Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4453/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abıyevin sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh., N.Vəzirov küç., 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş sahəsinin həmin torpaq sahəsinə dair verilmiş sənədlərdə, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2021-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışda göstərilməsi və müvafiq düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakı Fəhləsi küçəsi ünvanında yerləşən 83 saylı fərdi yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən tam payda onun xüsusi mülkiyyətindədir. Sözügedən çıxarışda daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 213.20 kv. metr, torpaq sahəsinin ölçüsü (hektarla) 0.0328 ha qeyd edilmişdir. Torpaq sahəsinin ölçüsü düzgün qeyd edilməmişdir. Cavabdeh tərəfindən müvafiq çıxarış verilən zaman torpaq sahəsinin girişi nəzərə alınmamış və həmin sahə çıxarışda öz əksini tapmamışdır. Belə ki, torpağa baxış keçirilərkən qeyd etdiyi hallar nəzərə çatdırılmış və ona həmin sahənin də Çıxarışda öz əksini tapacağı bildirilsə də cavabdeh köhnə pasportu əsas götürərək qeyd olunan sahəni Çıxarışda göstərməmişdir. Yanlışlığın aradan qaldırılması və Çıxarışa müvafiq düzəlişlərin edilməsi ilə bağlı tərəfindən cavabdehə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin **********89 saylı, 11 noyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş sənədlərdə müvafiq düzəlişin edilməsi ilə bağlı ********** nömrəli, 11 oktyabr 2022-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətində qeydi etdiyi giriş sahəsi əlavə torpaq sahəsində yerləşir. Belə ki, əlavə torpaq sahəsinə dair hüququmüəyyənedici sənədlər təqdim edilmədiyindən müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən giriş sahəsi sənəd üzrə qeyd olunan torpaq sahəsindən kənarda yerləşir. Belə ki, əlavə torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********89 saylı cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 328 kv. metr, faktiki 496 kv. metr təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən onun müraciətindən imtina olunmuş, bundan sonra sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin yanında Texniki İnventarlaşdırma Bürosu tərəfindən Bakı fəhləsi küçəsi, ev 83 ünvanına dair iyun 1973-cü ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarzasiya və qiymətləndirilməsinə aid” Texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi (keçmiş Kirov) qəsəbəsində yerləşən X2 məxsus əmlakın (1964-cü ildə inşa edilmiş fərdi yaşayış evi) yerləşdiyi həyətyanı sahə 178,1 kv. metr, cəmi meydançanın sahəsi isə 391,7 kv. metr kimi qeyd olunmuşdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı fəhləsi küçəsi, ev 83 ünvanına dair iyun 1979-cu il tarixə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarzasiya və qiymətləndirilməsinə aid” Texniki pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi (keçmiş Kirov) qəsəbəsində yerləşən X1 məxsus əmlakın (1964-cü ildə inşa edilmiş fərdi yaşayış evi) yerləşdiyi həyətyanı sahə 233,0 kv. metr, cəmi meydançanın sahəsi isə 316,5 kv. metr kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən müəyyən olunur ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 549 saylı Sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 391,7 kv. metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmışdır. Bununla bağlı X11 kitabında xx.xx.2013-cü ildə 35165 nömrə ilə uçot aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixdə tərtib olunmuş 379494 inventar nömrəli Texniki pasportunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsi 0.0328 ha, tikinti altı sahə 0.02732 ha, digər sahələr 0.00548 ha təşkil edir. Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********62 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş: Daşınmaz Əmlakın Bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 213,2 kv. metr olan fərdi yaşayış evini və 0,0328 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 328,0 kv. metr, faktiki sahəsi isə 496,0 kv. metr təşkil edir. Eyni zamanda torpaq sahəsinin 168,0 kv. metr artıq olduğu qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 213,2 kv. metr olan 0,0328 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 542 nömrəli reyestr kitabının 50993 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə İddiaçı oğunun adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-01829/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Binəqəd Rayon İcra Hakimiyyətinin “X5 tərəfindən özbaşına tikilmiş evin hüquqi qeydiyyata alınması haqqında” 549 №-li, xx.xx.1993-cü il tarixli sərəncamının surətindən müəyyən olunur ki, X2 məxsus olan M.Ə.Rəsulzadə qəsəbəsi, Bakı Fəhləsi küçəsində yerləşən 1964-cü ildə tikilmiş 83 №-li evin hüquqi qeydiyyata alınması (Əsas TİB tərəfindən 1973cü ildə verilmiş texniki pasport) sərəncam verilmişdir. Göstərilən ünvanda yerləşən ev texniki normalara uyğundur və Bakı şəhər İcra Hakimiyyəti yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş (18/03-5/191 №-li xx.xx.1993-cü il tarixli məktubuna əsasən sökülməsi haqqında sərəncam yoxdur; ev 391,7 kv. metr torpaq sahəsində yerləşir və sahəsi 72,7 kv. m. olan 5 yaşayış otağından, 33.5 kv. m. köməkçi sahəsindən, 9,8 kv. metr hamamdan, 3,6 kv. metr ayaq yolundan, 63,0 kv. metr toyuq hinindən 9,9 kv. metr təsərrüfat otağından ibarət olduğu barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5423 saylı ekspert rəyindən görünür ki, ekspert aşağıdakı nəticəyə gəlmişdir: - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********92 №li mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 213,2 kv. metr olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin texniki pasporta əsasən 328,0 kv. metr olsa da, faktiki olaraq 496,0 kv. metr təşkil etdiyi və texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçülərdə fərqin mövcud olduğu müəyyən olunur. - Mütəxəssis rəyinə əsasən, iddiaçının tələb etdiyi girişin və əlavə torpaq sahəsinin 168,0 kv. metr təşkil etdiyi, tələb olunan giriş sahəsinin SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib olunmuş texniki pasportda göstərilmədiyi, texniki pasportda göstərilən boş sahənin hazırda “A” literli tikilinin inşa olunduğu sahə olduğu və qeyd olunan əlavə sahənin ümumi hasar daxilində olduğu müəyyən olundu. Həmçinin qeyd olunur ki, hasarın inşa olunmasının hansı dövrə təsadüf etdiyini müəyyən etmək mümkün deyildir. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********89 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş sənədlərdə müvafiq düzəlişin edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətində qeyd etdiyi giriş sahəsi əlavə torpaq sahəsində yerləşir. Belə ki, əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutulmuşdur (bənd 2.7) “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, X11, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixdə tərtib olunmuş 379494 inventar nömrəli Texniki pasportda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsi 0.0328 ha, tikinti altı sahə 0.02732 ha, digər sahələrin isə 0.00548 ha təşkil etdiyi göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 213,2 kv. metr olan fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 542 nömrəli reyestr kitabının 50993 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə İddiaçı oğunun adına qeydiyyata alınması zamanı həmin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,0328 ha kimi qeyd olunmuşdur. Hazırda iddiaçı özümə məxsus olan fərdi yaşayış evinin giriş hissəsində yerləşən mübahisəli torpaq sahəsinin həmin evə və torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilməsi və buna dair Daşınmaz əmlakın Dövlət reyestrində müvafiq düzəlişlərin edilməsi barədə tələb irəli srmüşdür. Göründüyü kimi vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq onların mülkiyyətinə verilir və bu hüquq yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş üzrə keçirilmiş ekspertiza ilə müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi giriş və əlavə torpaq sahəsi 168,0 kv. metr təşkil edir. Tələb olunan giriş sahəsi SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib olunmuş texniki pasportda göstərilməmişdir. Texniki pasportda göstərilən boş sahə hazırda “A” literli tikilinin inşa olunduğu sahədir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair nə inzibati orqana, nə də məhkəməyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev