Məhkəmə qərarları › İş №2-1(112)-4469/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4469/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4469/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 830-cu keçid ev 35-də yerləşən 123-124 saylı mənzilə kirayə müqaviləsinin bağlanması və ya orderin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 5000 manat vəsaitin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 26 aprel 2021-ci il tarixli məhkəmə iclasında 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Gəncə prospekti, ev 35, mənzil 123-124 nömrəli mənzilə dair (orderin verilməsi) kirayə müqaviləsinin bağlanması vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4469/2021 saylı 21 may 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X5 vaxtilə işlədiyi “Azneftkimyatəmir” tresti tərəfindən mənzil növbəsində birinci olduğuna və evləri olmadığına görə ona və ailə üzvləri ilə 2030-cu məhəllə (830-cu keçid) ev 35-də yerləşən ailəvi yataqxanada boşalan 123-124 saylı mənzillər ayrılmışdır, (ümumilikdə 7 nəfər). Mənzil trestin 25 avqust 1994-cü il 9 nömrəli protokoluna əsasən verilmişdir. Qeyd olunan trestin verdiyi 25 avqust 1994-cü il 9 nömrəli protokolunda göstərilmişdir ki, “Azneftyağ” İB tərəfindən göstərilən 123-124 saylı mənzilə order verilsin. Orderə ailə üzvləri daxil edilsin. 2020-ci ildə atası “Azneftyağ” İB-nə kirayə müqaviləsinin alınması üçün müraciət etdikdə onlar bildirdilər ki, sözügedən yataqxanalar Bakı şəhəri MKTD-nin balansına verilmişdir. Sonra kirayə müqaviləsini almaq üçün MKTD-yə müraciət etmişdir. Onlar isə öz növbəsində tabeçiliyində olan 3 saylı Xüsusi Təyinatlı MKTB-yə həvalə etmişlər. Sonradan atası vəfat etdikdən sonra o, 3 saylı Xüsusi Təyinatlı MKTB-yə mənzilə dair kirayə və ya order verilməsi barədə müraciət etmişdir. 3 saylı Xüsusi Təyinatlı MKTB isə öz növbəsində cavab olaraq bildirmişdir ki, onlara aid olan hüquqi sənəd Dövlət Neft Şirkətindən təhvil verilməmişdir, bununla bağlı orderin verilməsi səlahiyyətləri xaricindədir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə göndərilmiş 16 mart 2021-ci il tarixli 185 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən təhvil verilən mənzil fonduna aid sənədlər arasında qeyd edilən binanın 123-124-saylı mənzillərinə dair hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. Əlavə olaraq da bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2-1(112)-3668/2020 saylı qərardadı ilə iddiaçı X4 cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “X6 830-cu keçid, ev 35-də yerləşən 123-124 saylı mənzilə kirayə müqaviləsinin bağlanması və orderin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Mənizl-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması, həmçinin iddiaçıya vurulmuş mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 5000 manat mənəvi ziyanın tutulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.08.2020-ci il tarixli 2-1(103)-1357/2020 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mənzilə dair hüquqmüəyyənedici kimi yalnız iddia ərizəsində istinad edilən protokol vardır, 1994-cü ildən sözügedən mənzildə 6 ailə üzvü ilə birlikdə yaşayır, Füzuli rayonu, Vidadi küçəsində qeydiyyatdadır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya etiraz edərək, bildirmişdir ki, bina 2012-ci ildən MKTD-nin balansına verilmiş, mənzil hazırda 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balansındadır, həmin binada araşdırılma aparılıb, sakinlərin siyahısı müəyyən edilib, iddiaçı və ailəsi bir gün belə sözügedən mənzildə yaşamamışdır, orada yaşayan şəxslər order əsasında məskunlaşmışlar, protokol mənzilə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X10 bildirmişdir ki, mənzilə dair hüquqmüəyyənedici sənəd qismində order müəyyən olunmuşdur, lakin iddiaçı və ya ailə üzvlərinə order verilməmişdir, mənzil isə MKTB-nin balansındadır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 435S nömrəli, 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə Neft Şirkətinin balansında olan mənzillər Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir, iddianın həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 485320 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1986cı ildə anadan olmuş, atası X7, anası- X2r. AZ-İİ №126212 nömrəli 19 yanvar 2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Həşimov Mirhüseyn oğlu 28 avqust 2020-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfat Birliyinin 05 fevral 2021-ci il tarixli 66 nömrəli imtina məktubundan qeyd edilmişdir ki, Azərbaycan respublikası Nazirlər Kabinetinin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı Departamentinin müxtəlif tarixli və saylı sərəncamlarına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan yaşayış, qeyri-yaşayış, o cümlədən Xətai rayonu, 830-cu keçiddə yerləşən 35 saylı bina 3 saylı XT MKTB-nin balansına verilmişdir. Balansa verilərkən ona aid olan mənzilə dair heçbir hüquqi şənəd təhvil verilməmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 10 mart 2021-ci il tarixli 018-2986-1221 nömrəli cavab məktubunda ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxsin aşkar edilmədiyi qeyd edilmişdir; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-00860-2021 nömrəli 05 mart 2021-ci il tarixli məktubuna əsasən “Azneftkimyatəmir” trestinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 123-124 saylı mənzillərin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 185 nömrəli 16 mart 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qıbul edilmişdir. X13 Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən təhvil verilən mənzil fonduna aid sənədlər arasında qeyd edilən binanın 123-124 saylı mənzillərinə dair hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 143 saylı Mənzil Kommunal İstismar sahəsinin 01 aprel 2021-ci il tarixli 02 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 123-124 saylı mənzilin heç bir sənədi (order, sərəncam) yoxdur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 123-124 saylı mənzilin hazırkı iş üzrə İddiaçı, o cümlədən onun atası Həşimov Tofiq Mirhüseyn oğlunun sahibliyi və istifadəsinə verilməsi dair hər hansı sənəd aşkar edilməmişdir. Belə olan təqdirdə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 83-cü maddəsinə əsasən, SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər 84-cü maddəsinə əsasən, icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. İddia ərizəsində istinad edilən “Azneftkimyatəmir” trestinin 25 avqust 1994-cü il tarixli protokolu ilə bağlı məhkəmə bildirir ki, həmin protokolun iddia ərizəsinə əlavə olunan kserosurətində əks olunan məlumatlar aydın olmamaqla, onun təsdiq edilmiş surətinin məhkəmə araşdırması zamanı müvafiq sorğular əsasında əldə edilməsi mümkün olmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi kimi, orderin verilməsinə dair sözügedən protokol kirayə müqaviləsinin bağlanması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə “kirayə müqaviləsinin bağlanması” barədə iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar