Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4454/2025 21.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qarabağ döyüşləri zamanı aldığı xəsarət nəticəsində onun orqanizminin funksiyasının tamamilə pozulması nəzərə alınaraq ona təyin edilmiş 2-ci dərəcəli əlilliyin bərpa edilməsi və təyin olunmuş pensiyasının verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş əlilliyin təyinindən imtina barədə 09 iyun 2025-ci il tarixli qərar ləğv edilərək ona həmin tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüş zonasında aldığı xəsarətlər nəticəsində sağlamlığı çox pis vəziyyətə düşmüşdür. Hal-hazırda ağır xəstəliyi ilə əlaqədar qardaşının himayəsində yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair Arayışına əsasən xx.xx.2018-ci il tarixli Qiymətləndirməyə əsasən ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: “Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmaların nəticələri, Qapalı kəllə -beyin travmasıın davamlı qalıq əlamətləri, Postravmatik esefolopatiya. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindomlar.Epilepsiya generalizə olunmuş forma, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 7-8 dəfə ). Növbəti qiymətləndirmə xx.xx.2023-ci il müəyyən edilmişdir. İddiaçıya əlillik təyin edilməsinə baxmayaraq döyüş zonasında aldığı xəsarətlərə görə müayinə və müalicələrini davam etdirmişdir. Belə ki, xx.xx.2019-cü ildən xx.xx.2019-cu i 1 kimi Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında “qıcolma” diaqnozu ilə müalicə almış, xx.xx.2021-ci ildə və xx.xx.2021-ci ildə Salyan Rayonlararası Psixiatriya xəstəxanasında “Qapalı kəllə beyin travması” diaqnozu üzrə müayinə olunmuş, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Salyan Rayonlararası Psixiatriya Xəstəxanasıda müayinə edilmiş, “üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin silkələnməsi” xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi Biləsuvar mərkəzi Rayon Xəstəxanasında “Baş beyinin üzvi xəstəliyi, kəllə beyin travması nəticəsində şəxsiyyətin dəyişməsi” və tez tez baş verən qıcolma tutumaları” ilə (ayda 7 dəfə), xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə və xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi 26 saylı şəhər poliklinikasında müalicə almışdır. İddiaçı xx.xx.2023-cü ildə “Respublika Psixitariya xəstəxanası” Publik Hüquqi şəxsdə Həkim Psixiatriya Komissiyasının müayinə olunmuş, Diaqnoz: “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07,0”, xx.xx.2023-cü ildə X4 müayinədə olmuş və nəticə olaraq göstərilmişdir ki, “Beyinin diffuz” tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, 1992-ci ildə kəllə-beyin travmasını qeyd edir ) və parkosizmal aktivlik (müvafiq şikayətlərini nəzərə alaraq, qıcolma həddinin enməsinə meyillik) qeyd edilir. Lakin, cavabdeh 2023-cü ildən iddiaçıya təyin olunmuş əlilliyi və təyin olnmuş pensiyanı dayandırmışdır. xx.xx.2023-cü ildə uçotda olduğu polklinikanın 088 saylı göndərişinə heç bir cavab verilməmişdir. Hazırda bütün müalicə müəssisələri, xəstaxanalarında onun xəstəliyi təsdiq olunduğu və qoyulmuş diaqnozu təsdiq edildiyi halda ona təyin edilmiş 2-ci dərəcəli əlilliyin dyandırılması əsasızdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1800 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu mərmi partlamasından sonrakı başın sağ gicgah nahiyəsində bir ədəd, başın sol alın nahiyəsində bir ədəd, sol orbitanın yuxarı-bayır kənarında bir ədəd, burun belində, burun kökünə yaxın yerdə bir ədəd, döş qəfəsinin sağ arxa səthində, sağ kürək sümüyü proyeksiyasında bir ədəd, sol əlin 1-ci barmağının proksimal falanqasının arxa səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından, yuxusuzluq, əsəbilik, yaddaşsızlıq, insulindən asılı şəkərli diabet xəstəliyi, nəfəs çatışmazlığından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1992-ci ildən özünü xəstə hesab etdiyini, mərmi partlaması nəticəsində travma aldığını, sanki gözünün qarşısından nəsə qaçdığını, qıcolma tutmalarının iki formada olduğunu, səhərlər sanki sərin meh vurduğunu, çırpınaraq bayıldığını, digər tutma zamanı isə ətraflarının qıcandığını, lakin huşunun özündə olduğunu bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Aminazin”, “Finlepsin”, “Fenozepam” qəbul etdiyini qeyd etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticələri arasında (MRT, KT, EEQ) uyğunsuzluq aşkarlanmış, həmçinin təqdim olunan müayinə və müalicə sənədləri son dövrlərə aid olmuşdur. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji defisit aşkarlanmamış, vətəndaş adekvat, səliqəli, suallara ətraflı cavablar vermiş, xəstəliklə bağlı suallara isə çaşqınlıqla cavab verərək yayınmağa çalışmışdır. Müayinə zamanı yaralanmaya aid heç bir çapıq aşkarlanmamış, sağ topuq nahiyəsində çox zəif, digər topuq və ayaqarxası nahiyələrdə nəbz hiss olunmuşdur. Psixi statusunda əyani müayinə zamanı bələdliyi bütöv istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, verilən suallara ətraflı cavablar vermişdir. Aparılan müalicələr haqqında verilən sualları cavablaya bilməmiş, emosional labil izlənilmişdir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10214497 nömrəli çıxarışında, Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 2163 nömrəli Tibbi rəyində, 2 nömrəli X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 11504/23 çxarışında, X5 xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsində göstərilmiş diaqnozlar öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2547 saylı rəyinə əsasən iddiaçıya “üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur. İddia ərizəsinə ambulator kitabçadan çıxarışlar və digər tibbi sənədlər əlavə edilmişdir. xx.xx.2015-ci il tarixli xxxxxxx0001 nömrəli qiymətləndirmə aktına əsasən həmin tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və əsassız göndəriş səbəbindən ona imtina verilmişdir. xx.xx.2015-ci il tarixli Sxxxxxxx0002 nömrəli qiymətləndirmə aktına əsasən həmin tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və ona “şəkərli diabet İİ tip ağır forma, insulin tələbli, tez-tez komatoz hallarla. Aşağı ətrafların angiopatiyası, hissi və hərəki funksiya pozğunluğu ilə” diaqnozu qoyularaq 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixli xxxxxxx0003 nömrəli qiymətləndirmə aktına əsasən həmin tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və ona həmin diaqnoz qoyularaq 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 3SB2LLLLRS0004 nömrəli qiymətləndirmə aktına əsasən həmin tarixdə iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş və ona “kəllədaxili travmaların nəticələri, -Kəllədaxili travmaların nəticələri. Qapalı kəllə-beynin davamlı əlamətləri. Postravmatik esefalopatiya (Durğunluq) ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin və böyrəklərin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəliyi, -Hipertoniya xəstəliyi – İİİ mərhələ, tez-tez krizlərlə. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, -Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya generalizə olunmuş forma, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 7-8 dəfə). Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, -Kəllədaxili hipertenziya kəskin osteonevrotik vəziyyət.” diaqnozu qoyularaq 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixli xxxxxxx0008 nömrəli qiymətləndirmə aktına əsasən həmin tarixdə iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş və göndərişin natamam göndərilməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. xx.xx.2018-ci il tarixli xxxxxxx0011 nömrəli qiymətləndirmə aktına əsasən həmin tarixdə iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş və ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli xxxxxxx0012 nömrəli qiymətləndirmə aktına əsasən həmin tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. xx.xx.2024-cü il tarixli xxxxxxx0013 nömrəli qiymətləndirmə aktına əsasən həmin tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. xx.xx.2025-ci il tarixli sonuncu müayinə dair məlumata əsasən sonuncu dəfə iddiaçının əlilliyi həmin tarixdə qiymətləndirilmiş və ona qoyulmuş “üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beynin üzvü xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan cəngolma tutmaları ilə (ayda 7-8 dəfə). Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla” diaqnozun əlillik əlamətləri təyin etməməsi səbəbindən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli 620 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı hal-hazırda “üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntuiannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6)” müəyyən edilir. Qeyd edilməlidir ki, tibbi göndərişdə qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan cəngolma tutmaları ilə (ayda 7-8 dəfə)” diaqnozu hal-hazırda İddiaçı müəyyən edilmədi. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi (psixiatrik) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli 3504 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, koqnitiv funksiyalann enməsi ilə” (F07.0) aşkar edilir. Baş beynin silkələnməsi, baş beynin silkələnməsindən qalıq əlamətləri bu pozuntunun yaranmasına səbəb ola bilər. Digər sualları cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin imtina qərarının ləğv edilərək ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). İşdən göründüyü kimi iddiaçıya tibbi göndərişdə qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan cəngolma tutmaları ilə (ayda 7-8 dəfə)” diaqnozunun ona əlillik təyininə əsas verib-verməməsinin aydınlaşdırılması üçün iş üzrə məhkəmə-tibbi (psixiatrik) ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarına dair ekspert rəyində iddiaçıda hal-hazırda “üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6)” aşkar olduğu, lakin tibbi göndərişdə qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan cəngolma tutmaları ilə (ayda 7-8 dəfə)” diaqnozunun hal-hazırda onda müəyyən edilmədiyi bildirilmiş, həmçinin, lakin, həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə aid olması və müvafiq bəndlərdə nəzərdə tutulmuş ağırlaşmalara səbəb olmasının aydınlaşdırılmasının psixiatrik ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. İddiaçıda “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kobud davranış pozuntuları (F07.8)”; “Baş beynin silkələnməsi, baş beynin silkələnməsindən qalıq əlamətləri (S06.0)” və “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal, parsial) idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan (epileptik) cəngolma tutmaları (ayda 7-8 dəfə) (G40.0)” diaqnozunun hal-hazırda müşahidə olunubolunmaması, habelə həmin diaqnozlar mövcuddursa, bu ona əlillik təyin ediləcək dərəcədə sağlamlıq imkanlarının məhdudlaşmasına səbəb olub-olmamasının aydınlaşdırılması üçün iş üzrə əlavə məhkəmə-tibbi (psixiatrik) ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarına dair əlavə ekspert rəyində iddiaçıda “üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, koqnitiv funksiyalann enməsi ilə” (F07.0) aşkar edilməsi və “Baş beynin silkələnməsi, baş beynin silkələnməsindən qalıq əlamətləri”nin bu pozuntunun yaranmasına səbəb ola biləcəyi bildirilmiş, lakin digər sualları cavablandırmaən məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəiklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd oluna “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. Həmin “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə” diaqnozu “Meyarlar”da nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduğu halda şəxsə əlillik təyinatına səbəb ola bilər: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 2 il. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80 2 il. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatına dair ekspert rəyində iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi istisna olunmur. Lakin, ekspert rəyində həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə uyğun olub-olmaması və əlillik təyinatına əsas verən ağırlaşmalara səbəb olub-olmamasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən ekspert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçıda yaranmış psixi pozuntular onun müharibədə aldığı travma nəticəsində meydana çıxmışdır. Belə olan halda onda mövcud olan psixi pozuntuların üzvi (travma) mənşəli olması nəzərə alındıqda tibbi göndərişdə və ya şəhadətləndirmə barədə qərarda hansı formada ifadə olunması önəmli deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” (F06) və “üzvi mənşəli şəxsiyyət pozuntusu” (F.07.0) öz əksini tapmışdır. Ekspert rəylərində də iddiaçıda məhz həmin diaqnozların aşkar edildiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, ekspert iddiaçıda həmin diaqnozların mövcudluğunu bildirsə də, həmin diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olub-olmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən ekspert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş əlilliyin təyinindən imtina barədə 09 iyun 2025-ci il tarixli qərar ləğv edilsin və həmin tarixdən İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4454/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4454/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver