Məhkəmə qərarları › İş №2-1(112)-4465/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4465/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4465/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı “müqavilənin addan-ada keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 3 yaşayış kompleksindəki bina 32-də yerləşən 56 nömrəli, 1 otaqlı mənzilə iddiaçını qeydiyyata alaraq həmin mənzilə dair müqavilənin mərhum anası X2 adından iddiaçının adına keçirilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Ağdam rayonundan məcburi köçkün düşdükdən sonra iddiaçı anası ilə birlikdə Yasamal rayonu, Şərifzadə 1 ünvanında AZTU-nin 3 saylı yataqxanasında 110 nömrəli otağında məskunlaşmış, 2020-ci ilin iyun ayınadək həmin yataqxanada yaşamışdır. 2020-ci ilin iyun ayında həmin yataqxanada olan digər məcburi köçkünlər kimi iddiaçın və onun anası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndəsi tərəfindən siyahıya alınmış, daha sonra məcburi köçkünlər üçün tikilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 3. Bina 32 ünvanında yerləşən 56 saylı 1 otaqlı mənzilə köçürülmüşdür. Anasının vəfatından sonra iddiaçı həmin mənzildə təkbaşına yaşamağı başlamışdır. İddiaçı müqavilənin addan-ada keçirilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin köçürmə vərəqəsində və müqavilədə onun adı olmadığı üçün onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki,məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. QobuPark 3 yaşayış kompleksində bina 32-də yerləşən 56 nömrəli mənzilin kirayə müqaviləsində İddiaçı adı qeyd edilməmişdir. Bundan başqa kirayə müqaviləsi əsasında həmin mənzildə yaşayan X4 vəfat etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -02.08.2006-cı il tarixdə verilmiş məcburi köçkün vəsiqələrindən görünür ki, İddiaçı və X4 məcburi köçkündürlər. -Azərbaycan Texniki Universiteti tələbə şəhərciyi tərəfindən verilmiş arayışlardan görünür ki, X1 rayonundan gəlmiş və məcburi köçkün kimi AzTU tələbə şəhərciyində müvəqqəti məskunlaşmışdır. İddiaçı 2020-ci ilin iyun ayına kimi anası mərhum X4 ilə bir ünvanda yaşamışdır. -Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04.08.2020-ci il tarixdə vəfat etmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının müqavilənin addan-ada keçirilməsi ilə bağlı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, QobuPark yaşayış kompleksindəki bina 32-də yerləşən 56 nömrəli 1 otaqlı mənzilin köçürmə vərəqində və müqaviləsində iddiaçının adı olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq X2 ünvan 3 ünvanında yerləşən 56 saylı mənzilə köçürülməsinə əsas olmuş sənədlərin (köçürmə vərəqi, kirayə müqaviləsi və digər aidiyyəti sənədlər) təqdim olunması ilə bağlı aidiyyəti üzrə inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş köçürmə vərəqəsindən görünür ki, X4 Bakı-X10 3 ünvanında yerləşən 32 nömrəli binanın 56 saylı mənzilinə köçürülmüşdür. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 3 yaşayış kompleksindəki bina 32-də yerləşən 56 nömrəli, 1 otaqlı mənzilinə dair X4 ilə bağlanmış müqavilənin addanada keçirilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, o, anasının vəfatından əvvəl mütəmadi olaraq onunla birgə yaşamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamışdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə, əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən, izibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər. Qeyd edilməsi zəruri hesab edilir ki, inzibati icraat üçün ümumi müddət müəyyən etmiş və bu müddətin axımı müraciətin qeydiyyata alındığı gün başlayır və müraciət üzrə qərar (qərar dedikdə həm müraciət üzrə qərarın qəbul edilməsi, həm də qərar qəbul etməkdən imtina haqqında qərar başa düşülür) qəbul edildiyi gün başa düşülür. Qərar qəbul edərkən və ya müraciətə imtina edərkən, işin hallarını öz xidməti vəzifəsindən irəli gələrək araşdırılması inzibati orqanın borcudur. Obyektiv araşdırmanın prinsipi öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi və müraciətə imtina olunması üçün lazım olan araşdırmanın aparılması və faktların müəyyən edilməsi inzibati orqanın vəzifəsidir və inzibati orqan bunun üçün məsuliyyət daşıyır. İşin halları barədə faktlar və digər sübutlar o həcmdə araşdırılmalıdır ki, qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər yetərli əsaslara malik olsun. Əks halda aparılmış araşdırma qüsurlu həyata keçirilmiş sayılır və onun nəticələri qanuni hesab edilmir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciətinə qiymət verilərkən mübahisəli mənzilinin köçürmə vərəqində və müqaviləsində iddiaçının adı olmadığı səbəb ilə imtina olunmuşdur. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmamasını müəyyən etmək məqsədi ilə aşağdaki qanunvericiliyin müddəalarına istinad edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə məcburi köçkün dedikdə (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 17-ci maddəsinin birinci abzasına görə qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci, 99.2-ci və 99.6-cı maddələrinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. Həmin Məcəllənin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 5-ci maddəsinin birinci abzasına görə qaçqının və ya məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada, respublika hökumətinin müəyyən etdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə müvvəqəti yaşayış sahələri verilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. Həmin Qaydaların 4-cü bəndinin 4.1.1-ci yarımbəndinə görə ailə tərkibi 1 nəfərdən ibarət olan məcburi köçkünlərə 1 otaqlı mənzil verilir. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. Qüvvədə olan qanunvericilikdə və normativ hüquq aktlarda məcburi köçkünlərin güzəştli hüquqlarından istifadə olunması, həmin hüquqlarının nədən ibarət olunması ətraflı olaraq göstərilmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi isə həmin hüquqlardan birinə aid edilmişdir. Bu zaman inzibati orqanın komissiyası tərəfindən şəxsin,“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydalarında nəzərdə tutulan yaşayış sahəsi verilən şəxslərin kateqoriyasına aid olub-olmadığı yoxlanılır, həmin kriteriyalar üzrə uyğunluğu müəyyən edildikdə, yaşayış sahəsinin verilməsi ilə bağlı qərar qəbul edilir və sözügedən qərar əsasında həmin şəxs ilə kirayə müqaviləsi bağlanır. Müqavilə şəxsin ailə tərkibi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada bağlanır. Kirayə müqaviləsinin ləğvi ilə əlaqədar əsaslar Mənzil Məcəlləsi ilə tənzimlənmişdir ki, bunlardan biri də, tənha yaşayan kirayəçinin vəfatı ilə şərtlənmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə münasibət bildirilməsi zamanı mühüm olan məqamlardan biri də kirayəçinin vəfatı zamanı onun tənha yaşayıbyaşamasıdır. Qüvvədə olan qanunvericiliyinin müddəalarını işin faktiki halları ilə birgə təhlil etdikdə müəyyən olunur ki, iddiaçının mərhum anası S.İbrahimovaya QobuPark yaşayış kompleksindəki bina 32-də yerləşən 1 otaqlı mənzilin verilməsi təkzib olunmaz bir faktdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə ailə tərkibi 1 nəfər olan şəxslərə 1 otaqlı mənzilin verilməsi nəzərdə tutulsa da, bu hal İddiaçı sözügedən kirayə müqaviləsində adının göstərilməməsinə dəlalət etmir. Məhkəmə tərəfindən X2 ünvan 3 ünvanında yerləşən 56 saylı mənzilə köçürülməsinə əsas olmuş inzibati icraat materialının (kirayə müqaviləsi, qərar) təqdim olunması ilə bağlı dəfələrlə aidiyyəti üzrə sorğu göndərilmiş, lakin həmin sənədlər məhkəmə tədqiqatı zamanı təqdim olunmamışdır. Halbuki, İnzibati Prosessual Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə inzibati orqanlar məhkəmə tərəfindən tələb olunmuş sənədləri təqdim etməyə borcludular. Cavabdeh tərəfindən X3 yaşayış sahəsinin verilməsi ilə bağlı inzibati icraat materialları tam qaydada (bağlanmış kirayə müqaviləsi, qərar) təqdim olunmasa belə, məhkəmə öz daxili inamı əsasında hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti üzrə tam araşdırma aparılmamışdır. Məhkəmə gəldiyi mövqeyi onunla əsaslandırır ki, ümumiyyətlə 1931-ci il təvəllüdlü X2 mənzilə köçürülən zaman yaşı nəzərə alınacağı təqdirdə onun təkbaşına yaşayış sahəsinə köçürülməsi və orada tənha yaşamaşı ağlabatan deyildir. Bundan başqa zəruri olan arqumentlərdən biri də odur ki, ünvan 3 ünvanında yerləşən 56 saylı mənzilə köçməzdən əvvəl S.İ.İbrahimova öz qızı İddiaçı ilə birgə yaşamışdır. Bu hal Azərbaycan Texniki Universiteti tələbə şəhərciyi tərəfindən verilmiş arayışlarda öz əksini tapmışdır. Başqa ünvanda öz övladı ilə birgə yaşayan 1931-ci il təvəllüdlü şəxsin həmin yaşayış sahəsindən köçürülməsi zamanı başqa ünvanda yerləşən mənzilə övladı olmadan tək köçürülməsi də inandırıcı hesab edilmir. İnandırıcılıq əlamətinin məhkəmə tərəfindən gəlinən nəticəyə təsiri baxımından isə qeyd olunması zəruri hesab edilir ki, məhkəmə araşdırmasının nəticələri yanaşı, işə baxan hakimdə sərbəst daxili inamın formalaşması da zəruridir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cu maddəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göründüyü kimi inzibati məhkəmə icraatı ilə bağlı daxili inam əsasında qərar qəbul edilməli olması edilməsi inzibati məhkəmə icraatının mahiyyəti nəzərə alınmaqla prosessual vəzifə qismində qiymətləndirilməlidir. Məhkəmə də öz daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, İddiaçı məcburi köçkün olduğundan, həmçinin mübahisəli mənzilə köçməzdən əvvəl anası ilə birgə yaşadığından, onun “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydalarının 2.4-cü bəndində nəzərdə tutulan yaşayış sahəsi verilən şəxslərin kateqoriyasına aid olması ehtimalı mövcuddur. Cavabdeh tərəfindən isə S.İ.İbrahimovanın yaşayış sahəsində tənha yaşaması sübut olunmadığından, İddiaçı “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydalarının 2.4-cü bəndinə nəzərdə tutulmuş meyarlalara uyğunluğu müəyyən edildiyi təqdirdə, kirayə müqaviləsinin addan-ada keçirilməsi mümkün sayıla bilər. Eyni zamanda nəzərə alınnalıdır ki, hazırki mübahisəlinin həlli ilə bağlı məhkəmə tərəfindən daxil inam əsasında qərar qəbul edilərkən hər hansı üçüncü şəxsin hüquq və mənafeləri pozulmamış,qanunamüvafiq qaydada həm prosessual, həm də mahiyyəti etibarı ilə tərəflərin izahatların və sübutların verilməsinə imkan yaradılmışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-ci maddəsinə görə inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 1.2-ci maddəsinə uyğun olaraq bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə şəxsin müraciətinə düzgün qiymət verməli idi. Məhkəmə isə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Eyni zamanda, inzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/2020 saylı İcmal məktubu da məhkəmə araşdırması və inzibati orqan tərəfindən həyata keçirilən araşdırmanın əhatəsi baxımından fərqləndirilməsinin zəruriliyini qeyd etmişdir. İcmal məktubunun məzmunundan aydın olur ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. Bu mənada “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Burada digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Odur ki, işə məhkəmədə baxılarkən inzibati orqanlarda mübahisənin düzgün həlli üçün lazımı araşdırmanın aparılıb-aparılmadığını və aidiyyəti sübutların toplanılıb-toplanılmadığını, eləcə də inzibati orqanın mübahisə üzrə bütün zəruri faktiki və hüquqi hallara münasibətini aydın şəkildə bildirib-bildirmədiyini müəyyən etmək üçün İPM-in 49,51-ci və 60-cı maddələrində təsbit olunmuş imkanlardan fəal istifadə edilməlidir. Buraya cavabdehdən faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də dəqiqləşdirmə tələb olunan müəyyən halların izah olunmasını tələb etmək və bu məqsədlərlə müvfiq müddətlər üçün təyin etmək də daxildir. Bununla da, öz vəzifələrini tam həcmdə yerinə yetirmək üçün məhkəmələrə maraqlı şəxsin müraciəti ilə bağlı həmin inzibati orqanda aparılmış araşdırmanın bütün materiallarının (məhkəməyədək inzibati icraat materiallarının) cavabdehdən tələb edilməsi tövsiyə edilir. İnzibati orqanın imtinasının qanuniliyinə qiymət verilməsi üçün məhkəməyədək aparılmış inzibati araşdırma materialları təqdim edilmədikdə, yaxud təqdim edilmiş materiallardan şəxsin müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla zəruri araşdırmanın aparılmadığı, formal əsaslarla imtina olunduğu müəyyən edildikdə, bu hallar inzibati orqanın hərəkətsizliyi kimi qiymətləndirilə və hər bir konkret işin hallarından asılı olaraq həm İPM-nin 33.3, 33.4-cü maddələrində, həm də Məcəllənin 73.2 və 73.3-cü maddələrində müəyyən edilmiş hüquqi vasitələrdən istifadə edilə bilər. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsindən iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun tam və hərtərəfli inzibati icraat aparılmadığından, inzibati icraat yenidən aparılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, İddiaçı müqavilənin addan-ada keçirilməsi ilə bağlı müraciətinə dair inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsi ilə bağlı iddiaçıya yenidən iddia irəli sürmək hüququ izah edilir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar