Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4461/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, Milli Məclis deputatlarının xx.xx.2007-ci il tarixdə vəzifə maaşlarına 25%, xx.xx.2008-cil il tarixdə 50% əlavə edilməsi təqaüddə olan keçmiş deputatlara da şamil edildiyindən, bu əlavə iddiaçıya xx.xx.2013-cü il tarixdən ödənildiyindən 2007-ci ildən 2013-cü il tarixinə kimi keçən illərdə almadığı fərqin ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərmişdir ki, iddiaçıya DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” qanunun 20.1.1-ci və 20.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyalarına əsasən, həmin qanunun 37.3.4-cü maddəsinə uyğun olaraq sabiq deputat kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçı Milli Məclisin Aparatında dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmişdir. Bu vəzifədən azad olunduqdan sonra pensiyasına Qanunun 20.1.1-ci və ya 20.1.7-ci maddələrinə uyğun olaraq qulluq stajına görə əlavələrin hesablanması hüququ yaranmışdır. İddiaçıya təqdim olunmuş pensiya məbləği haqqında arayışa əsasən dövlət vəsaiti hesabına ödənilən məbləğ varsa, qaytarıldıqdan sonra əmək pensiyasına Qanunun 20.1.1-ci maddəsinə uyğun olaraq deputat kimi qulluq stajına görə əlavənin hesablanması məsələsinə baxıla bilər.
3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2008-ci il tarixdən 01 dekabr 2013-cü il tarixədək əmək haqqına əlavə olunan 50% pul təminatına görə əmək pensiyasının yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixində Salyan şəhərində anadan olmuş, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı işləmiş, 13 aprel 2006-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclis Aparatının Milli Məclisin işinin təşkili şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2006-cı il tarixdə iddiaçıya dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi, xx.xx.2007-ci il tarixdə Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi, xx.xx.2010-cu il tarixdə 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilmiş, xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. İddiaçı 2008-ci il tarixdən əlilliklə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı pensiyasının 50%-ni almışdır. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu” haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci hissəsinə edilən xx.xx.2004-cü il tarixli, 723-İİQD saylı dəyişikliklə bağlı 25 faiz ödənişi, xx.xx.2008-ci il tarixli qanunda 649-İİİ DQ saylı dəyişikliklə bağlı 01 sentyabr 2008-ci il tarixdən 01 dekabr 2013-cü il tarixədək əmək haqqına əlavə olunan 50% pul təminat ödənişi həmin dövrdə hesablanaraq iddiaçıya ödənilməmişdir. Qanunun bu tələbi xx.xx.2013-cü ildən iddiaçıya tətbiq edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçının təkrar müraciətinə bu günə kimi heç bir cavab verməmiş, təkrar müraciətinə cavab verilməməsi cavabdeh idarənin pensiya məbləğinin verilməsindən imtinası hesab olunduğundan məhkəmədə iddia qaldırmalı olmuşdur.
5. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0., 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçının “qanunla deputat üçün nəzərdə tutulmuş əlavələr vergilərdən azad olunan pul təminatıdır” məzmunda mövqeyi belə vəziyyəti iddiaçının xeyrinə dəyişmir, belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2ci maddəsinin məqsədləri üçün ödənilmiş vəsaitlərin vergiyə deyil, məcburi dövlət sosial sığortasına cəlb edilməsi və ödənilməsi şərtdir. İddiaçıya münasibətdə onun statusuna xitam verilməzdən öncə fəaliyyətinin son 12 ayında ödənilməli olan “deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində” əlavənin məcburi dövlət sosial sığortasına cəlb edildiyini, ümumiyyətlə ona ödənildiyini təsdiq edən sübut yoxdur. İddiaçının təqdim etdiyi xx.xx.2008-ci il tarixli 2001-2005-ci illər əmək haqqı cədvəllərində iddiaçının həmin ödənişi (vəzifə maaşının 25-i) aldığını təsdiq edən sübut mövcud deyildir. Məlum artımlar iddiaçıya şamil edilsə belə, bu halda, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Cavabdeh göstərilənləri əsas tutaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1952-ci il tarixində Salyan şəhərində anadan olmuş, xx.xx.2000-ci il tarixdə ikinci çağırış üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, xx.xx.2005-ci il tarixdə deputat kimi səlahiyyətlərinə xitam verilmişdir.
10. İş materiallarında olan pensiya işindən görünür ki, xx.xx.2008-ci il tarixdə iddiaçıya üçüncü dərəcə əlillik təyin edilmişdir.
11. İddiaçı xx.xx.2008-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona Milli Məclisin deputatı kimi əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
12. Cavabdeh xx.xx.2008-ci il tarixli 15 nömrəli qərar ilə iddiaçıya Millət vəkili kimi əlilliyə görə əmək pensiyası təyin etmişdir.
13. İddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği xx.xx.2013-cü il tarixdə dəyişdirilmiş və pensiyanın məbləği 1195,50 manat müəyyən edilmişdir.
14. İddiaçı hazırda xx.xx.2004-cü il və xx.xx.2008-ci il tarixlərdə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən deputatlara deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi miqdarında verilən aylıq pul təminatının xx.xx.2008-xx.xx.2013-cü illərdə ona ödənilən pensiya məbləğində nəzərə alınmamasını iddia edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş edir.
15. Məhkəmə qeyd edir ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi haqqında” xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinə əsasən "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin üçüncü hissəsi çıxarılmış və aşağıdakı redaksiyada yeni üçüncü, dördüncü və beşinci hissələr əlavə edilmişdir. "Milli Məclisin sədri şərti maliyyə vahidinin 1400 misli miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.". Həmin Qanunun 2-ci hissəsinə əsasən Qanun 2004-cü il sentyabrın 1-dən qüvvəyə minmişdir.
16. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-сi maddəsinin beşinci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilmiş, bu dəyişiklik xx.xx.2008-ci il tarixdən qüvvəyə minmişdir.
17. Göründüyü kimi, deputatlara deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi barədə norma xx.xx.2004-cü ildə qanunvericiliyə daxil edilmiş, xx.xx.2008-ci il tarixdə bu əlavə vəzifə maaşlarının 50 faizi miqdarında müəyyən edilmişdir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ): - 20.1.1-ci maddəsinə əsasən 20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputat (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) olan əmək pensiyaçılarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. - 20.2-ci maddəsinə əsasən həmin Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. - 20.3-cü maddəsinə əsasən Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. - 20.10-cu maddəsinə əsasən həmin Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının orta aylıq əməkhaqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisindən aldığı vəzifə maaşının və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarı ilə Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.”
20. X3 Məhkəməsi qərara almışdır ki:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
21. İşdə olan Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin 21 aprel 2022ci il tarixli məktubundan görünür ki, İddiaçı 2000-2005-ci il tarixlərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi dövrdə hər ay deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsinə görə vəzifə maaşının 25 faizi məbləğində pul təminatı hesablanıb ödənilmiş və həmin pul təminatı məcburi dövlət sosial sığortasına cəlb olunmamışdır.
22. Göründüyü kimi, iddiaçı deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsinə görə əlavə məbləği alsa da, həmin məbləğ məcburi dövlət sosial sığortasına cəlb olunmamışdır.
23. Belə olan halda Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən mövqeyini hazırkı işə tətbiq etdikdə aydın olur ki, nə iddiaçının aldığı deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsinə görə əlavə, nə də ona sonradan edilmiş artım (50 faiz) iddiaçıya təyin edilən əmək pensiyasında nəzərə alına bilməz.
24. Digər tərəfdən, işin sadalanan hallarından müəyyən olunduğu kimi, iddiaçı deputatların əmək haqqında edilmiş əlavə 50% pul təminatı nəzərə alınaraq 01 sentyabr 2008-ci il tarixdən 01 dekabr 2013-cü il tarixədək olan dövr üzrə əmək pensiyasının yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsini xahiş edir.
25. İşdə olan ərizələrdən müəyyən olunur ki, iddiaçı bu tələblə cavabdehə 2020-ci ildə, konkret olaraq isə xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə müraciət etmişdir.
26. Lakin ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
27. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2021-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.”
29. Məhkəmə iclasında iddiaçının vəkilinə müvafiq tələblə 2017-ci il 1 iyul tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin obyektiv səbəblərini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, lakin hər hansı bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir.
30. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı yalnız ən çoxu əvvəlki üç il üçün pensiya ödənişini tələb edə bilər ki, hazırkı halda iddiaçının tələbi 2008-2013-cü illər üzrə ödənilməyən məbləğin ona ödənilməsindən ibarət olduğundan yuxarıda qeyd olunanlara əsasən belə bir tələb təmin edilə bilməz.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova