Məhkəmə qərarları › İş №2-1(112)-4464/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4464/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4464/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə instansiyası olaraq qanunla sizə verilmiş səlahiyyətlərdən ədalətlə istifadə edib məhkəmə araşdırması aparmaqla təqdim etdiyim sənədlər əsasında Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzili üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb onun adına müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, mən "Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzili olan daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alıb onun adına müvafiq çıxarışı və texniki pasportun verilməsi” barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinə müraciət etmişdim. Müraciətinə aşağıdakı sənədləri: Şəxsiyyət vəsiqəmin notariat qaydada təsdiq olunmuş surəti, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 06 sentyabr 2021-ciil tarixli 50/2 nömrəli sərəncamın əsli ilə düzdür təsdiq edilmiş surəti, 138 saylı Mənzil- Kommunal istismar sahəsinin mənimlə bağladığı kiyayə müqaviləsinin əsli, Mənzilin sxeminin əsli, Forma 2 -Arayışın əsli, Mənzilin verilməsinə əsas olmuş 17 iyun 2016-cı il tarixli 9 nömrəli iclas Protokolun əsli ilə düzdür təsdiq edilmiş surəti. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinin ona ünvanladığı 10 noyabr 2021-ci il tarixli **********06 nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 8 saylı evin, 91 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin müraciətinə əlavə etdiyi qeyd olunan məzilə dair Bakı Şəhəri icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 50/2 saylı sərəncamı 06.09.2021-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı" dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. Lakin cavabdeh hansı hüquqmüəyyənedici sənədlə qeyd olunan ünvan 2 ünvanda yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qadağa edən qanun normasına əsaslanaraq imtinasını əsaslandırmamışdır. Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəlilik əsasında ona qeyd olunan Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzili (otaqlar) verilmişdir. 2000-ci ildən bugünədək həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin 91 nömrəli mənzilinə onun adına kirayə müqaviləsi bağlanması barədə müraciəti əsasında Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 06 sentyabr 2021-ci il tarixli 50/2 nömrəli sərəncamı ilə "Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesinäə yerləşən 8 saylı evin, yaşayış sahəsi 12,0 kv. metr olan 1 otaqlı 91-ci mənzilinə İddiaçı adına icarə müqaviləsi bağlanılmış və o həmin mənzilin icarədarı hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdı. Hal-hazırda o, həmin mənzildə yaşayır, onun adına mənzilin kirayə müqaviləsi bağlanmış və mən həmin mənzilin kirayəçisi hesab olunmuş, mənzilin şəxsi maliyyə hesabı onun adına açılmış, vaxtlı-vaxtında mənzil kommunal xidmətlərin haqqını ödəyir. Bunları qeyd edərək Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzil olan daşınmaz əmlak üzərində hüquqlarımın dövlət qeydiyyatına alıb mənim adıma müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdim. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd etdiyim imtina məktubları verilmişdir. Onun müraciətilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır, çünki cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinin mənə ünvanladığı qeyd edilən məsələ ilə bağlı müraciətimə 10 noyabr 2021-ci il tarixli **********06 nömrəli məktubunda yazılan sözləri ilə razılaşmır. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, onun iddia tələbi qanuni əsasını 26.01.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi təşkil edir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Qanunun yuxarıda qeyd edilən sonuncu müddəasının göstərişindən göründüyü kimi mənzilin özəlləşdirilməsindən imtinaya yalnız vətəndaş tərəfindən saxta sənədlər təqdim edildikdə, yaxud onun yaşadığı mənzil (ev) mübahisəli olduqda yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək (2.0.1.), daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq (2.0.2.) Xidmətin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Onun müraciətilə əlaqədar cavabdehin “mənzilin kirayə müqaviləsinin iddiaçının adma dəyişdirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 50/2 nömrəli sərəncamın 06.09.2021-ci il tarixdə verilməsi” ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan 138 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 08.09.2021-ci il tarixli 138/18 saylı arayışına əsasən onun 2000-ci ildən həmin mənzildə yaşadığı nəzərə alınmalıdır və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 06.09.2021-ci il tarixli 50/2 nömrəli sərəncamı əsasında tam qanuni əsasla 138 saylı Mənzil İstismar Sahəsi ilə mənim aramda 07 sentyabr 2021-ci il tarixdə 05 nömrəli kirayə müqaviləsi bağlanılmışdır. Göründüyü kimi mübahisəli mənzil mənim qanuni istifadəmdə olmaqla, mənzilin kirayəçisi kimi hüquq və vəzifələr həyata keçirməkdəyəm. Belə olan halda hesab edirəm ki, sözügedən mənzilə dair mənim zəruri sənədlərə malik olduğum halda cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçı kimi mənim hüquqlarımın pozulmasına səbəb olmuşdur. Mən 2000-ci ilin əvvəlindən iddia olunan mənzildə yaşayıram. Həmin vaxt (01 sentyabr 2000-ci il tarixədək) qüvvədə olan və mənzil münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299-cu maddəsinin (1966-cı il 23 dekabr tarixdən qüvvədə olan redaksiyada) İ hissəsinə əsasən, yerli X3 evlərində mənzillər yerli Sovetin İcraiyyə komitəsi tərəfindən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə verilir. Dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzillər müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən təsdiq edilən birgə qərarı ilə verilir, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin birgə qərarı ilə verilir və köçmək üçün mənzil ayrıldığı barədə yerli Sovetin icraiyyə komitəsinə məlumat təqdim olunur. Həmin Məcəllənin 301-ci maddəsinin İ hissəsinə əsasən, evlər idarəsi, adına order verilmiş şəxslə, orderdə göstərilən mənzilin kirayəsi üçün yazılı müqavilə bağlamalıdır. Həmin maddənin İİ hissəsinə əsasən, yerli X3 evlərində, habelə dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzil kirayə müqaviləsi tərəflərin razılığı ilə, sair hal müəyyən edilməyibsə, bir qayda olaraq, müddət göstərilmədən bağlanılır. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən, mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Digər tərəfdən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) həmin mənzildə yaşayış sahəsindən istifadə hüququna malik (bu hüquq 1982-ci il Mənzil Məcəlləsi ilə də aradan qaldırılmamışdır) iddiaçının həmin mənzilə dair kirayə hüquq münasibətlərinin subyekti olmasını yazılı kirayə müqaviləsinin olmaması aradan qaldırmır. Mənim 2000-ci ilin əvvəlindən həmin mənzildə yaşadığım vaxtdan "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) yazılı kirayə müqaviləsinin olmaması iddiaçının da iştirakçısı olduğu mənzil kirayə münasibətlərinin etibarlılığına təsir etmir. İddia olunan mənzilə dair kirayə müqaviləsinin 2021-ci ildə, yəni, yeni (2009-cu il ) Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra yazılı formada bağlanması həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu müqavilə mövcud münasibətləri yazılı formada təsbit etmiş, tərəflərin həmin münasibətlərdən irəli gələn hüquq və öhdəliklərini müəyyən etmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 10 noyabr 2021-ci il tarixli **********06 nömrəli məktubunda “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ” imtinası əsassız hesab edilməli və təqdim etdiyim sənədlər əsasında istifadəmdə olan, Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 91 nömrəli mənzil olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarımı dövlət qeydiyyatına alıb mənim adıma müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməlidir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu, 8 saylı evin, 91 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin müraciətə əlavə edilmiş qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 50/2 saylı sərəncamı 06.09.2021-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********06 saylı, 10.11.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə "yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 8 ünvanında yerləşən evin 91 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 06.09.2021-ci il tarixli, 50/2 saylı sərəncamın təsdiq edilmiş surəti və həmin sərəncamın verilməsinə əsas olan sənədlər təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən olunur ki: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 06.09.2021-ci il tarixli 50/2 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 12,0 kv.metr olan 1 otaqlı 91 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Həmin sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binalan, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 4 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 2000-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 12,0 kv.metr olan 1 otaqlı 91 saylı mənzilində yaşayır. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin arayışına əsasən, İddiaçı qeyd edilən qismən kommunal şəraitli mənzildə 2000-ci il tarixdən qeydiyyatdadır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 07.10.2013-cü il tarixli əmri ilə yaradılmış "Xidməti yaşayış sahələri ilə bağlı komissiya"nın iclasının 9 nömrəli17 iyun 2016-cı il tarixli protokoluna əsasən, Binəqədi rayonu, Sumqayıt şossesi 8 ünvanında yerləşən X6 Xidmətinin 1 saylı ailəvi yataqxana binasında müxtəlif səbəblərdən boşalmış yaşayış sahələrinin komplektləşdirilməsinə dair iclasın gündəliyi müəyyən olunmuş, Binəqədi rayonu, Sumqayıt şossesi 8 ünvanında yerləşən X6 Xidmətinin 1 saylı ailəvi yataqxana binasındakı boşalmış 2-ci giriş, 5-ci mərtəbədə yerləşən 1 otaqlı 98 nömrəli mənzilin İddiaçı (ailə üzvləri 3 nəfər) verilməsi qərara alınmışdır.

5. İddiaçı tərəfindən məhkəməyə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 8, 91 saylı mənzilə dair 138 saylı Mənzil-İstismar sahəsi ilə bağladığı xüsusi təyinatlı yaşayış sahəsinin 07.09.2021-ci il tarixli kirayə müqaviləsi təqdim olunmuşdur.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

9. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

14. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

22. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

23. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

27. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.

28. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti arasında müqavilənin bağlanması haqqında sərəncam 06.09.2021-ci il tarixdə qəbul edilmiş, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi isə 07.09.2021-ci il tarixdə bağlanmışdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsi daha sonra qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsi ilə tamamlanmışdır. Həmin norma müvafiq sərəncam və ya mənzil kirayəsi müqaviləsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) bağlandığı halda daşınmaz əmlakın üzərində hüquqların yaranmasına əsas olduğunu müəyyən edir.

29. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.

30. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar