Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4451/2020 18.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.Axundov küçəsi, ev 5, mənzil 21) cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «əmək pensiyasının yenidən hesablanması və müvafiq fərq məbləğinin birdəfəlik ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «əmək pensiyasının yenidən hesablanması və müvafiq fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçıya (İddiaçı) ailə başçısını itirdiyinə görə 1 dekabr 2014-cü il tarixdən mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmişdir. O, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 – VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən həmin Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklərin iddiaçıya münasibətdə tətbiq edilməsini, təminat xərcliyinin 80 faizi miqdarında pensiyanın yenidən hesablanmasını və 1 iyul 2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edi ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Həmçinin qeyd olunur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasında olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 - VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) sözləri əlavə edilmişdir. Beləliklə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 - VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin iddiaçıya münasibətdə tətbiq edilməli və təminat xərcliyinin 80 faiz miqdarında pensiyanın yenidən hesablanmalı və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqi ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyalarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Sosial təminat hüququnu o, cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinəəsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq olunur. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri onun hüquqlarını məhdudlaşdırmaqla yaşamaq üçün vacib sosial təminatdan məhrum edir, bütün digər kateqoriyalı şəxslərlə qeyri-bərabər vəziyyətə salır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinətəsbit edilmiş bərabərlik hüququnun pozulmasına səbəb olur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26,38, 60, 71-ci maddələrinə, İPM-in 2, 34.1, 38-ci maddələrinə əsaslanaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən həmin Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklərin iddiaçıya (İddiaçı) münasibətdə tətbiq edilməsi və onun mərhum ərinin təminat xərcliyinin (sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarında pensiyanın yenidən hesablanması və 1 iyul 2017-ci il tarixdən yarnmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuylması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim etdiyi yazılı etirazda aşağıdakılar bildirilmişdir: İddiaçı iddiası qanunamüvafiq deyil və təmin edilməməlidir. Məlum olduğu kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 495 və 499 nömrəli fərmanlarının 2.2 və 4-cü bəndlərinə əsasən 2007-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün DSMF-yə göndərilir. Həmin Qaydaların 4-cü bəndinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində DSMF-yə təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, qanunun 14.1.1. - vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları; 14.1.1.1 - 18 yaşına çatmamış; 14.1.1.2 - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3.cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2. maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. Sözügedən Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya 01 iyun 2014-cü il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum ərinin təminat xərcliyinin (sonrakı artımlar da nəzərə alınmaqla) 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbi həmin Qanuna edilmiş sonuncu dəyişikliklə bağlı olaraq ailə başçısını itirməyə görə pensiyasının 80 faizi məbləğində yenidən təyin edilməsidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Qanunun qüvvəyə mindiyi tarix 1 iyul 2017-ci ildir. İddiaçının pensiya hüququ Qanundan əvvəlki dövür əhatə etdiyindən və Qanunda edilmiş dəyişikliklər qüvvəsini aldıqdan sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.1 və 20.17.2-ci maddələrinə 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş dəyişikliklərlə ailə başçısını itirməyə görə əmək pensiyasının təminat xərcliyinin müvafiq olaraq 50 və 35 faiz nisbətindən 80 faizə artırılması nəzərdə tutulmuşdur. Məlum olduğu kimi, qanunda edilən dəyişikliklər, əgər həmin qanunda başqa hal nəzərdə tutulmursa, qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil edilir. Yalnız iki istisna Azərbaycan Respublikasının 149-cu maddəsinin Vİİ hissəsi ilə müəyyən edilmiş şəxsin hüquq məsuliyyətini aradan qaldıran və hüquqi vəziyyətini yaxşılaşdıran halları əhatə edir. Nazirliyin qaldırılan məsələ ilə bağlı mövqeyi belədir ki, 1 iyul 2017-ci il tarixdən əvvəl əmək pensiyası hüququ yaranmış və (və ya) təyin edilmiş şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyasının müvafiq 35 (50) faizdən 80 faizə qaldırılması Konstitusiyada göstərilən hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Çünki, şəxsin müvafiq pensiya almaq hüququ göstərilən tarixdən əvvəl də mövcud olmuş və bu hüququn reallaşdırılmasında hər hansı dəyişiklik baş verməmişdir. Cavabdeh iddia tələbində qeyd edilən birdəfəlik ödəniş tələbi ilə bağlı bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən “bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir". Əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxilolmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinəəsasən - “əmək pensiyası ödənişinin maliyyə mənbələri” və maddə 6.2. -“əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsiilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əlavə olaraq həmin Qanunun 6.3 maddəsindəqeyd edildiyi kimi “əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsait olduğu halda həyata keçirilir”. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmaqla qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verdi və cavabdehin imtinasının qanuni olduğunu bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (14.1.1) vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: (14.1.1.1) 18 yaşına çatmamış, (14.1.1.2) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs, (14.1.1.3) təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək, (14.1.2) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə, (14.1.3) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Həmin Qanunun 20.1 və 20.1.13-cü maddələrinə görə bu Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslərə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.17-ci maddəsinə əsasən bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (Qanunun 20.17.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyadakı tələblərinə görə) hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanununun (bu Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minir) 1-ci maddəsinin 1.76-cı bəndi ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanununun 1-ci maddəsinin 1.76-cı bəndi İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinə münasibətdə tətbiq olunmalıdır. Çünki, iddiaçıya təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin onun mərhum ərinin təminat xərcliyinin 35 faizindən 80 faizinə artırılmaması həm Azərbaycan Respublikasıl Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində və «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 12ci maddəsi göstərilən “fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil olunması” müddəasına, həm də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbiq olunmuş “bərabərlik prinsipi”nə zidd qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi əsasında yenidən hesablanıb mərhum əri X1 təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsindən və 1 iyul 2017-ci ildən pensiyanın ödənilməmiş fərq məbləğinin ödənilməsindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının iddiasının digər, yəni pensiyanın yenidən hesablanmasında yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, qanunvericilik bu məsələni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələri ilə tənzimləyir. İddiaçı cavabdeh inzibati orqana həmin Qanundakı müvafiq dəyişiklikdən 3 ildən çox vaxt keçməmiş müraciət etdiyindən və qanunvericiliklə də keçmiş müddət üzrə fərq məbləğinin birdəfəyə deyil, ötən aylara bölünməklə müvafiq hissələrlə ödənilməsi nəzərdə tutulduğundan, iddia bu hissədə qismən əsaslıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya pensiyanın yenidən hesablanmasında yaranmış fərq məbləği «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi əsasında yenidən hesablanıb mərhum əri X1 təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 1 iyul 2017-ci ildən pensiyanın ödənilməmiş fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi əsasında yenidən hesablanıb mərhum əri X1 təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 1 iyul 2017-ci ildən pensiyanın ödənilməmiş fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4451/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4451/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver