Məhkəmə qərarları › İş №2-1(112)-4458/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4458/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4458/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona əmək kitabçasında öz əksini tapmış dövrün sığorta stajına hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 sentyabr 1976-cı il tarixində 308 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olmuş, 12 mart 1979-cu il tarixində “Metal emaledici dəzgahların və avtomatik xətlərin quraşdırılması və istismarı” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik-mexanik” ixtisas dərəcəsi və BT 021331 saylı diplom verilmişdir. Daha sonra o, xx.xx.1978-ci ildə itiləyici şagirdi kimi BNTnin tələbəsi kimi sənaye təcrübəsinə qeydə alınmışdır. xx.xx.1978-ci ildə həmin müəssisədə ikinci kateqoriya itiləyici kimi təyin olunmuşdur. xx.xx.1978-ci il tarixində istehsalat təcrübəsi keçən BNT tələbəsi kimi işdən azad edilmişdir. xx.xx.1979-cıı ildə texnikumdan gələn istiqamətdə 10 saylı sexə 2-ci dərəcəli müfəttiş kimi qəbul olunmuşdur. xx.xx.1979-cu il tarixində 27 saylı sexə ikinci dərəcəli müfəttiş vəzifəsinə keçirilmişdir. xx.xx.1980-ci il tarixində ona 27 saylı sexin üçüncü kateqoriyalı müfəttişi vəzifəsi verilmişdir. xx.xx.1982-ci il tarixində Azərbaycan SSR Əmək Qanunvericiliyinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixində üçüncü kateqoriyalı müfəttiş-qəbuledici kimi qəbul olunmuşdur. xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 26 may 1999-cu il tarixli 280 nömrəli əmri əsasında müəssisənin adı dəyişdirilərək ASC adlandırılmışdır. xx.xx.2002-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsi “A” bəndi ilə öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə, onun sığorta stajı 26 il 3 ay 29 gün təşkil edir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, cavabdeh tərəfindən ərizəyə baxılaraq, 2 noyabr 2022-ci il tarixli, **********1 saylı məktubla ona imtina cavabı verilmişdir. İmtinada qeyd olunmuşdur ki, onun ümumi sığorta stajı yaşa görə pensiya təyin edilməsinə yol vermir. Cavabdehin həmin əsasla imtinası ilə razılaşmır və hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək bildirmişdir ki, imtina qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixində Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraicət etmişdir. İddiaçı E.Quliyevin Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla bildirilmişdir ki, Filiala təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1982-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Bakı Transformatorlar Zavodunda əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Bakı Transformatorlar Zavodunun xx.xx.2022-ci il tarixli müvafiq arayışına əsasən iddiaçının xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı almadığı dövr sığorta stajına daxil edilməyib. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2017-ci il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. X1 X2 əsasən xx.xx.2006-cı il tarixdən hazırkı dövrədək iddiaçıya münasibətdə pensiya kapitalı aşkar edilməmişdir. İddiaçı əmək kitabçasına əsasən mübahisəsiz sığorta stajı 8 il 9 ay 8 gün, mübahisələndirilən sığorta stajı isə 20 il 5 ay 17 gün təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin, yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı onunla nəzərdə tutulan müddətdən az olduğu üçün iddiaçıya yaşa görə pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İddiaçı xx.xx.2017-ci il tarixindən yaşa görə müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçının xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02 noyabr 2022-ci il tarixli, **********1 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qadınların pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 8 il 9 ay 8 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1982-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Bakı Transformatorlar Zavodunda əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Bakı Transformatorlar Zavodunun xx.xx.2022-ci il tarixli müvafiq arayışına əsasən xx.xx.1985-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı almadığı dövr sığorta stajına daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2017-ci il tarixindən yaşa görə müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. İşdə olan БТ seriyalı, 021331 nömrəli diplomun surətindən görünür ki, X3 1976- 1979-cu illərdə Bakı Neft Texnikumunda təhsil almış, tam kursu bitirdiyinə görə ona “texnik-mexanik” ixtisas dərəcəsi verilmişdir. İşdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft- Energetika Kolleci tərəfindən verilmiş 3832 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İbrahimova (Quliyeva) Elmira Ağarəhim qızı 01 sentyabr 1976-ci il tarixinda 308 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 12 mart 1979cu il tarixində 99 saylı əmrlə "Metal emaledici dazgahlar;n va avtomatik xətlərin quraşdırılması va istismarı" ixtisası üzrə əyani şöbədə tam kursu bilirdiyinə görə ona "texnik- mexanik" ixtisas dərəcəsi və БТ № 021331 say 11 diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı Baza Energetika Texnikumu birləşdirilərək Bakı Neft- Energetika Kolleci yaradılmışdır. İşdə olan iddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Keşlə maşınqayırma zavodu VPO “Soyuzneftomaş”-da xx.xx.1978-ci il tarixdə itiləyici şagirdi kimi BNT-nin tələbəsi kimi sənaye təcrübəsinə qeydə alınmış, xx.xx.1978-ci il tarixdə həmin müsssisədə ikinci kateqroiya itiləyici kimi təyin olunub, xx.xx.1975-ci il tarixdə istehsalat təcrübəsi keçən BNT tələbələri işdən azad edilmiş, xx.xx.1979-cu il tarixdə texnikumdan gələn istiqamətdə 10 saylı sexə 2-ci dərəcəli müfəttiş kimi qəbul olunmuş, xx.xx.1979-cu il tarixdə 27 saylı sexə ikinci dərəcəli müfəttiş vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci il tarixdə 27 saylı sexin üçüncü kateqoriyalı müfəttişi vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1982-ci il tarixdə Bakı Quru Transformatorlar Zavoduna üçüncü kateqoriyalı müfəttiş-qəbuledici kimi qəbul olunmuş, xx.xx.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli, 3-17-1/2-44595/2023 nömrəli məktubla İddiaçı müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən 1/08 nömrəli, xx.xx.2023-cü il tairxli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən şirkət rəhbərinin 81/K saylı əmri ilə “Bakı Mayesiz Transformatorlar” X4 şöbəsinə, 9-cu dərəcəli keyfiyyət nəzarətçisi peşəsinə işə qəbul edilib. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə» uyğun olaraq, öz ərizəsi əsasında, şirkət rəhbərinin 01/k saylı, xx.xx.2002-ci il tarixli əmri ilə vəzifəsindən azad edilmişdir. İddiaçı işlədiyi dövrlərdə əmək qanunvericiliyinə müvafiq əmək haqqı almışdır. Qeyd: “Bakı Mayesiz Transformatorlar” Zavodunun adı 23 dekabr 2002-ci ll tarixindən dəyişilərək, "xxxx" ASC olmuşdur. Möhürün oxunuşu: Azərbaycan Respublikası "xxxx". 01-12 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən Bakı Transformatorlar Zavodunda çalışıb, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixinədək olan dövr ərzində 32.22 (otuz iki rubl 22 qəpik) qazanc aşkar olub. xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək heç bir qazanc aşkar olunmayıb. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında” 02 noyabr 2022-ci il tarixli, **********01 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmək stajının mübahisəli dövrləri onun xx.xx.1982-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Transformatorlar Zavodundakı əmək fəaliyyəti olmuşdur. Cavabdehin sözügedən dövrlərlə bağlı dəlili ondan ibarət olmuşdur ki, həmin dövrlərdə iddiaçının əmək haqqı alması müəyyən edilmədiyindən həmin illər sığorta stajına daxil edilə bilməz. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinin işin hazırki hallarına tətbiqi nəticəsində belə qənaətə gəlir ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Transformatorlar Zavodundakı əmək fəaliyyətinə dair əmək kitabçasındakı müvafiq qeydlərin mötəbər olması iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən də təsdiq edilərək (iş materiallarında olan 1/08 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən) məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, Zavodun arxiv məlumatlarında onun xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək heç bir qazancının aşkar edilməməsi onun həmin dövrlərdəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsini məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə (62 yaş 6 ay) yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçasına və iş materiallarında olan diploma və təhsil aldığı texnikum (hazırda kollec) tərəfindən verilmiş arayışa əsasən onun 25 ildən artıq (xx.xx.1976-xx.xx.1979, xx.xx.1978-xx.xx.1978, xx.xx.1979-xx.xx.1982, xx.xx.1982-xx.xx.2002-ci il tarixləri) stajının olması öz təsdiqini tapır. Məhkəmə həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halına münasibətdə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 62 yaş 6 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar