Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4453/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə inzibati işə 15 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı şəhid ailəsi üzvü kimi mənzil növbəsinə qəbul edilməsi üçün cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1996-cı ildə Beyləqan rayonunda doğulmuşdur. Orta təhsilini Beyləqan rayonunda almışdır. 8 aprel 2014-cü ildə X7 ilə nikah bağlamışdır. Bu nikahdan Abbas və Tuncay adlı iki övladı doğulub. X3 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. 44 günlük Vətən Müharibəsi zamanı əri müharibəyə yola düşmüş, Cəbrayıldan Şuşayadək döyüşlərdə iştirak etmiş, böyük rəşadət və qəhrəmanlıq göstərmişdir. xx.xx.2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra əri Tural Əliyev, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli, 2364 nömrəli sərəncam ilə “Xocavəndin azad olunmasına görə”, 25 dekabr 2021-ci il tarixli, 3862 sayılı sərəncamla “Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”medalla 24 iyul 2021-ci il tarixli 2722 nömrəli sərəncamı ilə “Vətən uğrunda medalları ilə təltif olunmuşdur. Onlar ailə qurduqdan sonra ərinin ailəsi ilə birlikdə yaşamışdır. Əri şəhid olduqdan sonra ilk aylar ailədə qayınatası və qayınanası ilə münasibəti normal olmuşdur. Lakin bir müddət sonra ailədə ona və uşaqlarına qarşı münasibətlər dəyişmiş, tədricən ailədaxili mübahisələr yaranmışdır. Vəziyyətin yaxşıya doğru getmədiyini görüb həmin evdən çıxıb Bakıda yaşayan valideynlərinin yanına qayıtmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Zığ Qəsəbəsi, Hövsan yolu ünvanında yaşayan qohumlarının evində qeydiyyata alınmışdır. Hazırda həmin ünvanda yaşayır. Bakıya köçməkdə məqsədi övladlarının sağlam böyüməsi və təhsil alması olmuşdur. Daimi yaşayış yerinin olmamasını nəzərə alaraq qeydiyyatda olduğu Suraxanı Rayon İcra Hakimiyyətinə şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmağı üçün müraciət etmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətinə imtina verilmişdir. İcra Hakimiyyəti imtinanı Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndi ilə əsaslandıraraq qeyd etmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il Bakı şəhərində daim qeydiyyatda olmaqla yaşamış olsunlar. Həmçinin cavab məktubunun ikinci hissəsində İcra Hakimiyyəti fikrini Mənzil Məcəlləsinin 52-ci maddəsi ilə əsaslandırmağa çalışaraq qeyd edir ki,yaşayış sahəsinə ehtiyacı olan qismdə uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Eyni zamanda bu qaydaların 17-ci bəndinin B hissəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq istəyən vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin uçotda durub-durmadıqları haqda arayış tələb edilir və şəxsin digər yaşayış yeri üzrə uçotda oluduğu aşkarlanırsa müraciətə imtina cavabı verilir. İddiaçı isə Bakı şəhəri, Suraxanı rayonu rayonuna yaşayış yeri üzrə qeydiyyatda alınmamışdan əvvəl Beyləqan rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuş və Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. Mənzil qanunvericiliyinin tələblərinə əsasən imtyazından aslı olmayaraq şəxs yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində bir yer üzrə mənzil uçotunda olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilənlərə yəni Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. Yaşayış yeri və olduğu yer üzrə Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 002674 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvü statusu vardır; Bakı şəhəri üzrə Təhsil İdarəsi 192 №-li tam orta məktəbin xx.xx.2025-ci il, 342 nömrəli arayışdan görünür ki, X6 192 №-li tam orta məktəbin 4b sinfində təhsil alır; Bakı şəhəri üzrə Təhsil İdarəsi 192 №-li tam orta məktəbin xx.xx.2025-ci il, 343 nömrəli arayışdan görünür ki, X5 192 №-li tam orta məktəbin 1d sinfində təhsil alır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Beyləqan rayonu, Təzəkənd kəndində, xx.xx.2021-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir; Zığ Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı, X5 və X2 adına Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır; Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X4 Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunması barədə məlumat yoxdur; Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, kiçik çavuş X7 xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmət keçmiş və xx.xx.2014-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2016-cı il tarixdə təkrar həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2019-cu il tarixdən 02.11,2020-ci il tarixədək N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmət keçmiş və 02.11 2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur; Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubuna İddiaçı mənzil növbəsinə qəbul edilməsi və çıxarılması ilə bağlı sənədlər əlavə edilmişdir: Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 31 nömrəli sərəncamı ilə İddiaçı şəhid ailə üzvü kimi mənzil növbəsinə götürülmüşdür; Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2024-ci il tarixli, 105 nömrəli sərəncamı ilə İddiaçı şəhid ailə üzvü kimi mənzil növbəsinə alınmış vətəndaşların siyahısından çıxarılmış və mənzil növbəliliyinin Bakı şəhəri Suraxanı rayonunda davam etdirilməsi üçün mənzil uçot sənədləri Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı şəhid ailə üzvü statusu və vəsiqəsinə sahibdir. O, Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 31 nömrəli sərəncamı ilə şəhid ailə üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Hazırda Bakı şəhərinin Suraxanı rayonunda yaşadığından, yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi tələbini irəli sürmüşdür. Tətbiq edilən hüquq: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. ... Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir; Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ... ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşin faktiki hallarından görünür ki, iddiaçının adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Deməli, iddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunur. xx.xx.2021-ci il tarixli, 002674 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvü statusu vardır. Qeyd edilənlərə əsasən, Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 31 nömrəli sərəncamı ilə İddiaçı şəhid ailə üzvü kimi mənzil növbəsinə götürülmüşdür. Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2024-ci il tarixli, 105 nömrəli sərəncamı ilə İddiaçı şəhid ailə üzvü kimi mənzil növbəsinə alınmış vətəndaşların siyahısından çıxarılmış və mənzil növbəliliyinin Bakı şəhəri Suraxanı rayonunda davam etdirilməsi üçün mənzil uçot sənədləri Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən Bakı şəhərinin Suraxanı rayonunda qeydiyyatdadır və burada yaşayır, onun uşaqları Bakıda təhsil alır. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, mənzil növbəsinin köçürülməsi qanunvericilikdə tənzimlənməsə də, bunu qadağan edən hər hansı bir müddəa da yoxdur. Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtina edilməsi qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailə üzvü kimi mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi öhdəliyi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4453/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4453/2025
15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver