Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4450/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binasının 2-ci girişinin mansard mərtəbəsində, ümumi sahəsi 157.3 kv. metr, yaşayış sahəsi 84.3 kv. metr olan, 3 otaqlı, 79B saylı yaşayış sahəsinə onun adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair mənzil kimi dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx” mənzil tikinti kooperativinin (bundan sonra “xxxx” MTK) üzvlərinin ümumi iclasının 01 nömrəli, 08 dekabr 2020-ci il tarixli protokoldan çıxarışına əsasən, ünvan 2 ünvanda yerləşən, kooperativ yaşayış binasının 2-ci girişinin mansard mərtəbəsində ümumi sahəsi 157.3 kv. metr yaşayış sahəsi 84.3 kv.metr olan, 3 otaqlı, 79 B saylı yaşayış sahəsi (mansard) ona satılmışdır. 08 dekabr 2020-ci il tarixli, 48 nömrəli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən kooperativ yaşayış binasının 2- ci girişinin mansard mərtəbəsində, ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 84.3 kv.m. olan 3 otaqlı, 79B saylı mənzil sahəsinin (mansard) pay dəyəri onun tərəfindən tam ödənilmiş, onun MTK-ya borcu yoxdur. “xxxx” MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişdiyi ərazidə hündürmərtəbəli yaşayış binası inşa edilmiş, 31.08.2012- ci il tarixli. 377 saylı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı tərtib edilmiş, bina istismara verilmişdir. Göründüyü kimi, o, sözügedən ünvanda yaşayır, həmin ünvanı mənzil kimi istifadə edir və mənzili əsaslı təmir etdirmişdir. Həmin ünvan mənzil kimi istifadəsində olduğundan hazırda həmin ünvana mənzil kimi dövlət reyestrindən çıxarış əldə etmək niyyətindədir. Mansard müqaviləsi bağlamış sözügedən binanın sakinləri yaşadıqları mansarda mərtəbədəki sahələrə dair mənzil kimi dövlət reyestrindən çıxarış əldə etmişdirlər. Hesab edir ki, ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 2-ci girişinin mansard mərtəbəsində, ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 84.3 kv.m. olan 3 otaqlı, 79 B saylı yaşayış sahəsi (mansard) tərəfindən mənzil kimi istifadə olunduğundan həmin ünvana dair mənzil kimi dövlət reyestrindən çıxarış veriməlidir. 16.12.2020-ci il tarixli ərizə ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 2-ci girişinin mansard mərtəbəsində, ümumi sahəsi 157.3 kv. m, yaşayış sahəsi 84.3 kv.m olan, 3 otaqlı 79B saylı mənzil sahəsi (mansardın) onun tərəfindən mənzil kimi istifadə olunduğunu nəzərə alaraq, həmin ünvana dair onun adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair mənzil kimi dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmiş, lakin müraciəti DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 27.01.2021-ci il tarxli bildirişlə aşağıda qeyd edilən qaydada cavablandırılaraq çıxarışın verilməsindən imtina edilmişdir: "ünvan 5 ünvanda yerləşən 79B saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 16.12.2020-ci tarixli ərizəyə baxılmışdır. "Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan mənzil mansard mərtəbəsində yerləşir. Mansard mərtəbəsi barədə İdarəyə təqdim edilmiş yasayıs binasının X3 məlumat yoxdur yə mənzil ümumi mənzillərin sayına daxil edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılması və təstiqlənməsini təmin edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qevdivvatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir” Hesab edir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 fevral 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə daxil olmuş **********82 №li 01.04.2021-ci il tarixli iddiaya dair münasibətində (etiraz) göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli sərəncamı ilə əlaqədar bildirilir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binasının 2-ci girişinin mansard mərtəbəsində, ümumi sahəsi 157.3 kv.m, yaşayış sahəsi 84.3 kv.m. olan, 3 otaqlı, 79B saylı yaşayış sahəsinə onun adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair mənzil kimi dövlət reyestrindən çıxarışın verilməsi vəzifənin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi üzrə iddiası etirazla qarşılanır. Belə ki, qeyd olunan mənzil mansard mərtəbəsində yerləşir. Mansard mərtəbəsi barədə İdarəyə təqdim edilmiş yaşayış binanın X3 məlumat yoxdur və mənzil ümumi mənzillərin sayına daxil edilməmişdir. Bununla bağlı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil **********43 nömrəli 27.01.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinəmünasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh inzibati orqan məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: ASAN 2 tərəfindən 12.08.2018-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixdə doğulmuş İddiaçı ünvan 6 ünvanda qeydiyyatdadır. “xxxx” MTK üzvlərinin 08 dekabr 2020-ci il tarixli ümumi iclasının 01 №li protokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küç. 694-cü məhəllə, ev 12,mansard mərtəbəsində, 2-ci giriş, yaşayış sahəsi 84,3 kv. metr ümumi sahəsi 157,3 kv metr olan 3 otaqlı 79 B saylı mənzilin çıxarışı verilmişdir. Çıxarışa bir nəfər tərkibində (özü İddiaçı) daxil edilməsi qərarara alınmışdır. “xxxx” MTK tərəfindən verilmiş 48 №li 08 dekbr 2020-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küç. 694-cü məhəllədə yerləşən 12 saylı yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Həmin binanın 2 giriş, mansard mərtəbəsində, ümumi sahəsi 157,3 kv. metr, yaşayış sahəsi 84,3 kv. metr olan 3 otaqlı 79 B saylı mənzilin dəyəri alıcı İddiaçı tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. Bakı şəhər İcra hakimiyyəti başçısının 28.02.2011-ci il tarixli 106 saylı və 11.11.2011-ci il tarixli 533 saylı sərəncamları ilə yaradılmış və Bakı şəhər İcra hakimiyyəti başçısının 31.08.2012-ci il tarixli 377 saylı sərəncamı ilə təsdq olunmuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının” 31.08.2012cı il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küç. 694-cü məhəllədə yerləşən 12 saylı ((16-18-16) + mansarda mərtəbəli) yaşayış binası istismara qəbul edilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, sonuncu tərəfindən verilmiş **********43 nömrəli 27.01.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanda yerləşən 79B saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 16.12.2020ci tarixli ərizəyə baxılmışdır. "Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan mənzil mansard mərtəbəsində yerləşir. Mansard mərtəbəsi barədə İdarəyə təqdim edilmiş yasayıs binasının X3 məlumat yoxdur yə mənzil ümumi mənzillərin sayına daxil edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılması və təstiqlənməsini təmin edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qevdivvatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi– binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci madəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək və inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binasının 2-ci girişinin mansard mərtəbəsində, ümumi sahəsi “xxxx” MTK tərəfindən verilmiş 08.12.2020-ci il tarixli 48 saylı maliyyə arayışı, “xxxx” MTK-nın üzvlərinin ümumi iclasının 08.12.2020-ci il tarixli 01 №li protokolundan çıxarışa əsasən İddiaçı verilmişdir. Eyni zamanda Bakı şəhər İcra hakimiyyəti başçısının 31 avqust 2012-ci il tarixli 377 saylı Sərəncamı ilə təsdiq edilmiş Dövlət Qəbul Komissiyasının 31.08.2012-cı il tarixli aktına əsasən sözügedən yaşayış binası istismara qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəflərin nümayəndələrinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binasının 2-ci girişinin mansard mərtəbəsində, ümumi sahəsi 157.3 kv. metr, yaşayış sahəsi 84.3 kv. metr olan, 3 otaqlı, 79B saylı yaşayış sahəsinin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4450/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4450/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver