Məhkəmə qərarları › İş №2-1(112)-4451/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4451/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4451/2024 19.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı məhkəməyə müraciət edərək Rusiya Federasiyası Ali təhsil qeyri-dövlət təhsil xüsusi müəssisəsi “Sinerqiya” X6 Universiteti tərəfindən İddiaçı adına verilmiş 022937 saylı, xx.xx.2018-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-2018-ci illər ərzində Rusiya Federasiyası ali təhsil qeyri-dövlət təhsil xüsusi müəssisəsi “Sinerqiya” X6 Universitetinin İqtisadiyyat ixtisası üzrə 5 il ərzində qiyabi forma üzrə ali təhsil almışdır. Rusiya Federasiyasının Dövlət Attestasiya Komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən, ali iqtisadiyyat təhsili alması haqqında ona 022937 saylı, xx.xx.2018-ci il tarixli bakalavr diplomu təqdim edilmişdir. Həmçinin diploma əlavədən görünür ki, iddiaçı ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. İddiaçı diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınanaraq və nostrifikasiya şəhadətnaməsinin verilməsi üçün aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Təhsildə X2 ərizəsinin icrası ilə bağlı müsbət cavab verməmiş, 22 noyabr 2023-cü il tarixində Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərar qəbul etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi xx.xx.2023-cü il tarixli, NA00019689 nömrəli qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil Pilləsinin dövlət standartı və proqramı"nın 8.72-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydalarının 3.10.1ci və 4.1.4-cü bəndlərinə əsasən imtina üçün hüquqi əsas yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydalarının 4.1.4-cü bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Bakalavr diplomu 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil olunmuş və apostil möhürü vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, İddiaçı Rusiya Federasiyası ali təhsil qeyri-dövlət təhsil xüsusi müəssisəsi “Sinergiya” Moskva Maliyyə-Sənaye Universitetində İqtisadiyyat ixtisası üzrə bitirməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından, iddiaçının həmin təhsil müəssisəsini bitirməsi barədə ДВС 022997 saylı, xx.xx.2018-ci il tarixli diplom iizrə ixtisasının tanınmaması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməməsi qanuna ziddir. Təəssüflər olsun ki, cavabdeh iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq iddiaçının ali təhsil almağı haqqında olan diplom üzrə ixtisası tanımamışdır. Bu isə İddiaçı gələcəkdə normal karyera qurmağına və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq, xalqına töhfələr verməyinə ciddi maneə törədir. Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalq konvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında konvensiya” iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunub. Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır. Əgər bu şərtlər ödənilibsə, nazirliyin diplomu tanımamağa əsası yoxdur. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırkı iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. İddiaçının ali təhsil aldığı Universitetin məktubundan görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada, lakin distant texnologiyalarından istifadə etməklə alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi: distant (məsafədən): sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarımın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki. o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır. İddiaçının təhsil aldığı universitet (X4 Sənaye Universteti) tərəfindən verilmiş arayışlardan da göründüyü kimi İddiaçı şəxsi ərizəsinə əsasən birinci ali təhsil dərəcəsində (bakalavr) 38.03.01 iqtisadiyyat üzrə təhsil almış, bütün məqbul və imtahanları tam həcmdə vermiş, nəticədə təhsil-peşə proqramını müvəffəqiyyətlə yerinə yetirərək universitetin imtahan komissiyasının qərarı əsasən də bakalavr təhsil dərəcəsi üzrə diplom (022997 nömrəli, 18 aprel 2018-ci il tarixli) almışdır. Qiyabi və distant təhsilalma formaları “Təhsil haqqında” Qanunda bir-birindən fərqləndirilən anlayışlardır. Müvafiq ölkədə qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması anlamına gəlmir. Mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsinin qanunvericilik tərəfindən qadağan olunması qeyd edilməmişdir. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin "bakalavr" ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaların tələbinə cavab verməsi şərtdir. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarda nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır. "Təhsil haqqında" Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Odur ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə NA00019689 nömrəli qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil piİləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra-Qaydarlar) təsdiq edilmişdir. Bununla bağlı bildirmək istərdik ki, Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblər arasında göstərilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2- ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: İ il- 2 gün, İİ il- 3 gün, İİİ il- 2 gün, İV il- 3 gün, V il- 2 gün. Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Baxmayaraq ki, iddiaçının əldə etdiyi diplom əlavəsində onun təhsilalma forması qiyabidir, o, qiyabi ilə birliktə distant təhsil aldığını da bildirir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Sözügedən Qanunda bizə məlum olur ki, təhsilalma formaları bir-birilərindən fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2546/2023 saylı qərarının 24-cü bəndində qeyd olunmuşdur ki: “Hər bir halda, həmin məsələyə dair sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq bu halı təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır”. Ali Məhkəmənin mövqeyini nəzərə alaraq bildiririk ki, iddiaçı distant texnologiyalar vasitəsi ilə təhsil alması ilə bağlı müvafiq əmr və ya müqavilə təqdim etməmişdir. Qaydaların 4.1.5-ci bəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər sırasında əks olunmuşdur ki, bu da ərizəçilərin əyani və qiyabi təhsilalma formasında təlim gördükləri tədris dövrünün üçdə bir hissəsində distant texnologiyaların tətbiqi ilə təhsil almalarını istisna etmir və bu barədə ali təhsil müəssisəsi ilə rəsmi müqavilə və ali təhsil müəssisəsinin müvafiq əmri olduqda iddiaçının təqdim etdiyi sənədlər əsasında icraat zamanı bu hallar nəzərə alınır. Qeyd olunanlara əsasən görünür ki, qəbul edilmiş normativ hüquqi akt (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları) Azərbaycan Respublikası Təhsil Qanununda yer alan distant təhsilalma formasını birmənalı olaraq rədd etmir, əksinə xarici ali təhsilə aid kvalifikasiyaların tanınması zamanı bunun tənzimlənmə qaydasını müəyyən edir və iddiaçının distant texnologiyaların tətbiqi ilə bağlı təqdim etdiyi sənədlər bu sahədə mövcud olan normativ-hüquqi aktda nəzərdə tutulmuş mexanizmlər çərçivəsində dəyərləndirilməlidir və iddiaçının təhsil müddətində auitoriya dərslərində iştirakı və imtahan sessiyaları üçün xarici ali təhsil aldığı ölkədə olduğu müddət bu çərçivəyə uyğun gəlmir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-38-33/2-4962/23 nömrəli məktubdan görünür ki, X1 Sistemindən (İAMAS) olan çıxarışa əsasən İddiaçı Rusiya Federasiyasına çıxışı xx.xx.2013 - Rusiya Federasiyasından girişi xx.xx.2013, Rusiya Federasiyasına çıxışı xx.xx.2013 - Rusiya Federasiyasından girişi xx.xx.2013, Rusiya Federasiyasına çıxışı xx.xx.2014 - Rusiya Federasiyasından girişi xx.xx.2014, Rusiya Federasiyasına çıxışı xx.xx.2014 - Rusiya Federasiyasından girişi xx.xx.2014, Rusiya Federasiyasına çıxışı xx.xx.2015 - Rusiya Federasiyasından girişi xx.xx.2015, Rusiya Federasiyasına çıxışı xx.xx.2015 - Rusiya Federasiyasından girişi xx.xx.2015, Rusiya Federasiyasına çıxışı xx.xx.2016 - Rusiya Federasiyasından girişi xx.xx.2016, Rusiya Federasiyasına çıxışı xx.xx.2016 - Rusiya Federasiyasından girişi xx.xx.2016, Rusiya Federasiyasına çıxışı xx.xx.2016 - Rusiya Federasiyasından girişi xx.xx.2016, Rusiya Federasiyasına çıxışı xx.xx.2017 - Rusiya Federasiyasından girişi xx.xx.2017, Rusiya Federasiyasına çıxışı xx.xx.2017 - Rusiya Federasiyasından girişi xx.xx.2017, Rusiya Federasiyasına çıxışı xx.xx.2018 - Rusiya Federasiyasından girişi xx.xx.2018-ci il tarixlərində olmuşdur.

6. Ali Təhsilin Qeyri-Dövlət Təhsil Özəl Müəssisəsi olan “Sinerqiya” X6 Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 022937 qeydiyyat nömrəli bakalavr diplomundan görünür ki, İddiaçı 38.03.01 ixtisası üzrə ixtisaslaşma proqramını mənimsəmişdir və yekun dövlət attestasiyasından uğurla keçmişdir.

7. Ali Təhsilin Qeyri-Dövlət Təhsil Özəl Müəssisəsi olan “Sinerqiya” X6 Universiteti” Dərbənd nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı həqiqətən 38.02.01 “İqtisadiyyat” istiqamətinin “Bank işi” profili üzrə distant təhsil texnologiyalarından istifadə edərək Ali Təhsilin Qeyri-Dövlət Təhsil Özəl Müəssisəsi olan “Sinerqiya” X6 Universiteti” Dərbənd nümayəndəliyində qiyabi forma üzrə təhsil alıb. Dövlət Attestasiya Komissiyasının xx.xx.2018-ci il tarixli 27 nömrəli qərarı ilə İddiaçı ali təhsil diplomu verilməklə “İqtisadiyyat” istiqamətinin “Bank işi” profili üzrə Bakalavr ixtisası verilmişdir.

8. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” sarayının xx.xx.2023-cü il tarixli 1-2-24/2-149/2023 nömrəli arayışa əsasən İddiaçı 2021-ci ilin iyulun 13-dən bu günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının Mühafizə xidmətinin aparıcı məsləhətçisi-mühafizə xidmətinin rəisi vəzifəsində çalışır. Dövlət qulluğunun kiçik müşaviridir.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddianın vəkili iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

13. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir.

14. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. İş materiallarından göründüyü kimi, İddiaçı 38.02.01 “İqtisadiyyat” istiqamətinin “Bank işi” profili üzrə distant təhsil texnologiyalarından istifadə edərək Ali Təhsilin Qeyri-Dövlət Təhsil Özəl Müəssisəsi olan “Sinerqiya” X6 Universiteti” Dərbənd nümayəndəliyində qiyabi forma üzrə təhsil almışdır.

17. Cavabdehin xx.xx.2023-cü il tarixli xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə NA00019689 nömrəli qərarı ilə ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. Həmin qərara əsasən iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir.

18. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağıdakı qanunvericilik normaları ilə tənzimlənir.

19. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

20. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

21. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

23. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən edilir.

24. Belə ki, iddiaçı təhsil aldığı ölkədə İ-ci tədris ili üzrə - 2 gün, İİ-ci tədris ili üzrə - 3 gün, İİİcü tədris ili üzrə - 2 gün, İV-cü tədris ili üzrə - 3 gün və V-ci tədris ili üzrə - 2 gün, ümumilikdə isə 12 gün olmuşdur. İddiaçının iddia ərizəsində olan əsas dəlillərindən biri də ondan ibarətdir ki, qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.

25. Göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.

26. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

27. Məhkəmə, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı sözügedən tələblərə riayət etməmişdir.

28. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

31. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar