Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4467/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi» barədə iddia tələbinə üzrə inzibati işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh AR DGK Bakı Baş Gömrük İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası hüquqi şəxsi olan İddiaçı MMC (alıcı) ilə Hollandiyanın hüquqi şəxsi olan “X4 B.V” (satıcı) arasında xx xxxxx 2019cu il tarixdə EP-300 zavodunun soyuducu dövrənin su emalı üçün NovaTraqua 772S kimyəvi məhsullarının alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satılan malların mənşə ölkəsi Hollandiyadır və mallar FCA zavod, Hollandiya (İNCOTERMS 2010) şərti əsasında alınmışdır. Müqavilə üzrə malların qiyməti çatdırılma, qablaşdırılma və etiketləmə xərcləri daxil edilməklə NovoTraqua 772S-in hər kq üzrə 2.20 avro olmaqla, müqavilənin ümumi dəyəri 44.132 avro təşkil edir. Müqavilə şərtlərinə əsasən, satıcı malların razılığa gəlinmiş partiyası üçün alıcıdan qabaqcadan ödəniş aldığı tarixdən etibarən 30 gün ərzində malları təhvil verməlidir. Satıcı tərəfindən verilmiş qaimə-fakturaya əsasən 10 bank günü ərzində alıcı malların təhvil verilən partiyası üçün müqavilə dəyərinin 50 faiz hissəsini qabaqcadan ödəyir, yerdə qalan hissə isə malların təhvil verilmiş partiyası üçün yük maşınına yüklənmə haqqında məlumt verildiyi tarixdən etibarən 10 bank günü ərzində, lakin təhvil verilmə tarixindən 10 həftədən gec olmayaraq ödənilməlidir. Müqavilə şərtlərinə əsasən satıcının xx xxxxx 2019-cu il tariuxdə təqdim etdiyi invoice əsasında alıcı tərəfindən müqavilə dəyərinin hər kq üçün 2.20 avro olmaqla 50 faizini, yəni 22.060 avro vəsait satıcının bank hesabına ödənilməlidir. xx xxx 2019-cu il tarixdə BX3098CK-BX9679XT nömrəli nəqliyyat vasitəsi ilə xx xxx 2019-cu il tarixli İnvoice nömrəsi W191859, CMR nömrəsi W191859 olan yük Bakı Baş Gömrük X6 Gömrük Terminalına daxil olmuşdur. Mallara idxal sənədləri əsasında xx xxx 2019-cu il tarixdə qısa bəyannamə, xx xxx 2019- cu il tarixdə gömrük bəyannaməsi tərtib edilmiş, Mallar üçün gömrük idxal rüsumu və vergiləri ödənilmişdir, (ödənilmiş gömrük rüsum və vergilərin dəyəri 22.803.28 manat təşkil edir. Qeyd etməyi zəruri hesab edirik ki, hesablanmış bütün vergilər və rüsumlar ödənilmiş və gömrük rəsmiləşdirilməsi faktiki olaraq başa çatmışdır. Lakin buna baxmayaraq idxal olunmuş mallar buraxılmamışdır. xx xxx 2019-cu il tarixdə idxal olunan malların invoice dəyəri saxlanılmaqla cari statistik dəyərinin üzərinə 35510 AZN əlavə edilməsi ilə bağlı Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru vəzifəsində çalışan Emin Qasımov rəy bildirmişdir. O öz rəyini belə əsaslandırmışdır ki, eyni adlı adlı və oxşar məhsullar daha əvvəllər digər şirkətlər tərəfindən yüksək qiymətə idxal olunması göstərilmişdir. xx xxx 2019-cu il tarixli “xxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarə müqaviləsindən görünür ki, idxal olunan malların rəsmiləşdirilməsi gecikdiyindən Bakı şəhəri, Səbail rayonu, Salyan şössesi 14 km ünvanında yerləşən ümumi sahəsi 124 m2 olan sahə aylıq olaraq ƏDV daxil 1770 manata icarəyə götürülmüş və qeyd olunan malar müvəqqəti saxlanılması üçün ora yerləşdirilmişdir. Bu müqaviləyə uyğun olaraq da İddiaçı MMC tərəfindən ümumilikdə 685 manat icarə haqqı ödəmişdir. Gömrük orqanın təzyiqləri və qanunsuz hərəkətləri nəticəsində idxal olunan malın gömrük dəyəri 93.090,70 manatdan 119.357,00 manata (119357,00 – 93090,70 = 26266,30 manat gömrük dəyəri artmış), statistik dəyəri isə 54.759,24 ABŞ dollarından 70.210,00 ABŞ dollarına (70.210,00 – 52.759,24 = 17450,76 ABŞ dolları statistik dəyəri artmışdır) qaldırılmışdır. Bu rəy ilə əlaqədar bir daha bəyan edilmişdir ki, mallar istehsalçını özündən və FCA- Hollandiya şərti ilə (İNCOTERMS 2010) şərti ilə alınmışdır. Bundan başqa qeyd edilməlidir ki, müqavilənin predmetini təşkil edən mal xam maddədir. Beləliklə xam maddənin ölkəyə daxil olma qiyməti nə qədər ucuz olsa, bunun dövlətin iqtisadiyyatına o qədər xeyri vardır. Xam maddənin ucuz alınması, onun istehsalı nəticəsində əladə olunmuş məhsulun maya dəyərinin aşağı olması deməkdir. Onu da qeyd etməliyik ki, bu idxal olunan malların son istifadəçiləri neft, qaz və kimya sahəsində fəaliyyət göstərən dövlət müəssisələridir. Beləliklə, Gömrük Komitəsinin əməkdaşının xam maddənin maya dəyərini yüksəltməklə, bu maddə əsasında istehsal olunacaq son məhsulun qiymətinin həddindən artıq baha olmasına gətirib çıxarmış ki, bu məhsulun ixrac imkanlarını məhdudlaşdırmış və nəticə etibarı ilə ölkə iqtisadiyatına və iddiaçıya ziyan vurulacaqdır. İnzibati orqanın qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə 195 çağrı mərkəzi vasitəsi ilə (xx.xx.2019), Azərbaycan Respublikası İ-ci X3 xanım Əliyevaya poçt vasitəsi ilə (xx.xx.2019), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin Bakı Baş Gömrük İdarəsi əlbəəl şikayətlər/müraciətlər (xx xxx 2019-cu il tarixdə) edilmişdir. Yuxarıda göstərilən müraciətləri birləşdirərərk Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2019-cu il tarixdə elektron formada email vasitəsi ilə cavab verərək bildirmişdir ki, alıcı ilə satıcı əlaqəli şəxs olduqlarından ilə əlaqələndirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia ərizəsi rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, apellyasiya şikayət qismən təmin olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müraciət ünvanlanaraq İdxal olunmuş “Novotraqua 772S adlı P-kompanentli kimyəvi qatqılar” adlı məhsulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin, 2-ci Gömrük Bəyannaməsinin tərtib etdirməkləri ilə bağlı hərəkətlərin, məhsulun Gömrük dəyərinin və Statistuk dəyərinin qanunsuz və əsasız qaldırılması ilə bağlı hərəkətlərin, həmin Bəyannamə ilə bağlı onlardan artıq pul almaları ilə bağlı hərəkətlərin idxal olunmuş məhsulu rəsmiləşdirməyərək əsassız olaraq saxlamalı ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və habelə inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 7.198, 64 manat kompensasiyanın AR DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Lakin iddia verilən günədək qeyd olunan müraciətə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Göstərilənlərə və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.4, 1.1.5, 11.1, 11.2, 11.3, 12.1, 12.2, 13.1, 13.2-ci maddələrinə, İPM-in 36.2-ci maddəsinə əsaslanaraq, AR DGK Bakı Baş Gömrük İdarəsinin idxal olunmuş “Novotraqua 772S adlı P-kompanentli kimyəvi qatqılar” adlı məhsulun gömrük rəsmiləşdirilməsi ilə bağlı, ikinci gömrük bəyannaməsinin tərtibi ilə bağlı, məhsulun gömrük dəyərinin qanunsuz və əsassız artırılması ilə bağlı, həmin bəyannamə üzrə iddiaçıdan artıq məbləğlərin alınması ilə bağlı, idxal olunmuş məhsulun rəsmiləşdirilmədən saxlanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş ziyana 7.198,64 manat kompensasiyanın cavabdeh AR DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədləriin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh AR DGK Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəməyə iddiaya qarşı təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı MMC Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Bakı Baş Gömrük İdarəsinin idxal olunmuş “Novotraqua 772S adlı Pkomponentli kimyəvi qatqılar” adlı məhsulun gömrük rəsmiləşdirilməsi ilə bağlı olan bir sıra hərəkətlərinin qanunsuz hesab edilməsi, habelə inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 7.198.64 manat kompensasiyanın cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən ödənilməsi tələbi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının ərizəsində irəli sürülən tələbə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.1-ci maddəsində göstərilir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. İddiaçı MMC xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində gömrük orqanına 3 ədəd gömrük bəyannaməsini təsdiqləyərək təqdim etmiş, gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannamənin gömrük orqanının məcburi surətdə təsdiq etdirdiyini iddia edir ki, bu da iş materialları ilə sübut olunmur. Eyni iddia tələbi ilə iddiaçı daha öncə 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, hakim Miminat Hacıbəyova tərəfindən həmin iddia tələbi rədd edilmiş, iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən isə həmin iddia ümumiyyətlə mümkün sayılmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İPM-in 68, 69-cu maddələrinin tələblərinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclaslna gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Həmin Məcəllənin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 1.0.12-ci maddəsinə əsasən gömrük dəyəri – malların «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəridir. Həmin Məcəllənin 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqdır. Həmin Məcəllənin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: (9.0.1) gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək, (9.0.2) bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək, (9.0.3) gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq. Həmin Məcəllənin 104.1-ciu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasənm gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 270.2-ci maddəsinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin forsmajor hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 ilədək uzadılır. Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın 2.3-cü bəndinə görə elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, mövcud gömrük qanunvericliyi gömrük ərazisinə müvafiq gömrük proseduru altında gətirilən malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannamələrində gəm malın adı, çəkisi, sayı, gömrük dəyəri, həm də həmin gömrük dəyəri də nəzərə alınmaqla gömrük ödənişlərinin məbləğlərinin əks olunmasını nəzərdə tutur. Eləcə də qanunvericiliyin normalarına əsasən gömrük bəyannamələri bəyannaməçi (malı idxal edən) tərəfindən təsdiqlənməklə və gömrük orqanı əməkdaşları tərəfindən yoxlanılmaqla növbəti prosedurlar (malın buraxılması və s.) keçirilir. Hazırkı işlin hallarından görünür ki, iddiaçı idxal etdiyi malları XİF MN kodu altında müvafiq adla və müvafiq ödənişlərlə bəyan etmiş və bu barədə tərtib olunmuş bəyannaməni təsdiqləmişdir. Malın buraxılması, yəni onun sərəncamına verilməsi bu bəyanetmədən sonra mümkün olsa da, iddiaçının məcburən həmin bəyannamələri təsdiqləməsi mümkün görünmür. Digər tərəfdən də, qanunvericilik artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılmasını digər (AR Gömrük Məcəlləsinin 269, 270-ci maddələrində göstərılən) qaydada nəzərdə tutur. Lakin iddiaçı həmin qaydada müraciətə cəhd etmədən (icraatın nəticəsi bəlli deyil), hazırkı iddia kimi cavabdehin hərəkətləri qanunsuz sayılmaqla bu hərəkətlər nəticəsində dəymiş siyanın kompensasiya qismində tələb olunmasını üstün tutmuşdur. Halbuki, cavabdehin hərəkətləri qanuna zidd olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddia əsaslı deyil və təmin edilməməlidir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh AR DGK Bakı Baş Gömrük İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh AR DGK Bakı Baş Gömrük İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4467/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4467/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver