Məhkəmə qərarları › İş №2-1(112)-447/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-447/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-447/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) «bağ sahəsinə iddiaçının mərhum atasının hüququnun mövcudluğuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsi üzərində hüququna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı ŞİH Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin X4 və İstismarı Birliyi ilə iddiaçının mərhum əri X7 arasında bağlanmış 14 iyun 2006-cı il tarixli 33827 nömrəli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan 321 “g” nömrəli bağ sahəsi X5 verilmişdir. X1 Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin əməkdaşları tərəfindən ölçülərək ona verilmiş həmin bağ sahəsini mişar daşı ilə hər tərəfdən hasara aldırmışdır. Həmin torpaq sahəsi X13 kitabında əsas döngə nöqtələrinin koordinatları göstərilməklə 5 iyul 2011-ci ıl tarixdə 26856 nömrə ilə uçota (qeydiyyata) alınmışdır. O, səhhətinin pisləşməsi ilə əlaqədar ona verilmiş həmin bağı abadlaşdırmağa, əkib-becərməyə imkan tapmamış və 28 mart 2012-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək göstərilən bağ sahəsi onun mülkiyyətində, yəni istifadə və sahibliyində olmuşdur. Əri vəfat etdikdən sonra iddiaçı onun qanun üzrə vərəsəsi olduğuna görə həmin bağ sahəsinin öz adına özəlləşdirilməsi, həmin bağ sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə müraciətlə əlaqədar onun göstərdiyi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunluqsuz təşkil etdiyini, göstərilən sahəyə başqa şəxsin müraciəti olduğunu, həmçinin torpaq sahəsinin yol tikintisi ilə əlaqədar azalaraq 1.043,83 kv.m. deyil 745 kv.m. olduğunu göstərərək 15 aprel 2020-ci il tarixli məktubla «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətə imtinasından narazı olduğuna görə İqtisadiyyat Nazirliyinə şikayət etmişdir. Həmin Nazirlik ona yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmasını tövsiyyə etmiş və iddiaçı yenidən adıçəkilən İdarəyə eyni məzmunlu müraciət etmişdir. Lakin eyni cavabı, yəni “imtinanı” almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən 2-ci 9 sentyabr 2020-ci il tarixli “imtina” cavabı ona rəsmi olaraq yazılı surətdə 1 oktyabr 2020-ci il tarixdə təqdim edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı ilin iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bundan başqa həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60cı maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının tabeçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1, 2-ci bəndlərinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.2, 71-ci maddələrinə, İPM-in 2.2.2, 33, 38.2, 73-cü maddələrinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan 321 “g” nömrəli bağ sahəsi üzərində hüququna dair adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 25 noyabr 2020-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 3 mart 2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan ərazinin 321 nömrəsi ilə başlayan bağlara aidiyyəti yoxdur. Həmçinin göstərilən sahəyə X10 müraciəti mövcuddur. Bundan əlavə, torpaq sahəsinin plan və ölçüsündə torpaq sahəsi 1.043,83 kv.m göstərilsə də, faktiki olaraq yol tikintisi ilə əlaqədar torpaq sahəsi azaldılaraq 745 kv,m olmuşdur. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya 15 aprel 2020-ci il tarixli **********03 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı sahələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli sərəncamına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 30 dekabr 2020-ci il tarixli qərardadı ilə X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İPM-in 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır. Məhkəmənin 14 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən 0,12 ha ölçülü 321g saylı bağ sahəsi üzərində İddiaçı mərhum əri X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın (arayışın) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş materialları məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında məhkəmə kollegiyası «Dşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, . . . Göründüyü kimi, vərəsə ilk növbədə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanından arayış almalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilərək qeydiyyat orqanına təqdim etməklə, birbaşa qeydiyyat orqanında bağ sahəsinə dair öz adına rəsmiləşdirmək hüququnu əldə edir. Yəni, konkret halda, iddiaçı Qanunun qeyd olunan tələbinə müvafiq olaraq arayış almalı idi, arayışın verilməsindən imtina olunduqda, yalnız bununla bağlı məcburetmə qaydasında məhkəmədə iddia qaldıra bilərdi. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən Qanunun qeyd olunan tələbinə əhəmiyyət verilməmiş, iddiaçıya İPM-in 13-cü maddəsinin tələbi qaydasında, iddia tələbinin düzgün dəqiqləşdirilməsi və münasib iddianın verilməsi üçün yardım göstərilməmiş və bununla bağlı inzibati orqanın münasibətini aydınlaşdırmaqla, müvafiq prosessual hərəkətləri yerinə yetirməli olduğu halda, iddiaçının Qanunun qeyd olunan tələbinə uyğun gəlməyən dəqiqləşdirilmiş iddia ərizəsini icraata qəbul edərək, mərhum ərinin adına bağ sahəsinə çıxarış verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul etmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən 745 kv.m ölçülü 321g saylı bağ sahəsinə İddiaçı mərhum əri X6 mülkiyyət hüququnun mövcud olması barədə arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmşdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmişdir, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə Bakı ŞİH X4 və İstismarı Birliyi ilə iddiaçının mərhum əri X7 arasında bağlanmış 14 iyun 2006-cı il tarixli 33827 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha sahəsi olan 321g saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. X7 28 mart 2009-cu il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı İddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. İddiaçı vərəsə kimi vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat orqanına təqdim edilməsi üçün bağ sahəsinə hüququnun qeydiyyata alınması xahişi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin inzibati orqan məsələnin həllindən 15 aprel 2020ci il tarixli məktubla imtina etmişdir. İdarə imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının göstərdiyi bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir (qeyd olunan ərazinin 321 nömrəsi ilə başlayan bağlara aidiyyəti yoxdur), göstərilən sahəyə X10 müraciəti mövcuddur, torpaq sahəsinin plan və ölçüsündə torpaq sahəsi 1.043,83 kv.m göstərilsə də, faktiki olaraq yol tikintisi ilə əlaqədar torpaq sahəsi azaldılaraq 745 kv,m olmuşdur. Məhkəmə icraatı dövründə iddiaçı hazırkı iddia tələbinə uyğun məzmunda, yəni müvafiq bağ sahəsinə mərhum ərinin hüququnun mövcudluğu barədə arayış verilməsi xahişi ilə DƏDRX bazasında yaradılmış “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin 19 may 2022-ci il tarixli imtina məktubunda 15 aprel 2020-ci il tarixli imtina məktubunda göstərilənlərə təkrar istinad olunmuşdur. İddiaçı hazırda inzibati orqanın imtinasını mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı tələbi inzibati orqana müraciətində göstərilənlərdən formal cəhətdən fərqlənərək “əmlakın mərhuma məxsus olması barədə arayışın verilməsi”dir. Bu fərq iddiaçının inzibati orqana müraciəti zamanı məqsədi baxımından arzuladığı sənədin adının düzgün ifadə olunmamasını nəticəsidir ki, bu da formal xəta qismində qiymətləndirilməlidir. Çünki, həmin sənədin son nəticədə notariat qurumuna təqdim edilməsi nəzərdə tutulur və mahiyyətcə “arayış”ı ehtiva edir. Məhkəmə inzibati mübahisə üzrə tərəflərin dəlillərinə münasibətdə aşağıdakıları diqqətə çəkir: - Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən 321g saylı bağ sahəsinin hazırkı İddiaçı mərhum əri X3 istifadəsinə verilməsi barədə sonuncu ilə Bakı ŞİH X4 və İstismarı Birliyi arasında bağlanmış 14 iyun 2006-cı il tarixli 33827 nömrəli müqavilə həmin bağ sahəsinin adıçəkilən şəxsin (mərhum S.F.Qasımovun) qanuni istifadəsində olmasını təsdiqləyən əqddir. Sözügedən bağ sahəsinə dair həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum əri X7 həmin bağın qanuni istifadəçisi olmuş və onun yerləşdiyi torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. - Müvafiq bağ sahəsi ilə bağlı başqa şəxsin (üçüncü şəxs X10) müraciəti iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatları təkzib etmirsə, inzibati icraat üzrə qaldırılan məsələnin həllinə hər hansı maneə yarada bilməz. Üçüncü şəxsin hüquqmüəyyənedici sənədlərinə əsasən ona məxsus bağ sahəsinin nömrəsi 323“b”-dir, yəni fərqlidir. Nəzərə alınmalıdır ki, iddia edilən həmin torpaq sahəsinə dair iddiaçının mərhum ərinin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir və müvafiq dövrdə Əsasnaməsinə görə X13nın, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işləri və tədbirlərin təşkili və həyata keçirilməsi həmin Komitənin funsiyası olmuşdur. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mərhum ərinə məxsus olan torpoaq sahəsinin koordinatları və yeri ilə bağlı xüsusatlar artıq səlahiyyətli orqan tərəfindən dəqiq müəyyən edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 20 may 2011-ci il tarixdə mərhum X5 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha sahəsi olan 321g saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı” tərtib edilmişdir; - İddia edilən torpaq sahəsinin ölçüsünə gəldikdə isə, iddiaçının hazırkı tələbi müvafiq torpaq sahəsinin faktiki ölçüsü ilə eynidir, yəni 745 kv.m-dir. Deməli, hüquqmüəyyənedici sənəd üzrə ayrılmış 1.200 kv.m torpaq sahəsinin qalan hissəsi mübahisəli deyil; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin imtinasında göstərilən digər dəlilrə gəldikdə isə, bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq, yəni bağ sahəsinin başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndi və Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə (3.0.29) görə birbaşa inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərindədir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin) 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən 745 kv.m ölçülü 321g saylı bağ sahəsinə İddiaçı mərhum əri X3 mülkiyyət hüququnun mövcud olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən 745 kv.m ölçülü 321g saylı bağ sahəsinə İddiaçı mərhum əri X3 mülkiyyət hüququnun mövcud olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar