Məhkəmə qərarları › İş №2-1(112)-4449/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4449/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4449/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdehin nümayəndəsi X6 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Nizami rayonu, M.H.Kərimov küçəsi, ev 36) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 13) qarşı «iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair reyestrdə dəyişiklik edilməklə çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı « iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş x xxxxxx 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (70 nömrəli reyestr kitabının 6284 nömrəli vərəqində, reyestr nömrəsi **********003-10301, qeydiyyat nömrəsi 110790761) əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin "A" tikilisindəki 1, 2, 3, 4, 5, 6 və 11 saylı otaqları reyestrdə iddiaçının mülkiyyəti kimi onun adına qeydiyyatdan keçirilmişdir. Mülkiyyətində olan otaqlarla yanaşı "A" tikilisində sahəsi 15 kv.m olan təsərrüfat otağı mövcud olmuşdur. Həmin təsərrüfat otağı da onun adına qeydiyyatdan keçirdiyindən, Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda x xxxxxx 2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən "A" tikilisindəki həmin təsərrüfat otağını X1. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində (reyestrdən çıxarışda) müvafiq dəyişiklərin edilməsi üçün iddiaçı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 36 nömrəli “A” tikilisindəki 1, 2, 3, 4, 5, 6 və 11 saylı otaqların onun adına qeydiyyatdan keçməsini təsdiq edən reyestrdən çıxarış ona geri qaytarılmamışdır. Bundan sonra həmin məsələ ilə bağlı dəfələrlə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunsa da, bundan imtina olunmuşdur. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş məktubla bildirilmişdir ki, qanunvericilikdə köməkçi sahənin ayrıca alqı-satqı müqaviləsinin predmeri olması nəzərdə tutulmadğından, ərizənin icrası mümkün olmamışdır. Halbuki, iddiaçı köməkçi sahəsinin mülkiyyətdə olmasını təsdiq edən çıxarışın deyil, 2007-ci ildən artıq qeydiyyatdan keçmiş hüququnu təsdiq edən çıxarışın surətini tələb etmişdir. Bundan sonra, yenidən Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin "A" tikilisindəki İ, 2, 3, 4, 5, 6 və 11 saylı otaqları iddiaçının adına tam mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilməsini təsdiq edən çıxarışın verilməsi barədə ərizə ilə müraciət etsə də, guya İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrasının mümkün olmaması bildirilmişdir. Lakin, ona DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəssislərə şərait yaradılması barədə müraciət edilməmiş, ümumiyyətlə ünvana heç bir mütəxəssis gəlməmişdir. Cavabdeh orqanın qanunsuz və əsassız imtinası onun mülkiyyət hüquqlarını pozur. Göstərılənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1, 15.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, İPM-in 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin "A" tikilisindəki 1, 2, 3, 4, 5, 6 və 11 saylı otaqlarının iddiaçının (İddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən x xxxxxx 2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (70 nömrəli reyestr kitabının 6284 nömrəli vərəqində, reyestr nömrəsi **********003-10301, qeydiyyat nömrəsi 110790761) verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamına uyğun olaraq cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunur: - İddiaçı iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti zamanı ərizəsinə əlavə olunan Bakı şəhəri 15 saylı DNK tərəfindən təsdiq olunmuş 4Ə-3-435 reyestr nömrəli x xxxxxx 2009-cu il tarixli alqı-satqı müqaviləsində qeyd olunan sahə yaşayış sahəsinə xidmət etmək üçün nəzərdə tutulmuş köməkçi sahədir və qanunvericilikdə köməkçi sahənin ayrıca alqı-satqı müqaviləsinin predmeti olması nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Bundan əlavə sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssisinə şərait yaradılmamışdır. Bununla bağlı X3 xx xxxxxxx 2019-cu il tarixli və x xxxx 2020-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə, İPM-in 38.2, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, “iddiaçının Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi, 36 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilsinin 1, 2, 3, 4, 5, 6 və 11 saylı otaqlarına (15 kv.m köməkçi sahə göstərilmədən) mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsinin qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmuna uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin "A" tikilisindəki 1, 2, 3, 4, 5, 6 və 11 saylı otaqları daşınmaz əmlakın dövlət reyestrində hazırkı İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmiş və ona hazılrkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə reyestrdən çıxarış verilmişdir. İddiaçı həmin daşınmaz əmlakın bir hissəsi olan 15 kv.m köməkçi sahəni notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında digər şəxsə satmış və bundan sonra yenidən hazırkı cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsinə səlahiyyətli orqan kimi müraciət edərək, sözügedən sahənın satılması nəzərə alınmaqla həmin fərdi yaşayış evinə dair yeni (həmin sahə çıxılmaqla) reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, qanunvericiliklə köməkçi sahə ayrıca şəkildə alqı-satqı müqaviləsinin predmeti olmadığından, ərizənin icrası mümkün olmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmənin qeyd edir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın bir hissəsi kimi 15 kv.m köməkçi sahənin alqı-satqısı barədə notarial qaydada təsdiqlənmiş müqavilə mübahisələndirilmədiyindən, etibarsız sayılmadığından, həmin sənəd mötəbər qiymətləndirilməlidir. Cavabdehin imtinasında gətirdiyi dəlilə münasibətdə isə məhkəmə vurğulayır ki, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Digər tərəfdən, müvafiq müqavilənin predmeti olan 15 kv.m köməkçi sahə daşınmaz əmlakdır və iddiaçının mülkiyyətçi kimi hüquqları qeydiyyat alınarkən daşınmaz əmlakın dövlət reyestrində həmin əmlakın ölçüləri də əks olunmalı və bu barədə texniki sənədlərdə (çıxarış və texniki pasportda) məlumatlar göstərilməlidir. Belə olan halda, alqı-satqı müqaviləsi qüvvədə olduğundan, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın, daha dəqiq desək, onun köməkçi sahənin ölçüsü daşınmaz əmlakın dövlət reyestrində də azalmış olur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair mövcud ölçülər əks olunmaqla yeni reyestrdən çıxarışın verilməsindən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin "A" tikilisindəki 1, 2, 3, 4, 5, 6 və 11 saylı otaqlarına dair həmin daşınmaz əmlakın bir hissəsi kimi 15 kv.m köməkçi sahə göstərilmədən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 68 – 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin "A" tikilisindəki 1, 2, 3, 4, 5, 6 və 11 saylı otaqlarına dair həmin daşınmaz əmlakın bir hissəsi kimi 15 kv.m köməkçi sahə göstərilmədən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar