Məhkəmə qərarları › İş №2-1(112)-4449/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4449/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4449/2023 17.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 17 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət edərək, elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya pensiyanın yenidən hesablanması zamanı əsas götürülmüş dövr ərzində həmin əlavənin ona ödənildiyinə dair müvafiq arayış təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanması və xx.xx.2021-ci il tarixdən keçən müddət ərzində ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 oktyabr 2008-ci il tarixdə ona pensiya təyin edilərkən 10 iyun 1997-ci ildə qəbul edilmiş, lakin maddi və sosial təminatla əlaqədar norma və müddəaların tətbiqi yeni hakim təyinatına qədər (2000-ci ilin sonunadək) təxirə salınmış “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununu 106-cı maddəsinin 2-ci hissəsində təsbit edilmiş müddəalar əsas götürülməklə hakim vəzifəsində işlədiyi 13 il 2 ay hakimlik stajının hər 5 ilinə görə həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqq əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyası hesablanmışdır. 01 iyun 2021-ci il tarixdən cavabdeh tərəfindən elmi dərəcəyə görə hər ay ödənilən vəzifə maaşının 15 faizi həcmində ödəniş dayandırıldığından onun bərpa edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. “Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli 310İQ nömrəli Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək hakimlərin maddi və sosial təminatı ilə bağlı məsələlər “Azərbaycan Respublikasının Məhkəmə quruluşu haqqında” 24 iyun 1990-cı il tarixli 1849-Xİ nömrəli Qanunun 93-cü maddəsilə tənzimlənmişdir. 10 iyun 1997-ci ilə qədər olan dövr ərzində hakimlərin maddi və sosial təminatı ilə əlaqədar heç bir başqa qanunvericilik Aktı qəbul edilməmişdir. Qanunun 93-cü maddəsinin məzmunundan görünür ki, həmin normaya görə hakimlərə nə hakimlik stajına görə, nə də elmi dərəcəyə görə əlavə haqq ödənilməsi nəzərdə tutulmamışdır. Hakimlərə hakimlik stajının hər beş ilinə görə, həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqq yalnız 10 iyun 1997-ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin 2-ci hissəsinin müddəaları əsasında ödənilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il tarixli Qərarı ilə, “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin müddəalarının heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox hakim vəzifəsində işləmiş bütün şəxslərə şamil edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsi həmin aktda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və Vİİ hissələrini rəhbər tutaraq tələb etmişdir ki, həmin müddəalar heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox hakim vəzifəsində işləmiş bütün şəxslərə şamil edilsin. Cavabdehin Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsaslanan imtinası ilk əvvəl həmin Qərarın göstərişlərinə, həmçinin 23 yanvar 2001-ci il tarixli qərarına zidd olduğundan Qanunsuz və əsassız hesab edilməli və iddia təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında bu qərarın qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə həll edilmiş mübahisələrə şamil olunmadığı xüsusi qeyd edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının pensiyasının hesablanması zamanı əsas götürülmüş dövr ərzində elmi dərəcəyə görə əlavə haqqı almadığından həmin əlavənin iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması yolverilməzdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən sabiq hakimi kimi əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyası hesablanarkən xx.xx.1995xx.xx.1999-cu illər arasındakı dövr əsas götürülmüşdür. İddiaçı hazırda xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanması və həmin vaxtdan hal-hazıradək yaranan fərqin ödənilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.4 əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər; ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçının elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanmasından imtina olunarkən həmin əlavənin onun hakim vəzifəsində işlədiyi xx.xx.1995-xx.xx.1999-cu illər arasındakı dövr ərzində aldığı əmək haqqına daxil olmamasına istinad olunmuşdur. Qeyd edilən əlavənin iddiaçı tərəfindən alınmaması, ümumiyyətlə həmin dövrdə hakimlərə belə əlavənin ödənilməsinin qanunvericilikdə nəzərdə tutulmaması işin mübahisəsiz halıdır. Həmin əlavənin “əmək haqqındakı sonrakı artım” anlayışına daxil olub-olmaması ilə bağlı aşağıdakılarında nəzərdən keçirilməsi zəruridir. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Belə ki, sözügedən əlavə iddiaçının qeyd etdiyi kimi əmək haqqındakı “sonrakı artım” deyil, əmək haqqına sonradan daxil olan yeni növ ödəncdir. Bunu Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan qərarından da aydın görmək mümkündür. Eyni zamanda, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 1.0.19-cu maddə əlavə edilmişdir ki, həmin maddəyə əsasən, əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar – əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Yəni, şəxs pensiyaya çıxdıqdan sonra, əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdə artım olarsa bu “sonrakı artım” kimi həmin ödənci almış pensiyaçılara şamil ediləcəkdir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il tarixli Qərarı ilə, “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin müddəalarının heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox hakim vəzifəsində işləmiş bütün şəxslərə şamil edilməsi qərara alınsa da, həmin qərar qəbul olunarkən iddiaçı hakim vəzifəsində çalışmırdı və həmin qərar əsasında da elmi dərəcəyə görə əlavəni ala bilməzdi. Qeyd edilən əlavənin pensiyanın məbləği müəyyən edilərkən nəzərə alınması üçün təkcə onu alması deyil, məhz əsas götürülən 5 illik dövrdə alması və məcburi dövlət sosial sığortasına cəlb olunması tələb olunur. Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında bu qərarın qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə həll edilmiş mübahisələrə şamil olunmaması ilə bağlı dəlillərə münasibətdə qeyd edilməlidir ki, iddiaçı həmin dəlilə istinad edərkən “məhkəmə aktı” kimi Konstitusiya Məhkəməsi Plenumunun 23 yanvar 2001-ci il tarixli qərarını nəzərdə tutur və hesab edir ki, həmin qərarla mübahisə həll edilmiş olduğundan 15 may 2020-ci il tarixli Qərar şamil edilməməlidir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında əmək pensiyasının təyini, yenidən hesablanması və s. kimi mübahisələrə dair birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin aktları nəzərdə tutulur və qeyd edilir ki, həmin həll edilmiş mübahisələrə bu Qərar şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları isə normativ xarakterli aktdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar