Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4466/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Sumqayıt şəhəri, mikrorayon 17, ev 60, mənzil 36) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 3 dekabr 1965-ci il tarixdə Ermənistanın Çəmbərək (Krasnoselo) rayonunda doğulmuşdur. 20 noyabr 1986-cı il tarixdən halhazıradək 1 nömrəli Sumqayıt şəhər xəstəxanası X12 Yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləyir. Vəzifəsinin xarakterinə görə xəstələrlə bilavasitə ünsiyətdə olur. 55 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə (zərərli iş) 34 ildən artıq stajı olduğundan, 21 dekabr 2020-ci il tarixdə Sumqayıt Regional “ASAN xidmət” mərkəzi vasitəsi ilə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 21 yanvar 2021-ci il tarixli məktubu ilə ərizəni təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun fərdi hesabımın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Cavabdehin qeyd olunan imtina məktubu qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, 1 oktyabr 1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət pensiyaları haqqında» SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin dövrdə qüvvədə olan qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə göstəriş olduğu qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. İddiaçı 1984-cü ildə 1 №-li Bakı tibb məktəbinə daxil olmuş, 5 iyul 1986-cı il tarixdə ixtisası üzrə tam kursu bitirdiyindən ona tibb bacısı ixtisası verilmişdir və təhsil aldığı müddət qazanılmış hüquq olaraq onun əmək stajı hesab edilir. Belə ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüquqdur, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. «Əmək pensiyaları haqqında» AR Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, mənim 1984-cü ildən 5 iyul 1986-cı ilədək olan təhsil müddəti "1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı” olaraq hər hansı şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edildiyindən, pensiya təyin edilərkən sığorta stajı kimi nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» AR Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 2006-cı il 1 yanvar tarixədək təhsil müddəti nəzərə alınmaqla onun 21 il 2 ay sığorta stajı olmuşdur ki, bunun da 19 il 2 ayı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aiddir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş mətninə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə nəticə alınır ki, 31 dekabr 2005-ci il tarixdə əmək fəaliyyətimi dayandırıb qanunla nəzərdə tutulan yaş həddinə çatdıqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilərdi. Göründüyü kimi, artıq 2006-cı il 1 yanvar tarixinədək olan sığorta stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərli olduğundan, cavabdehin pensiya kapitalının az olmasına istinad etməsi qanunsuz olmuşdur. Bundan başqa, hesab edilir ki, ümumilikdə onun 36 il sığorta stajı üçün pensiya kapitalı da cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Ümumiyyətlə, hesablanmanın bu qaydada aparılması əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxs olaraq onu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan məhrumetmə xarakteri daşıyır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Göründüyü kimi, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən 55 yaşı çatmış qadın olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququm olsa da, cavabdeh ona müvafiq pensiyanın təyin edilməsindən imtina etmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 23.1-ci maddəsinə, İPM 2, 33, 35, 73-cü maddələrinə, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçıya 3 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin məhkəməyə iddia ilə bağlı ünvanlanmış yazılı etirazında aşağıdakılar bildirilir: - DSMF X4 üzrə Mərkəzi Filialı iddia tələbi ilə razılaşmır. İddiaçı iddia edir ki, 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi, 10 il xüsusi/güzəştli iş stajı toplamışdır. Ona görə də, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən ona əmək pensiyası «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə uyğun olaraq 55 yaşdan, yəni 3 dekabr 2020-ci ildən təyin edilməlidir. Mərkəzi Filialın 21 yanvar 2021-ci il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Filialın imtinası «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1 və 9.8-ci maddələrinə əsaslanmaqla qanunidir. Belə ki, həmin Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün. sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. Qanunun 9.8-ci maddəsi (“Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək su olan şəxslərə pensiyalar vaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilü müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) əmək stajı əvvəlki qanunun – «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13 maddəsinin (b) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), qadınlar üçün pensiya yaşı 52, ümumi staj 20 il, xüsusi staj 10 il müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, Filialın imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə (2017-ci ilin iyul ayında qüvvəyə minib) «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni, iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cü maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alman və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun təİəbi əsaslı deyildir. Filialın imtinası həm də «Əmək pensiyaları haqqında» AR Qanununun 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, həmin Qanunun 6.2-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19 və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Həmin Qanunun 6.3-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanm fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Sözügedən Qanunun 45-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. «Əmək pensiyaları haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 45.600 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 25.347,59 manat təşkil edir. Qeyd edilənlərə əsasən və İPM-in tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İş materiallarından görünür ki, X3 1984 – 1986-cı illərdə 1 nömrəli Bakı Tibb Məktəbində təhsil almış və ona həmin təhsil müəssisəsi tərəfindən KT seriyalı 016453 nömrəli diplom verilmişdir. İş materiallarında olan Vİ ЖГ seriyalı 467940 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə X3 arasında 1 iyul 1998-ci il tarixdə nikah bağlanmış və nikah bağlanandan sonra qadına “Xanlarova” soyadı verilmişdir. İş materiallarında olan 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının 10 dekabr 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - X2 həqiqətən 20 noyabr 1986-ci il tarixdən hal-hazıradək “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” X12 Yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləyir və bilavasitə xəstələrlə ünsiyyətdədir. Ümumi iş stajı 34 il və zərərli iş stajı 34 il. Yuxarıda göstərilənlərə əsasən AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı»nın 19-cu bölməsinin “A” bəndinə, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş siyahının “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsinin 2260000a bəndinə uyğun gəldiyi üçün ona güzəştli şərtlərlə pensiya təyin edilə bilər. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20 noyabr 1986-cı il tarixdən hal-hazıradək “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” X8 Yoluxucu xəstəliklər şöbəsində palata tibb bacısı vəzifəsində işləyir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 3 dekabr 1965-ci il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır və onun 10 ildən artıq işlədiyi vəzifə – “Yoluxucu xəstəliklər” şöbəsində tibb bacısı peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş « Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsində ******* kodu ilə nəzərdə tutulmuşdur (bu barədə müvafiq arayış iş materiuallarında mövcuddur və bu, işin mübahisə olunmayan hallaarına aiddir). İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi, onun qanunla ələb olunan həcmdə sığorta kapitalı məbləğinin toplanmadığını əsas gətirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsinin “a” bəndində bilavasitə xəstələrə xidmət edən aşağıdakı işçilər “2260000a” və “2260600a” kodları ilə nəzərdə tutulmuşdur: vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti və kişik tibb heyəti. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik qadınlar 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Bu isə o deməkdir ki, güzəştli şərtlərlə yaşa əmək pensiyasının «Əmək pensiyaları haqqında» AR Qanununun tələbləri 1 yanvar 2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. İşin hallarından isə 3 dekabr 2017-ci il tarixdə 52 yaşı tamam olan hazırkı iddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi staja, o cümlədən AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olması müəyyən edilir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “tələb olunan minimum məbləğdə sığorta kapitalının toplanmaması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 52 yaşdan (3 dekabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və həmin tarixdən ödənilməmiş fərq məbləği ödənilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının müraciəti 2020-ci ilin dekabr ayına təsadüf edir, “üç il” əvvəlki dövr üzrə tələb etmə müddətinə münasibətdə 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövr əhatə olunur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 52 yaşdan (3 dekabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan (3 dekabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4466/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4466/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver