Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4447/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X2) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən, sahəsi 1200 kv.metr olan, 237 nömrəli torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 3-cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ masivi ünvanında yerləşən, sahəsi 1200 kv.metr olan, 237 saylı bağ sahəsi ayrılmış, həmin vaxtdan iddiaçının və ailəsinin daimi istifadəsindədir. İddiaçı bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, müraciətinə xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsinin bir hissəsi qaz xəttinin mühafizə zonasına düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, bağ sahəsindən çox kənarda 100 metrəyə qədər hissədən qaz xətti keçir. Bundan əlavə ətrafında olan bir sıra bağ sahələrinə çıxarışlar verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən məsələyə dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********50 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “238” saylı bağın ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Keçmiş Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış 237 nömrəli bağın istifadəyə verilməsi haqqında 34650 nömrəli, xx.xx.2005-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Əzizbəyov rayonunun Xaşa-Xuna ərazisində 0,12 hektar torpaq sahəsi olan 237 №-li bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən Xaşa-Xuna bağ massivi 237 saylı bağ (icarə müqaviləsi: 34650) hüquqmüəyyənedici sənəd üzrə 1200 kv. metr, faktiki 1200 kv.metr (şərti), 1386 kv. metr (ümumi sahə) təşkil edir. Göstərilən sahə hasar daxilindədir. Sahədə tikili yoxdur. Göstərilən sahənin koordinatları əlavə edilmişdir. Bağ sahəsinin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədəuyğundur. “Azəriqaz” İB-nin məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 237 nömrəli torpaq sahəsi ünvanında yerləşən, iş üzrə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə (koordinatlar: 40.430643, 50.198971) “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, koordinatları yuxarıda göstərilmiş torpaq sahəsinin hüdudları daxilindən “Azəriqaz” İB-yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Torpaq sahəsini əhatə edən ön daş hasarın hüdudları xaricindən isə, L=0,20 metr məsafədə qarşısından 2012-ci il tarixində istismara verilmiş "Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 108 mm diametrlik, metal dayaqlar üzərində quraşdırılmış yerüstü, aşağı təzyiqli qaz xətti və yan daş hasarın hüdudları xaricindən, L=0.37 metr məsafədən 1949/2013-cü il tarixində istismara verilmiş 325 mm diametrlik, metal dayaqlar üzərində quraşdırılmış yerüstü, yüksək təzyiqli “Pirallahı-Qala” magistral qaz kəməri keçir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ sahəsi, 238/3 (Yeni qaydalarla: AZ 1046 ünvan 3 ünvanında yerləşən bağ sahəsinə dair sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, qeyd edilən bağ sahəsi ********** qeydiyyat nömrəli çıxarışla xx.xx.2025-ci il tarixindən X1 mülkiyyətindədir. Üçüncü şəxsin notarial qaydada təsdiq edilərək məhkəməyə təqdim edilmiş ərizəsində o, tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 237 saylı, 1200 kv.metrlik bağ sahəsinin iddiaçının adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə iddiaçı arasında bağlanmış bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 237 saylı bağ sahəsi iddiaçıya verilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixli müqaviləyə istinad edərək bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, həmin müqavilənin arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab məktubu ilə bağ sahəsinə aid digər hüquqmüəyyənedici sənədlərlə yanaşı məhkəməyə təqdim edilmişdir. Beləliklə, müqavilənin mötəbərliyi mübahisə predmeti deyil. Cavabdehin imtinasının və etirazının dəlilləri ondan ibarət olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “238” saylı bağın ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə qeyd edir ki, cavabdeh imtina məktubunda və etirazında göstərilən torpaq sahəsinin 238 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyini və bir hissəsinin yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşdiyini qeyd etsə də, tərəfindən təqdim edilmiş müayinə baxış aktından iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin digər bağ sahəsinin ərazisinə uyğun gəldiyini, həmçinin ərazidən qaz xəttinin keçdiyini göstərməmişdir. Bundan əlavə “Azəriqaz” İB-nin məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, torpaq sahəsinin hüdudları daxilindən “Azəriqaz” İB-yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Torpaq sahəsini əhatə edən ön daş hasarın hüdudları xaricindən isə, L=0.20 metr məsafədə qarşısından 2012-ci il tarixində istismara verilmiş "Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 108 mm diametrlik, metal dayaqlar üzərində quraşdırılmış yerüstü, aşağı təzyiqli qaz xətti və yan daş hasarın hüdudları xaricindən, L=0.37 metr məsafədən 1949/2013-cü il tarixində istismara verilmiş 325 mm diametrlik, metal dayaqlar üzərində quraşdırılmış yerüstü, yüksək təzyiqli “Pirallahı-Qala” magistral qaz kəməri keçir. Həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi ilə bağlı qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2-ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşsə də, qeyd olunan qaz xətti 2013-cü ildə, yəni torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxtdan sonra istismara verildiyi müəyyən olunur. Bu isə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün maneə hesab edilə bilməz. Belə ki, torpaq sahəsi iddiaçıya 2005-ci il tarixdə ayrılmışdır. Odur ki, qanunvericiliklə müəyyən edilmiş 50 m mühafizə zonası iddiaçı tərəfindən deyil, boru xətti quraşdırılarkən müvafiq idarə tərəfindən gözlənilməli idi və iddiaçının məsuliyyəti hesab edilə bilməz. Eyni zamanda cavabdeh həmin torpaq sahəsinin 238 nömrəli bağ sahəsinin ərazisinə uyğun gəldiyini bildirsə də, qeyd edilməlidir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, 238/3 saylı bağ sahəsi üçüncü şəxsin mülkiyyətindədir. Üçüncü şəxsin notarial qaydada təsdiq edilərək məhkəməyə təqdim edilmiş ərizəsində o, tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 237 saylı, 1200 kv.metrlik bağ sahəsinin iddiaçının adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən, sahəsi 1200 kv.metr olan, 237 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən, sahəsi 1200 kv.metr olan, 237 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4447/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4447/2025
04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver