Məhkəmə qərarları › İş №2-1(112)-4457/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4457/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4457/2021 05.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məktubun etibarsız hesab edilməsi, cərimə olunma barədə qərarın ləğv edilməsi, mənəvi ziyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunu etibarsız hesab etməklə qanunsuz hesablanmış 100 (bir yüz) manat məbləğində cərimənin silinməsi və müvafiq məhkəmə aktı qəbul edilərək dəymiş 2000 (iki min) manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində Cəlilabad rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən qanunsuz inzibati xətaya dair protokol tərtib olunaraq 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Həmin cərimə barədə heç bir rəsmi sənəd təqdim edilməmiş, sadəcə şifahi qaydada məlumat verilmişdir. İddiaçı polisin hərəkətlərinin qanunsuzluğu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinə müraciət etmişdir. İdarənin xx.xx.2020-ci il tarixli cavab məktubunda polisin hərəkətlərində hər hansı bir qanunsuzluğun aşkar edilmədiyi bildirilmişdir. İddiaçı qeyd edir ki, Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini Rövşən adlı şəxs ona və digər bir neçə şəxsə qeyri-qanuni hərəkətlər edərək “dustaq” maşınında pandemiya şəraitində digər şəxslərlə bir maşında gəzdirmiş, Cəlilabad rayon Polis Şöbəsində saatlarla saxlamış, bununla da, mənəvi sarsıntı keçirmiş və bu səbəbdən də ona mənəvi ziyan vurulmuşdur.

3. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla ona bildirimişdir ki, qoruyucu maskadan istifadə etməyərək xüsusi karantin rejimi qaydalarını pozması səbəbindən barəsində İXM 211.2ci maddəsinə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən 100 manat cərimə olunması müəyyən olunmuş, eləcə də polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi faktı təsdiqini tapmamışdır.

4. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhəri, A.Qurbanov küçəsi 77-də yaşayan İddiaçı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada cərimə olunması barədə toplanmış materiallar məhkəməyə göndərilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş və 100 (bir yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

II. İddianın mümkünlüyü

6. İddia tələbindən göründüyü kimi tələb 3 hissədən ibarətdir: DİN-in Baş Cinayət Axrarış idarəsinin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi faktının təsdiqini tapmaması barədə məktubunun etibarsız hesab edilməsi; inzibati xəta barədə protokolun ləğv edilməsi; polisin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi.

7. DİN-in Baş Cinayət Axrarış idarəsinin xx.xx.2020-ci il tarixli məktubu inzibati akt deyil. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

8. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən məktub inzibati aktın qeyd edilən əlamətlərinə malik deyil.

9. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.

10. Məhkəmə hesab edir ki, hazırki iddia polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. Belə ki, iddiaçı faktiki olaraq inzibati xətaya dair protokolu mübahisələndirir. Polisin qanunsuz hesab etdiyi fəaliyyəti (qanunsuz saxlama) və bununla bağlı zərər tələbi də polisin inzibati icraatdan irəli gələn fəaliyyəti ilə bağlı deyil.

11. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd).

12. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).

13. İddia açıq-aşkar qeyri-mümkün olduğundan məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək aidiyyət məsələsinə qiymət verməyi zəruri hesab etmir.

14. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar