təyin edilmiş və tərkibində dövlət qəbul komissiyasının sədri və dövlət qəbul komissiyasının üzvləri) aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, 1057-ci məhəllə, ünvan ünvanda 16 mərtəbəli yaşayış binası (6 girişli + çardaq mərtəbəsi, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, 330 mənzilli) istismara qəbul edilməsi qərara almışdır. Akta əlavə olunmuş cizgidən görünür ki, Yasamal rayonu, H.Zərdabi prospekti 78 “V” ünvanında, "xxxx"MTK tərəfindən inşa olunmuş binanın 4, 5 və 6-cı bloklarının - 6,60 səviyyə və ona bitişik 3 mərtəbəli q\y obyektinin 2-ci mərtəbəsinin ümumi sahəsi 2608,48 kv. m. əlavə tikili Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalam Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. "xxxx" MTK üzvlərinin ümumi iclasının 9 №-li protokolundan xx.xx.2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Kooperativin gündəliyində vətəndaş İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78 “V” ünvanda tikdiyi Kooperativ yaşayış binasında 4, 5 və 6-cı blokun - 6,60 səviyyəsində və ona bitişik 3 mərtəbəli qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsində yerləşən 2608,48 kv. m. olan qeyri-yaşayış sahəsinin verilməsi qərara alınmışdır. "xxxx" MTK (Kooperativ) ilə və İddiaçı (“Payçı”) arasında bağlanmış "xxxx" MTK üzvlərinin “Kooperativ binada mənzil tikintisi haqqında” 547 №-li, xx.xx.2010-cu il tarixli müqavilənin 1-ci bəndinə əsasən “Kooperativ” Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78 “V” ünvanında yerləşmiş "xxxx" MTK-nın tikdiyi binada və ona bitişik 3 mərtəbəli tikilidə yerləşən qeyri-yaşayış sahəsini payçıya verməyi, “Payçı” isə həmin əmlakı qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş əmlakın haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən qeyri-yaşayış sahəsi binanın 4,5 və - 6,60 səviyyəsində və ona bitişik 3 mərtəbəli qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 2608,48 kv. metrdir. Qeyri-yaşayış sahəsi son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçının özünə təhvil verilir. "xxxx" MTK tərəfindən verilmiş 415 №-li, xx.xx.2010-cu il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 78 “V” ünvanında yerləşən yaşayış binasının 4, 5 və 6-cı blokunun - 6,60 və ona bitişik 3 mərtəbəli qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2608,48 kv. m. olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 78 “V” ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********09 №li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qeyri yaşayış sahəsinin bir hissəsi olan 3 mərtəbəli tikili Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 220 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında öz əksini tapmamışdır. Bundan əlavə, təqdim edilmiş sənədlərdə qeyri-yaşayış sahəsinin çoxmərtəbəli binanın - 6,6 metr səviyyə mərtəbəsi və əlavə tikilinin 2-ci mərtəbəsində yerləşdiyi qeyd olunsa da idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman məlum olmuşdur ki, faktiki olaraq çoxmərtəbəli binanın - 3,3 metr səviyyə mərtəbəsi və əlavə tikilinin 3-cü mərtəbəsində yerləşir. Qeyd olunanlarla yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 220 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında zirzəmi mərtəbələri qaraj kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qanunvericiliyin göstərilən müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından və işdəki sənədlərlə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə kooperativ üzvlüyünə qəbul olunmaqla onun mübahisəli qeyriyaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. Bundan başqa, qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən tam ödənilmişdir və Bakı şəhər İcra Hakimiyyətinin başçısının 220 nömrəli, xx.xx.2008-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi bina istismara qəbul edilmişdir. Bu halda, yuxarıda qeyd olunan müddəalara əsasən iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqları yaranmışdır və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2.-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yenidən inşa edilmiş daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78 “V” ünvanında inşa edilmiş kooperativ yaşayış binasına bitişik, ümumi sahəsi 2447 kv. metr olan qeyri-yaşayış sahəsinə dair iddiaçının, yəni İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "xxxx" mənzil tikinti kooperativi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78 “V” ünvanında inşa edilmiş kooperativ yaşayış binasına bitişik, ümumi sahəsi 2447 kv. metr olan qeyri-yaşayış sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar