Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4465/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və qərarla tutulmuş pul vəsaitinin qaytarılması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və qərarla tutulmuş pul vəsaitinin qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47,49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı "İddiaçı" MMC xaricdən aldığı malların pərakəndə satışı ilə məşğul olur. Malların bir qismi Honq-Konqdan idxal edildiyindən, mövcud vergilərdən başqa AR Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən xarici istehsalçıya ödənilən məbləğin 10% miqdarında əlavə olaraq iddiaçıdan vergi tutulur. Belə ki, iddiaçının Honq-Konqun "Global Trend Limited" şirkətinə ödədiyi 5.882 manat məbləği üzrə cavabdeh tərəfindən xx xxxxxx 2020 il tarixli **********108800 nömrəli qərar qəbul olunmuş və qərara əsasən iddiaçıdan 10% tutularaq 588,2 manat iddiaçının hesabın silinmişdir. Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyindən 10 faiz miqdarında vergi tutulur. Məcəllənin 13.2.16.14-1 maddəsində isə müəyyən edilmişdir ki, 10% məbləğində vergi bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən tutulur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahı ilə Honq-Konq (ÇXR) güzəştli vergi tutulan ölkələrin sırasına aid edilmişdir. Lakin bununla bərabər iddiaçı hesab edir ki, göstərilən maddədələr tətbiq olunaraq Vergi Məcəlləsinin bəzi müddəaları nəzərə alınmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, qeyd edilən verginin ödəyiçisi xarici partnyor olmasına baxmayaraq Honq-Konqun hüquqi şəxsinə qarşı Honq-Konqda Azərbaycan vergi qanunvericiliyini tətbiq etmək heç cür mümkün deyil. Beləliklə, son nəticədə sözügedən 10% miqdarında vergi iddiaçıdan tutulur. Bu cür hal həm ədalətsiz, eyni zamanda aşağıdakılara görə həm də qanuna zidd hesab edilir. Belə ki, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində nəzərdə tutulan verginin ödəyiçisi 13.2.16.14-1 maddəsində müəyyən edilmişdir. Bu Vergi Məcəlləsinin 128-ri maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərdir. Hazırkı halda vergini tətbiq edərək vergi organları Məcəllənin 128-ci maddəsini tam yox, maddənin ancaq güzəştli vergi tutulan ölkələr barədə olan müddəalarını (128.2 və 128.3 bəndlərini) əsas götürmüşlər, halbuki Məcəllənin 128-ci maddəsi üç bənddən (128.1, 128.2 və 128.3) ibarətdir və bəndlərin hər birinin müddəaları nəzərə alınmalı idi. Belə ki, Məcəllənin 128-ci maddəsində güzəştli vergi tutulan ölkələrlərlə yanaşı həmçinin şəxslər müəyyən edilmişdir (128.1 maddə.). Bunlar Məcəllənin 128.1-ci maddəsində müəyyən edilmiş qaydada rezidentlə əlaqədə olan qeyrirezidentlərdir. Beləliklə Məcəllənin 13.2.16.14-1 və 128-ci maddələrin tələblərinə görə Məcəllənin 125.1.9-cu maddəsində göstərilmiş 10% miqdarında verginin tətbiqi üçün iki amilin möcudluğu vacibdir: birincisi – əməliyyatlar və müvafiq ödənişlərin Məcəllənin 128ci maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrlə aparılması, ikincisi – ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş qeyri- rezidentlərə edilməsidir. Beləliklə, qanunvericiliyinin müddəaları düzgün tətbiq olunduqda Vergi Məcəlləsinin 125.1.9-cu məddəsində müəyyən edilən vergi aparılan ödənişlərdən tutula bilməz. Çünki aparılan əməliyyatlar nəticəsində iddiaçı Honq-Konqda gəlir əldə etməmişdir, onun qeyri-rezidentlə şərikliyi yoxdur və vergi qanunvericiliyinə uyğun digər vergiləri tam ödəmişdir. Cavabdeh orqanın qanunların belə tətbiqi həmçinin 2005-ci il martın 17-də Pekin şəhərində imzalanmış və xx xxxx 2005-ci il tarixli 932-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında» Sazişə də ziddir. Həmin Sazişin 3-cü maddəsinin 1-ci bədinə əsasən Sazişin "işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisi" hesab olunur (o cümlədən HonqKonq). Sazişin 7-ci maddəsinin 1-ci bəndinə görə Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb olunur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər Dövlətdə vergiyə cəlb edilə bilər və ancaq müəssisələrin qarşılıqlı əlaqəsi olduğu halda qeyri-rezident bilavasitə digər ölkədə vergiyə cəlb oluna bilər (Sazişin 9-cu maddəsi). Göründüyü kimi, bu beynəlxalq Sazişin tələblərinə görə də əgər HonqKonqun şirkətinin Azəbaycan nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərmirsə və ya Azərbaycan rezidenti ilə (yəni bizim şirkətlə) qarşılı əlaqəsi olmadığı hallarda o heç cür HonqKonqdakı fəaliyyətinə və əldə etdiyi mənfəət görə Azərbaycanda vergiyə cəlb oluna bilməz. Göstərilənlərə əsaslanaraq və Vergi Məcəlləsinin 3.11, 15.1.4, 24.0.10-cu maddələrini, İPM-nin 70-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2020 il tarixli **********108800 nömrəli qərarının ləğv edilməsi və həmin Qərara əsasən tutulmuş 588,2 manat pul vəsaitinin iddiaçının hesabına geri qaytarılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh məhkəməyə “iddianın mümkün sayılmaması barədə” vəsatət təqdim etmişdir. Vəsatətdə bildirilmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət olunmamışdır. Lakin məhkəməyə iş üzrə icraatın gedişində həmçinin iddiaçının nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi də daxil olmuşdur. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilərək, cavabdehin xx xxxxxx 2020-ci il tarixli **********133700 nömrəli qərarının mübahisələndirilməsi üzrə buraxılmış prosessual müddət bərpa olunmuş və cavabdehin “iddianın mümkün sayılmaması barədə” vəsatəti təmin edilməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İPM-in 47.2-ci maddəsinin tələbləri üzrə məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesab edir ki, iddia təmin edilməməlidir: Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Qeyd olunmalıdır ki, kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən 2019-cu ilin 4-cü rübü ərzində iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (siyahı məktuba əlavə olunur) 5.882 manat ödəniş edildiyi halda, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatlar əks etdirilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx xxxxxx 2020-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq aradan qaldırılmadığından və qeyd olunan təsdiqedici sənədlər tam təqdim olunmadığından, ödəmə mənbəyində tutulan vergi üzrə 2019-cu ilin 4-cü rübünə 588,20 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx xxxxxx 2020ci il tarixli **********108800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 128.1-ci maddəsinə əsasən rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən güzəştli vergi .tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir. Vergi Məcəlləsinin 125.1.9-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən 10 faiz vergi tutulur. Göstərilənlərə və Vergi Məcəlləsinin 24.0.1, 24.0.2, 37.4, 67.1-ci maddələrinə, İPM-in 58.7-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2002-ci il tarixli qərarına əsaslanaraq, məhkəmədən "İddiaçı" MMC-nin iddiasının təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. AR Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasındadır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məvcəllənin 128.3-cü maddəsinə əsasən hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı»a “Honq-Konq (ÇXR)” daxil edilmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üzrə üzrə 588,20 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanması barədə xx xxxxxx 2020-ci il tarixdə **********108800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İddiaçı hazırkı iddiasında həmin qərarı mübahisələndirərək, onun ləğv olunmasını və icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələb edir. Mübahisə üzrə iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlili: - Kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən vergi ödəyicisi “xxxx” MMC tərəfindən 2019-cu ilin 4-cü rübü ərzində “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”na daxil olan Honq-Konqda (ÇXR) qeydiyyatdan keçmiş subyektə 5.882 manat ödəniş edildiyindən və müvafiq dövrə görə vergi orqanına təqdim olunmuş vergi bəyannaməsində hər hansı məlumat əks olunmadığından, kameral vergi yoxlaması ilə quruma AR Vergi Məcəlləsinin 13.2.16.14-1, 37, 125.1.9, 128.1-ci maddələrini rəhbər tutaraq, həmin əməliyyatın 10% həcmində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Mübahisə üzrə iddiaçının dəlili: - Vergi ödəyicisi olan İddiaçı MMC “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”na daxil olan Honq-Konqda (ÇXR) qeydiyyatdan keçmiş subyektə müvafiq əməliyyatla bağlı 5.882 manat məbləğində ödəniş etmişdir. Lakin bu ödəniş AR Vergi Məcəlləsinin 128.1-ci maddəsinin maddəsinin təsiri altına düşmür və ona həmin Məcəllənin 129.1.9-cu maddəsi rəhbər tutularaq məbləğin 10% həcmində ödəmə mənbəyində tutulan vergi hesablanması qanunsuzdur. AR Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. AR Vergi Məcəlləsinin 13.2.16.2-ci maddəsinə görə Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfindən təqdim edilməsindən gəlir Azərbaycan mənbəyindən gəlirdir. Həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyrirezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: - (125.1.9) bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə görə güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 932-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş»in 7-ci maddəsinin 1-ci bəndinə görə Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb olunur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər Dövlətdə vergiyə cəlb edilə bilər. Sazişin 9-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, Əgər a) Razılığa gələn Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin müəssisəsinin idarə edilməsində, nəzarət olunmasında və ya kapitalında birbaşa, yaxud dolayısı ilə iştirak edirsə, və ya b) eyni şəxslər Razılığa gələn Dövlətin müəssisəsinin və Razılığa gələn digər Dövlətin müəssisəsinin idarə edilməsində, nəzarət olunmasında və ya kapitalında birbaşa, yaxud dolayısı ilə iştirak edirsə, və hər iki halda bu müəssisələrin qarşılıqlı kommersiya və maliyyə əlaqələrində iki müstəqil müəssisə arasında mövcud ola biləcək şərtlərdən fərqli şərtlər yaradıldıqda, yaxud müəyyən edildikdə, onlardan birinə hesablana bilən, lakin bu şərtlərin olduğuna görə hesablanmamış mənfəət, həmin müəssisənin mənfəətinə daxil edilə və müvafiq olaraq vergiyə cəlb edilə bilər. Həmin Sazişin 9-cu maddəsinin 2-ci bəndinə görə Əgər Razılığa gələn Dövlət həmin Dövlətin müəssisəsinin mənfəətinə Razılığa gələn digər Dövlətin müəssisəsinin həmin digər Dövlətdə vergiyə cəlb olunmuş mənfəətini daxil edib və müvafiq olaraq vergiyə cəlb edirsə və bu tərzdə daxil edilmiş mənfəət, bu müəssisələr arasında münasibətlər müstəqil müəssisələr arasındakı münasibətlər kimi olduğu halda birinci qeyd olunan Dövlətin müəssisəsinə hesablana bilən mənfəətdirsə, bu halda həmin digər Dövlət orada bu mənfəətdən hesablanan verginin məbləğində müvafiq düzəlişlər aparmalıdır. Bu cür düzəlişlər müəyyən edilərkən bu Sazişin digər müddəaları müvafiq qaydada nəzərə alınmalıdır və Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları zəruri hallarda bir-biri ilə məsləhətləşmələr aparmalıdırlar. «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı İddiaçı MMC AR Verg Məcəlləsinin 128.3-cü maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkə kimi Hon-Konqda (ÇXR) təsis edilmiş şəxsə ödəniş etsə də, iddiaçı həmin qeyri-rezidentin nizamnamə fondunun və ya səsvermə hüquq olan səhmlərinin 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahib olmadığından (bununla bağlı heç bir sübut və ya dəlil təqdim olunmur), aparılan həmin əməliyyata görə AR Vergi Məcəlləsinin 125.1 və 125.1.9-cu maddərininin təsiri altına düşən vergi ödəyicisi kimi onun ödəmə mənbəyində tutulan vergiyə cəlb olunması vergi qanunvericiyinin tələblərinə, o cümlədən “ödəmə mənbəyində tutulan verginin məqsədləri” təsbit olunmuş müddəalarına ziddir. Bundan başqa, Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş»in müddəaları da Razılığa gələn Dövlət kimi Azərbaycan Respublikasının müəssisəsinin mənfəətinin müvafiq hallar, yəni Razılığa gələn digər Dövlətdə daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərdiyi, habelə həmin müəssisələr (şəxslər) arasında idarəetmə, nəzarət olunması və ya kapitalda iştirakçılıqla bağlı hallar istisna olmaqla, yalnız öz ölkəsində vergiyə cəlb olunmasını nəzərdə tutur. Göstərilən “müvafiq hallar” isə, bir daha vurğulanmalıdır ki, hazırkı iş üzrə müəyyən edilmir. Məhkəmə sadalanan halları, eləcə də iddianın növünə (mübahisələndirmə haqqında) sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx xxxxxx 2020 il tarixli **********108800 nömrəli qərarın – əlverişsiz inzibati aktın qəbulunu şərtləndirən faktini halların mövcudluğu sübut edə bilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin qərar qanuna ziddir. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) xx xxxxxx 2020 il tarixli **********108800 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etmək və həmin Məcəllənin 128-ci maddəsi formal surətdə önə çəkilməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin xx xxxxxx 2020 il tarixli **********108800 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2020 il tarixli **********108800 nömrəli qərarı ləğv edilməli və həmin qərara əsasən tutulmuş 588,2 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.1, 23.1, 32.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2020 il tarixli **********108800 nömrəli qərarı ləğv edilin və həmin qərara əsasən tutulmuş 588,2 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4465/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4465/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver