Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4448/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 22, 33 saylı mənzilə dair ilkin qeydiyyata alınmaqla mərhum X1 adına mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yaşayır. Mənzil mərhum atası X3 işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətində qazmaçı vəzifəsində işlədiyi zaman xx.xx.1984-cü il tarixli, 229493 nömrəli orderlə istifadəsinə verilmişdir. Mərhum atası xx.xx.2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum atasının vəfatından sonra tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinin müraciət etmiş və nəticədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinin xx.xx.2006-cı il tarixli, 62 nömrəli “M” nömrəli əmri ilə “mənzilin şəxsi hesabının dəyişdirilməsi” qərara alınmışdır. Xüsusi olaraq qeyd edir ki, o, ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi mənzildə artıq 40 (qırx) ildir ki, istifadə edir və yaşayır. Tərəfindən yaşadıqları ünvan 2 ünvanına dair çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2024-cü il tarixində məktubla müraciətinə cavab verilərək bildirilmişdir ki, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1984-cü il tarixli, 09 saylı qərarı ilə mərhum X3 orderin verilməsi barədə qərarın aşkar edilmədiyi və Əzizbəyov rayon XDS İK tərəfindən verilən orderin Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmaması səbəbindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin qeyd edilən səbəblərdən müraciətinə imtina etməsi əsassızdır.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 22, 33 saylı mənzilə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, **********16 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icras ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müraciətə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısının 3-52/2-M-382-112/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə Əzizbəyov rayon XDS İK-nin xx.xx.1984-cü il tarixli, 09 saylı qərarı ilə X3 orderin verilməsi barədə qərarın aşkar edilmədiyi və Əzizbəyov rayon XDS İK tərəfindən verilən orderlərin Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı bildirilmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M-1521-8/2024 **********16 nömrəli məktubla imtina edilmişdir.
8. Əzizbəyov rayon XDS İK tərəfindən verilmiş 229493 nömrəli, xx.xx.1984-cü il tarixli orderə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Serebrovski qəsəbəsi, 4049-4064-cü məhəllə, ev 22, 2-ci blok, 8-ci mərtəbədə yerləşən yaşayış otaqlarının sayı 3, ölçüsü 41.24 kv.m olan 33 nömrəli mənzil X3 verilmişdir. Ailə tərkibi kimi aşağıdakı şəxslər göstərilmişdir: Məhəmməd Mansurov, Sənubər Mansurova, Pərvanə Mansurova, İddiaçı. Orderin verilməsinə əsas kimi Əzizbəyov rayon XDS İK-nin xx.xx.1984-cü il tarixli, 09 saylı qərarı göstərilmişdir.
9. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinin xx.xx.2006-cı il tarixli, 62 M nömrəli “Şəxsi hesabın dəyişdirilməsi barədə” əmrinə əsasən Bakı şəhəri, Suraxanı raynu, Z.Şərifov küçəsi 22 saylı evin sahəsi 41.24 kv.m olan 3 otaqdan ibarət 22-ci mənzilinin şəxsi hesabı 5 nəfər ailə üzvü ilə (özü, anası-X5, bacısı – X2, bacısı qızları – X7 və X8) vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. X1 adına olan şəxsi hesab vərəqəsinin bağlanılması və vətəndaş İddiaçı adına yeni şəxsi hesab vərəqəsi açılması MKXİ-nin 17 saylı MİS-nə tapşırılmışdır.
10. Bakı şəhəri VVADQ Şöbəsi tərəfindən 08 yanvar 2005-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 131114 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X9 xx.xx.2005-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin yanvar ayının 03-ü günündə, 30 nömrə ilə qeyd edilmişdir.
11. 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən ünvan 2 ünvanında İddiaçı, X10, X8, X11, X6, X2.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsi tərəfindən 14-2/2-287/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla SOCAR-ın Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin “şəxsi hesabın dəyişdirilməsi” barədə xx.xx.2006-cı il tarixli, 62 M nömrəli əmrinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-52/2-4344/2024 nömrəli məktubla bildirilmişdir ki, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1984-cü il tarixli, 9 nömrəli qərarında vətənddaş X3 mənzil verilməsi aşkar edilməmişdir. Eyni zamanda nəzərə çatdırılmışdır ki, Əzizbəyov rayon XDS İK tərəfindən verilən orderlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.
14. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən 19 iyun 2025-ci il tarixli, 5-12/2-2694/2025 nömrəli məktubla bildirilmişdir ki, mərhum X1 istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşən 33 saylı mənzilə dair Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 229493 saylı orderinin surəti məhkəməyə təqdim edilir.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 28 dekabr 2024-cü il tarixli, 3-48-2F/2-2690/2024 nömrəli məktubla bildirilmişdir ki, keçmiş Əzizbəyov rayon XDS İK-nın (indiki Xəzər RİH) 1984-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1984-cü il tarixli qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bununla əlaqədar, Bakı şəhər İH-nin arxivinə müraciət edilməsi xahiş edilmişdir.
16. 137 saylı Mənzil Kommunal İstismarı Sahəsi ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında” birtipli müqavilə bağlanılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır.
24. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının mərhum atasının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində Bakı şəhər İcra Hakimiyyəti başçısının 3-52/2-M-382-112/2024 saylı, xx.xx.2024cü il tarixli məktubu ilə Əzizbəyov rayon XDS İK-nin xx.xx.1984-cü il tarixli, 09 saylı qərarı ilə X3 orderin verilməsi barədə qərarın aşkar edilmədiyinə və Əzizbəyov rayon XDS İK tərəfindən verilən orderlərin Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmasına istinad edilmişdir.
25. İddiaçının mərhum atasının mənzilə dair hüquqmüəyyənedici sənədinin olubolmaması ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi
26. Normaların məzmunundan da, göründüyü kimi, qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də, qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. Lakin, həmin maddənin tələbindən də, aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də, müəyyən edilmişdir.
27. Məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının adına verilmiş Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 229493 saylı order onun həmin mənzilə dair hüquq münasibətlərinin 2009-cu ilin oktyabrın 1-dək yaranmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməlidir.
28. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə (Mötəbərlik prezumpsiyası) əsasən 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
29. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin mübahisələndirdiyi orderin əsli məhkəməyə təqdim edilmiş və həmin orderin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri baxımından mötəbər qiymətləndirilməməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir.
30. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında iddiaçının mərhum atasının vəfatından sonra onun müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinin xx.xx.2006-cı il tarixli, 62 M nömrəli “Şəxsi hesabın dəyişdirilməsi barədə” əmrinə əsasən Bakı şəhəri, Suraxanı raynu, Z.Şərifov küçəsi 22 saylı evin sahəsi 41.24 kv.m olan 3 otaqdan ibarət 22-ci mənzilinin şəxsi hesabının 5 nəfər ailə üzvü iləvətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla icarə müqaviləsinin bağlanılması qərara alınsa da, həmin mənzilə dair iddiaçı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kirayə müqaviləsinin bağlanması halı müəyyən edilməmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, hazırda mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd qismində iddiaçının mərhum atasının adına Əzizbəyov rayon XDS İK tərəfindən verilmiş 229493 nömrəli, xx.xx.1984-cü il tarixli order çıxış edir.
31. Göründüyü kimi, iddiaçının mərhum atası və onun ailə üzvləri 1984-cü ildən etibarən mənzildə faktiki olaraq yaşamış, eyni zamanda da, rəsmi olaraq yaşayış yeri üzrə qeydiyyata alınmışlar.
32. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
33. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
34. Göründüyü kimi, balanssaxlayıcı tərəfindən iddiaçının mərhum atasının adına verilmiş mənzilə dair order mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir.
35. Beləliklə, cavabdehin etirazda əsaslandırdığı iddia tələbinin təminini istisna edən hal barədə faktiki şərt sübut edilə bilməmişdir.
36. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.011-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum atasının adına sözügedən mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
37. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X16 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X13-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75).
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
39. Məhkəmə eləcə də, qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
41. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X1 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
41. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
42. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
43. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
46. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
47. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 22, 33 saylı mənzilə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva