Məhkəmə qərarları › İş №2-1(112)-4456/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4456/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4456/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2, mənzil 1-nin çıxarışın dəyişdirilərək cari vəziyyətdə torpaq sahəsi ilə birlikdə mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək məhkəmədən ünvan 2, 1 nömrəli mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququna dair qeydin dəyişdirilərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi,ev 14, 1 nömrəli mənzilin altında və qarşısında yerləşən faktiki istifadəsində olan 0,02 ha torpaq sahəsinə həmin mənzillə birgə vahid daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı uzun müddətdir ki ünvan 2, 1 nömrəli mənzildə yaşayır. İddiaçı sözügedən mənzilin altında olan və heyətyani sahəsi 0,02 ha olan torpaq sahələrinə mənzil ilə birgə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu torpaq sahəsinin digər paylı mülkiyyətçilərinin mülkiyyətində olması səbəbindən müraciətin həllindən imtina etmişdir. İddiaçi cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, qeyd olunan ünvanda yerləşən əmlak mənzil kimi çoxmərtəbəli yaşayış binasının tərkib hissəsi olmaqla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər təqdim etməmişdir. Bundan əlavə, sözügedən mənzilə olan torpaq sahəsinin ayrılması ilə bağlı İdarədə hər hansı məlumat (sənəd) aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, müvafiq mənzilin yerləşdiyi binada digər mənzillər – 2 saylı mənzil X3, 3 saylı mənzil X1, 4 saylı mənzil X2, 6 saylı mənzil X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə binada yerləşən mənzillərin mülkiyyətçilərinə məxsusdur. Mənzilin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi, həmçinin vahid tikili olan binanın tərkib hissəsi olan mənzilin ayrıca fərdi yaşayış evi kimi qeydiyyata alınması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -Qeydiyyat vəsiqəsinin və Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi,ev 14, 1 nömrəli mənzilin ümumi sahəsi 39,7 kv.m,yaşayış sahəsi isə 23,77 kv.m təşkil edir. Mənzilin yerləşdiyi bina 1967-ci il tarixdə tikilmiş və 3 mərtəbədən ibarətdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən əmlak daşınmaz əmlakı dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən və mənzilin yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi,ev 14, 1 nömrəli mənzilin yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyətçiləri barədə məlumatların, o cümlədən həmin şəxslərin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin, həmçinin iddiaçının qeyd olunan üvanda yerləşən mənzilə dair texniki pasportun təsdiq edilmiş surətinin və İddiaçı həmin ünvana qeydiyyata alınmasına dair əsas olmuş sənədlərin təqdim olunması ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara sorğular göndərilmişdir. Sorğulara cavab məktublarında, -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi,ev 14, 1 saylı mənzilə dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. -Binəqədi rayon Polis İdarəsi bildirmişdir ki, İddiaçı mənzilə qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün məhkəməyə təqdim olunması mümkün olmamışdır. İddiaçının ünvan 1 ünvanında qeydiyyatda olmasını təsdiq edən forma 1 (fərdi uçot kartoçkası) təqdim olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin torpaq sahəsi ilə birgə vahid əmlak kimi qeydiyyata alınmasını tələb edir və bu halı onunla əsaslandırır ki, mübahisə predmetini təşkil edən mənzil ilə bağlı hüquqmüəyyənedici sənəd (qeydiyyat vəsiqəsi) olduğundan, onun həm mənzil üzərində, həmçinin də mənzilin yerləşdiyi binanın altındaki və həyətyani torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış olur. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı vahid əmlak kimi daşınmaz əmlakın qeydə alınması üçün mənzil ilə yanaşı iki növ torpaq sahəsinin:

1. Mübahisəli mənzilin yerləşdiyi binanın altındaki torpaq sahəsinin;

2. Sahəsi 0,02 ha olan həyətyanı torpaq sahəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, mübahisə predmetini təşkil edən mənzilin yerləşdiyi binanın altındaki olan torpaq sahəsinin ümumi mülkiyyətdə olubolmaması, ümumiyyətlə həmin mənzilin yaşayış binasının tərkib hissəsinə aid olması və mübahisə predmetini təşkil edən daşınmaz əmlakın mənzil və ya fərdi yaşıyış evi kimi xidməti etməsi müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hər iki torpaq sahəsinin üzərində iddiaçının hüquqlarının yaranıb-yaranmamasının müəyyən edilməsi Mənzil Məcəlləsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun, Mülki Məcəllənin və Torpaq Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.1.) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (maddə 8.0.5.) bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Qanunun 10.2-ci və 10.2.2-ci maddələrinə əsasən torpaq sahəsinin planı və ölçüsü qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Mühim olan arqumentlərdən biri odur ki, qanunvericilik fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqları əvəzsiz olaraq mülkiyyətçilərə verilməsini şərtləndirmiş, mənzil kimi xidmət edən daşınmaz əmlakın yerləşdiyi binanın altındakı torpaq sahəsinin isə ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə mənsubluğunu tanımışdır. Ümumi paylı mülkiyyət hüququnu ehtiva edən anlayış Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müddəalarında əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisi sayılır. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktirikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxs həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmək hüququna malik olur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək müəyyən etdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsində yerləşən 14 saylı evin 1 nömrəli mənzili üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Daşınmaz Əmlakın dövlət Reyestrində haqqında Qanunun 8.0.5-ci maddəsində hüquqmüəyyənedici sənəd qismində çıxış edən qeydiyyat vəsiqəsi olsa belə, həmin mənzilin yerləşdiyi binada digər mənzillər (2,3,4 və 6 saylı) başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu hal cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş etirazda öz əksini tapmışdır. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş texniki pasportun surətindən görünür ki, mübahisə predmetini təşkil edən mənzilin yerləşdiyi bina 3 (üç) mərtəbədən ibarətdir. Bu hallar ona dəlalət edir ki, həmin bina yaşayış binası olmaqla yanaşı, digər mənzillərdən ibarət olmuş və həmin mənzillər üzərində şəxslərin mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, binanın yerləşdiyi torpaq sahəsi binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt olub ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Məhkəmə əlavə olaraq onu da vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə mənzilin yerləşdiyi binanın altında olan torpaq sahəsinin ayrılmasına dair hər hansı bir sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi daşınmaz əmlak (ünvan 2, mənzil 1) mənzil kimi qeydiyyata alındığından, həmçinin həmin mənzilin yaşayış binasının tərkib hissəsi olması texniki pasport əsasında müəyyən olunduğundan, o cümlədən ümumiyyətlə mənzilin yerləşdiyi evin altında olan torpaq sahəsinin ayrılmasına dair sənəd cavabdeh inzibati orqanın arxivində aşkar olunmadığından, mübahisə predmetini təşkil edən mənzilin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi qeydiyyata alınması üçün əsaslar mövcud olmamışdır. Həyatyani torpaq sahəsi ilə bağlı bildirilir ki, iddiaçı mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0,2 ha torpaq sahəsi üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdeh inzibati orqana, yaxud məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. O cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 saylı Fərmanına nəzər yetirdikdən məlum olur ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.( 2.4-cü maddə,) Maddənin şərhinə keçməzdən əvvəl məhkəmə bildirir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini , tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Texniki pasport yalnız yaşayış evinin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarını əldə edilməsini təsdiq edən sənən hesab olunur ki, həmin sənəd 01.01.2001-ci il tarixədək tərtib olunsun. Məhkəmə bildirir ki, texniki pasport 01.01.2001-ci il tarixədək tərtib olunsa da, həmin texniki pasportda həyətyani torpaq sahəsinin ölçüsü göstərilmədiyindən, həmin sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas deyildir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin və məhkəmə praktikasının tələbləri əsasında iddiaçının həyətyani torpaq sahəsiüzrə hər hansı bir hüquqlarının mövcud olmaması və mənzilin altında olan torpaq sahəsi ümumi paylı mülkiyyətə aid olduğundan, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar