Məhkəmə qərarları › İş №2-1(112)-4448/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4448/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4448/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “elektron nəzarət vasitəsi olan qolbağın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-162/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs – 14.01.1979-cu il tarixdə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuş, ali təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmuş və üzərinə hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək faktiki yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmuşdur. İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona tətbiq edilən elektron nəzarət vasitəsi olan qolbağın dəyişdirilməsi, daha rahat, kiçik, əlverişli, standartlara uyğun elektron nəzarət vasitəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ayağına taxılan elektron nəzarət vasitəsi olan qolbaq Ədliyyə Nazirliyinin İcra şöbələri tərəfindən barəsində şərti cəza tətbiq edilən məhkumlara taxılan elektron qolbaqlardan fərqlənir və onu narahat edir. Belə ki, bu qolbaq daha iri olduğundan onun sərbəst hərəkət etməsinə mane olur və ayağında yara, şiş və səpkilərin əmələ gəlməsinə səbəb olur. Həmçinin elektron nəzarət vasitəsi 2 saatdan çox enerji saxlamır, enerjisi bitdiyində güclü səs çıxarır ki, bu da İddiaçını və ətrafdakı insanları narahat edir. Həmin qolbağın daha rahat, əlverişli, standarlara uyğun, narahatlıq yaratmayan qolbaqla əvəz edilməsi barədə cavabdehlərə müraciət etsə də, İddiaçının müraciətinə heç bir cavab verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı mübahisədə tərəflər arasında olan münasibətlərin inzibati mühakimə icraatının nizamasalma predmetinə aid olduğu müəyyən edilmir. Bu münasibətlər inzibati hüquq normaları ilə deyil, cinayət prosessual qanunvericiliyin normaları ilə nizama salınır. Belə ki, iddiaçı hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-162/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarı əsasında ona tətbiq olunan elektron nəzarət vasitəsinin sərbəst hərəkət etməsinə mane olması, digər hüquqlarının pozulması əsası ilə həmin vasitənin dəyişdirilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 2.2-ci bəndinə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq elektron nəzarət vasitələrinin tətbiqi məhkəmənin qərarının elan olunmasından sonra polis orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Həmin Məcəllənin 449-cu maddəsi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi qaydasını tənzimləyir. Həmin Məcəllənin 449.3.3-cü maddəsinə əsasən tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, qanunverici elektron nəzarət vasitələrinin tətbiq edilməsinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun həyata keçirilməsini müəyyən etmiş, eyni zamanda barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması ilə bağlı məhkəmə nəzarəti qaydasında müvafiq birinci instansiya məhkəməsinə (CPM-in 67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri) müraciət etməklə cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası qaydasını nəzərdə tutmuşdur. Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-nin 1.1-ci maddəsi). "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanunun müddəaları inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Göstərilənlərə əsasən müəyyən olunur ki, hazırkı münasibətlər inzibati hüququn təsir dairəsinə düşmədiyindən bu tələbə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar