Məhkəmə qərarları › İş №2-1(112)-447/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-447/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-447/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ massivində yerləşən fərdi yaşayış evi və yerləşdiyi 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ massivində yerləşən fərdi yaşayış evi və yerləşdiyi 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi bələdiyyəsinin inzibati ərazisi olan Goradil massivində fərdi bağ evi üçün 1200 kv.m bağ sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair ərizə ilə Binəqədi bələdiyyəsinə müraciət etmişdir. Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə sözügedən bağ sahəsi 1200 kv.m olmaqla iddiaçının mülkiyyətinə verilmişdir. Həmin bağ sahəsinin hər kv.m üçün 11200 manat pul vəsaiti ödəmişdir. Eyni zamanda bələdiyyə tərəfindən həmin tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. xx.xx.2005-ci il tarixdə həmçinin həmin bağ sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsinə dair 150 saylı müqavilə bağlanmış, bağ torpaq sahəsinin təsdiq olunmuş situasiya planı da ona təqdim olunmuşdur. Bağ evinin inşasından sonra qazlaşdırma ilkə bağlı aidiyyatı üzrə müraciət etmişdir və onunla xx.xx.2017-ci il tarixdə müqavilə bağlnamış, bağ evi qazlaşdırılmışdır. Artıq 2005-ci ildən bağ torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Eyni zamanda bağ torpaq sahəsində inşa olunan fərdi bağ evindən də 2017-ci ildən tam enerji ilə təchiz olunandan və qazlaşdırıldıqdan sonra bu günədək istifadə edir. xx.xx.2021-ci il tarixdə zəruri olan sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etməklə, sözügedən ərazidə yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün ərizə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli məktubu ilə daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyta alınmasından və çıxarışın verilməsindən imtina edilmişdir. Qeyd etmişdir ki, göstərilən müddətdə həm pandemiya ilə, həmçinin həmin müddətdən bu yaxınlaradək işlə əlaqədar imkan tapa bilmədiyindən üzürlü səbəblərdən imtina müddətindən 30 gün ərzində məhkəməyə müraciət etmək imkanı olmamışdır. Bildirmişdir ki, yaranan vəziyyət ondan asılı olmayan səbəblərdən baş vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur,onun qanunla qorunan hüquqlarını pozur. Belə ki, cavabdeh imtinanı onunla əsaslandırır ki, təqdim edilən sənədlərin faktiki sahəyə aidiyyəti yoxdur. Torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən alqı-satqı aktı, bank qəbzi, torpaq sahəsinin ayrılmasına Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Həmçinin göstərir ki, cizgidə möhür görünmür və layihədə sifarişçi fərqli şəxsdir. Qeyd etmişdir ki, iddiaçı vətəndaş olaraq Binəqədi bələdiyyəsinə ərizə ilə müraciət etmişdir və sözügedən sahəni əvəzi ödənilməklə alqı-satqı yolu ilə fərdi bağ evinin tikintisi məqsədilə əldə etmişdir. Sənədlərin hansı qaydada olmasına və çatışmayan sənədlərə görə bir vətəndaş olaraq məsuliyyət və cavabdehlik onun üzərinə qoyula bilməz. 2005-ci ildən bu günədək, yəni artıq 16 ildir ki, sözügedən bağ torpaq sahəsi və fərdi bağ evi onun sahibliyində və istifadəsindədir. Bu günə qədər hər hansı bir dövlət qurumu tərəfindən sözügedən sahəyə görə mübahisə qaldırılmamışdır. Mübahisəsiz və etirazsız bu günədək bağ sahəsindən sahiblik hüququ ilə istifadə edir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın arqumentləri əsaslı deyildir. 16 il müddətində bələdiyyə tərəfindən alqı satqı yolu ilə əvəzi ödənilməklə əldə etdiyi və mübahisəsiz, etirazsız qaydada inşa etdiyi bağ yaşayış sahəsinə mülki hüquqlar əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 152.2 - 152.3-cü maddələrinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Eyni Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş qaydada əmlakdan istifadə hüququ da əmlak hüquq sayılır və mülkiyətçi hüquqlan həddində müdafiə olunur. Bu Məcəllənin 159-cu maddəsinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Bu Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. İddiaçı bildirmişdir ki, qeyd olunan mülki qanunvericiliyin normalarından da görünür ki, alqı-satqı yolu ilə əvəzli şəkildə əldə etdiyi əmlakın qanuni sahibi və istifadəçisi olmaqla potensial mülkiyyətçisidir. Binəqədi bələdiyyəsinin hər hansı bir hərəkətinə görə məsuliyyət daşımır və belə bir məsuliyyət onun üzərinə qoyula bilməz. Hesab edir ki, cavabdeh təşkilatın imtina məktubunda əsaslandığı arqumentlərin məsuliyyətinin ona aid etməsi və səbəb olaraq göstərilən arqumentlərə görə imtina əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunan prosessual qanunvericiliyin normalarından və işin həqiqi hallarından, əlavə etdiyi sübutlardan görünür ki, iddia tələbi əsaslıdır və təmin olunmaqla cavabdehin üzərinə daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınmasına görə vəzifə qoyulmalıdır. Bundan başqa hesab edir ki, iddia ərizəsinə əlavə etdiyi üzrlü səbəblərdən buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə nəzərə alınaraq iddia ərizəsi icraata qəbul edilməlidir. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin qeyd etmişdir ki, pandemiya səbəbindən, həmçinin xidmət etdiyi iş rejimi ilə bağlı üzrlü səbəblərdən göstərilən müddət ərzində məhkəməyə müraciət etmək imkanı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10996/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən sənədlərin faktiki sahəyə aidiyyəti yoxdur. Həmçinin, torpaqların alqı-satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt, bank qəbzi, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Bunlarla yanaşı, yerləşmə cizgisində möhür görsənmir. Həmçinin, bağ evinin aşırımlarının uzunluğu 6 metrdən çox olduğundan sənədlər məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Habelə, hüquqmüəyyənedici sənədlərdə bağ sahəsinin ölçüləri 1200 kv.m qeyd olunsa da, faktiki 1092 kv.m təşkil edir. Bu barədə vətəndaşa **********43 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X3 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “X3 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: - məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixli müraciət məktubu; - cavabdeh inzibati orqanın iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli imtina məktubu; - cavabdeh inzibati orqanın xx.xx.2021- ci il tarixli etiraz məktubu; - Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 185 saylı qərarının surəti; -xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6405 nömrəli ekspert rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsasız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana müraciət edərək müəssisəyə ayrılmış torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli imtina məktubunda iddiaya dair yazılı etirazında göstərdiyi dəlillər ondan ibarətdir ki, təqdim edilən sənədlərin faktiki sahəyə aidiyyəti yoxdur. Həmçinin, torpaqların alqı- satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt, bank qəbzi, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Bunlarla yanaşı, yerləşmə cizgisində möhür görsənmir. Bağ evinin aşırımlarının uzunluğu 6 metrdən çox olduğundan sənədlər məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Habelə, hüquqmüəyyənedici sənədlərdə bağ sahəsinin ölçüləri 1200 kv.m qeyd olunsa da, faktiki 1092 kv.m təşkil etmişdir. İşin araşdırılan hallarından məlum olmuşdur ki, iddiaçıya torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 185 saylı “vətəndaş İddiaçı Goradil massivində istifadə etdiyi bağ sahəsinin alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilməsi haqqında” qərarı əsasında ayrılmışdır. İş materiallarında olan Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin “Ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 150 saylı xx.xx.2005-ci il tarixli Müqavilədən görünür ki, satıcı Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə alıcı vətəndaş İddiaçı arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan Görədil bağ massivində 1200 kv.m torpaq sahəsi fərdi bağ evinin tikintisi üçün alıcıya təklif edilmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi 108 kv.m azaldılmışdır.Faktiki olaraq yaşayış sahəsi köməkçi sahə hesabına azaldılmışdır. Yaşayış evinin 2-ci mərtəbəsində aşrımlar olan məsafə 6 metrdən böyükdür. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10996/2021-saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikiti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri Binəqədi rayonu, Goradil bələdiyyəsinin 185 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsi iddiaçıya ayrılarkən və ya ayırdıqdan sonra Bakı şəhəri Binəqədi rayonu, Goradil bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında olmuşdurmu?

2. Bakı şəhəri Binəqədi rayonu, Goradil bələdiyyəsinin 185 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdədir? (dövlət, bələdiyyə yaxud xüsusi).

3. Bakı şəhəri Binəqədi rayonu, Goradil bələdiyyəsinin 185 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin inşaası ümumilikdə şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə uyğundurmu? İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 10/6405 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 185 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində ayrılmış 1200 kv.m torpaq sahəsinin təqdim olunmuş cizgisi miqyassız, koordinatsız olduğundan sözügedən torpaq sahəsinin yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli, 185 nömrəli qərarına əlavə olunmuş torpaq sahəsinin cizgisi vizual görüntülərə (peyk görüntüsü və yollara əsasşğ) əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir və üst-üstə düşmür. İddiaçının naturada göstərdiyi və iddia etdiyi, faktiki ölçüsü 1116 kv.m olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən Goradil bağlar massivində yerləşdiyi və dövlət mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: mülki iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən inşa olunmuş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici və texniki sənədlər mövcud deyildir. Ona görə də, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 N-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ının 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən olundu. Məhkəmə göstərilən dəlillərlə bağlı qeyd edir ki, qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsi ayırlarkən qanunvericiliyin tələbləri gözlənilməmişdir. Belə ki, xx.xx.2007-ci ilə qədər verilmiş bələdiyyə torpaqlarına dair alqı-satqı aktı müvafiq qaydada təsdiq edilməlidir. Lakin hazırki işdə olan torpaq sahəsinin ayrılmasına dair alq-satqı sənədi təsdiq edilməmişdir. Həmçinin keçirilmiş ekpertiza nəticəsində bələdiyyə orqanı tərəfindən qəbul edilmiş qərar əsasında ayrılmış torpaq sahəsi dövlət mülkiyyəti torpağı (bağlar massivində yerləşən) olduğu, bələdiyyə ərazisi olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı- satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X3 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir və həmin qanunun 8.0.1 -ci bəndinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək , 9-12-ci zonalar üzrə - 0,06 hektaradək torpaq sahəsinin ayrılması nəzərədə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Məcəllənin 47.6-cı maddəsin əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20- 50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. "X3 edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respubklikasının xx.xx.1999-cu il tarixıli Qanunu ilə təsdiq edilmiş «X1»nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “X3 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmişdir. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. «X3 edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. (15 fevral 2016-cı il tarixədək olan redaksiyası) Məhkəmə qeyd edir ki, iddiaçıya Binəqədi bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 185 nömrəli qərarı ilə ilə İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin həmin bələdiyyəyə məxsus olması təsdiqlənmədiyindən (dövlət mülkiyyəti torpağıdır), torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələbləri gözlənilmədiyindən, eləcə də alqı-satqı aktının təsdiq edilməməsi səbəbindən və torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumu) rəyi alındığı müəyyən olunmadığından, həmçinin fərdi yaşayış evi şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olmadığından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz sayıla bilməz. Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; - 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. - 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ massivində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar