Məhkəmə qərarları › İş №2-1(112)-4470/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4470/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4470/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Sarıvəlli Elbrus İsrafil oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi Məstiyeva Gülnar Tahir qızının (Şəki şəhərində qeydiyyatdadır, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Mustafayeva Hürü Abdulla qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 1974-cü ildən 2006-cı ilə qədər işlədiyi müddətlərin və 1929-cu il təvəllüdlü qaynanası Mustafayeva (Rəhimova) Söylü Məmməd qızına (71 yaşlı ahıl xəstə) 2000-ci ildən 2016-cı ilə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi, pensiya hüququnun yarandığı 07.09.2017-ci idən 60 yaşı tamam olduğu vaxtdan (ən azı 3 il) hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, iddiaçının əmək stajı 01 iyun 1974-cü ildən 17 fevral 2003-cü ilə qədər 25 ildən artıq müddəti təşkil edir, 60 yaşı isə 07 sentyabr 2017-ci ildə tamam olmuşdur. Belə ki, 01.06.1974-cü ildən 06.07.1993-cü ilə kimi 16 il 08 ay 05 gün, 10.07.1993-cü ildən 25.12.1999-cu ilə qədər 6 il 5 ay 15 gün əmək stajı və 15.01.2000-ci ildən 17.02.2003-cü ilə qədər 3 il 1 ay 2 gün olmaqla 26 il 2 ay 22 gün əmək stajı vardır. Bundan əlavə 25.04.2021-ci il tarixli aktdan və ona əlavə edilmiş sənədlərdən, əmək kitabçasından göründüyü kimi iddiaçı işləmişdir, 2000-ci ildən 2016-cı ilə qədər isə xəstə ahıl qaynanası Mustafayeva (Rəhimova) Söylü Məmməd qızına qulluq etmişdir. Həmin müddət də onun əmək stajına daxildir. Ona yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh tərəfindən qanunsuz olaraq imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı pensiya təyin olunması üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyildir. Belə ki, İddiaçı 20.06.1974-cü il tarixli əmək kitabçasında qeyd olunmuş 10.07.1993-cü il tarixdən 25.12.1999-cu ilə qədər işləmiş olduğu "xxxx" və 15.01.2000-ci il tarixdən 17.02.2003-cü ilə qədər işləmiş olduğu "xxxx" müəssisələrinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün onun müraciətinin həll edilməsi mümkün olmamışdır. İddiaçının 1993-1999-cu illərdə işlədiyi iddia olunan "xxxx" Müəssisəsi 14.11.1996-cı ildə dövlət qeydiyyatından keçmişdir. Lakin iddiaçı 10.07.1993-cü ildən 25.12.1999-cu ilədək həmin müəssisədə işlədiyini iddia edir. Belə olan halda 1993-1996-cı illərdə müəssisənin fəaliyyət göstərməsi öz əksini tapmadığından iddiaçının 10.07.1993-cü ildən 25.12.1999cu ilədək "xxxx" Müəssisəsində işləməsinə dair edilmiş qeydin qəbul edilməsi qəbuledilməzdir. Bundan əlavə "xxxx" müəssisəsinə verilmiş sorğudan sonra təqdim olunmuş məktubda İddiaçı Abdulla qızının həmin müəssisədə xadimə işləməsi, hər ay 80 manat əmək haqqı alması, işlədiyi müddət ərzində məzuniyyətə çıxması barədə əmr verilmədiyi, əmək haqqı cədvəllərinin müəssisənin bağlanması səbəbindən saxlanılmadığı qeyd edilsə də sonradan məhkəmə prosesi zamanı əmək haqqı cədvəllərinin mövcudluğunun zəruriliyi vurğulandıqdan sonra həmin cədvəllər tərtib edilmişdir. Həmin məktubda 23.12.2020-ci ildən işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi, hal-hazırda müəssisənin fəaliyyətinin dayandırıldığı qeyd olunmuşdur. Fəaliyyəti dayandırılmış, əmək haqqı cədvəllərinin saxlanılmadığı qeyd olunan bir müəssisə tərəfindən sonradan tərtib edilmiş əmək haqqı cədvəllərinin mötəbərliyi şübhə altına düşür. Ahıl şəxslərə qulluq edilməsi müddəti isə sığortaolunanın sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir. 70 yaşına çatmış ahıllara qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı icra hakimiyyəti orqanlarının və Fondun şöbələrinn nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edən şəxsin, onun qonşularının ifadələrinə əsasən tərtib olunur. Belə bir aktın tərtib olunması qeyd edilən ahıl vətəndaş vəfat etdiyi üçün mövcud qaydalara uyğun deyildir. Bu səbəbdən də iddiaçının 1929-cu il təvəllüdlü qaynanası mərhum Mustafayeva Söylü Məmməd qızına qulluq etməsi dövrünün araşdırılması və müvafiq aktın tərtib edilməsi mümkün deyildir. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi Nümayəndə iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alaraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı və cavabdeh tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən və təkzib edən sübut qismində cavabdehin 05.01.2021-ci il tarixli imtina məktubu, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 26.04.2021-ci il tarixli və 08.07.2021-ci il tarixli məktubları, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 01.04.2021-ci il tarixli məktubu, iddiaçının iştirakçısı olmadığı inzibati məhkəmə mübahisəsinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı, "xxxx" Müəssisəsinin 25.04.2021-ci il tarixli arayışı, "xxxx" Müəssisəsinin fəaliyyətinin dayandırılması haqqında arayış, 25.04.2021-ci il tarxli arayış, “Ölüm haqqında şəhadətnamə”ni, şəxsiyyət vəsiqələrinin surətləri, DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının 15.04.2021-ci il tarixli məktubunun kserosurəti, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 3/111 nömrəli, 23.07.2021-ci il tarixli məktubu, "xxxx" firmasının işçilərinin əmək haqqının hesablanma cədvəlləri, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 27.04.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 29.04.2021-ci il tarixli məktubu təqdim edilmişdir. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 16.09.2021-ci il tarixli məktubu ilə "xxxx" İstehsalat Kommersiya Firmasının “Dövlət qeydiyyatı haqqında şəhadətnaməsi” və nizamnaməsi təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 15.09.2021-ci il tarixli məktubu ilə "xxxx" İstehsalat Kommersiya Firmasının arxiv sənədlərinin arxivə təhvil verilməməsi bildirilmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti isə 17.09.2021-ci il tarixli məktubunda "xxxx" İstehsalat Kommersiya Firmasının qeydə alınması barədə nizamnamənin və qeydə alınma ilə bağlı digər məlumatlar barədə rayon icra hakimiyyətində heç bir məlumatın olmadığını bildirmişdir. Məhkəmə təqdim edilmiş sənədləri tədqiq etdikdən sonra müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür, cavabdehə müraciət edərək 25 ildən artıq sığorta stajının olması və qanunvericilikdə nəzərdə tutulmuş yaşa çatması əsası ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2.yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;21.2.5.işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7.zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla); İddiaçının əmək kitabçasında iddiaçının Qukark meşə təsərrüfatında 01.06.1974-cü ildən 03.09.1976-cı ilə qədər, Bakı şin zavodunda 02.10.1976-cı ildən 01.02.1981-ci ilə qədər, Sərraciyyə-dəriqalantereya zavodunda 22.03.1982-ci ildən 06.08.1984-cü ilə qədər, Xalq İstehlakı Malları X4 16.10.1985-ci ildən 06.07.1993-cü ilə qədər, "xxxx" İKF-də 10.07.1993-cü ildən 25.12.1999-cu ilə qədər, "xxxx" Müəssisəsində 15.01.2000-ci ildən 17.02.2003-cü ilə qədər işləməsi göstərilmişdir, lakin həm cavabdeh tərəfindən təqdim edilmiş, həm də məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktublar məcmu şəkildə qiymətləndirildikdə iddiaçının təqdim etdiyi əmək kitabçasındakı "xxxx" İKF-də və "xxxx" Müəssisəsində işləməsi haqqında qeydlərin və "xxxx" Müəssisəsinin əmək haqqı cədvəllərinin mötəbərliyinə məhkəmədə aradan qaldırılmaz şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabasında iddiaçının "xxxx" İKF-də 10.07.1993-cü ildən 25.12.1999-cu ilə qədər işləməsi göstərilmişdir, həm Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 08.07.2021-ci il tarixli məktubuna, həm də məhkəmənin sorğusuna cavab olaraq həmin dövlət orqanının 16.09.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş "xxxx" İKF-nin “Dövlət qeydiyyatı haqqında şəhadətnamə”yə və nizamnaməsinə əsasən əsasən qeyd edilən müəssisə 14.11.1996-cı ildə dövlət qeydiyyatından keçmişdir. Habelə "xxxx" İKF-nin nizamnaməsində fəaliyyət göstərdiyi ünvanın yerləşdiyi rayonun icra hakimiyyətinə (Qaradağ rayon İcra Hakimiyyətinə) qeyd edilən müəssisənin 1996-cı ildən əvvəl fəaliyyət göstərib göstərməməsi barədə məlumatın əldə edilməsi üçün məhkəmə tərəfindən verilmiş sorğuya cavabda həmin müəssisənin hansı tarixdə qeydə alınması barədə məlumatın olmaması bildirilmiş, məhkəmə tərəfindən verilmiş digər sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 15.09.2021-ci il tarixli məktubuna əsasən "xxxx" İKF-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Belə olan halda "xxxx" İKF-nin 14.11.1996-cı ildən əvvəlki dövrdə fəaliyyət göstərməsi müəyyən olunmadığı halda iddiaçının əmək kitabçasına əsasən iddiaçı 1993cü ildən 14.11.1996-cı ilə qədər mövcud olmayan müəssisədə işləmişdir. Bundan başqa Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin iş materiallarında olan 29.04.2021-ci il tarixli məktubuna əsasən "xxxx" İKFnin ləğv olunması ilə bağlı dövlət reyestrində heç bir məlumat aşkar edilməmiş, firmanın yalnız dövlət qeydiyyatına alınması ilə bağlı məlumat aşkar edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-303-2021 nömrəli, 28.01.2021-ci il tarxli (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə) qərarında əks olunmuş mövqeyinə əsasən cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının çalışdığı 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin VÖEN-nin olmaması və bununla bağlı da iddiaçının həmin dövrdəki iş stajının şübhə doğurması olmuş, cavabdehin bu dəlili ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyldir, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Belə olan halda iddiaının 10.07.1993-cü ildən 25.12.1999-cu ilə qədər işlədiyini iddia etdiyi "xxxx" İKF-nin VÖEN-nin aşkar edilməməsi onun fəaliyyətini, eləcə də iddiaçının həqiqətən də bu müəssisədə işləyib-işləmədiyini sual altına qoyur. İddiaçının "xxxx" firmasında 15.01.2000-ci ildən 17.02.2003-cü ilə qədər işləməsi barədə əmək kitabçasındakı qeydə gəldikdə isə iddiaçı tərəfindən iddiaçının həmin müəssisədə işləməsi barədə arayış təqdim edilsə də həmin arayışın da mötəbərliyi şübhə doğurur, belə ki, arayışa iddiaçının müəssisəyə işə qəbulu və işdən azad edilmə haqqında, məzuniyyətə çıxma və məzuiyyətdən qayıtma kimi əmrlər, əmək haqqından vergilərin və DSMF-yə məcburi dövlət sosial sığorta haqqının tutulması barədə sənədlər əlavə edilməmişdir, sonradan iddiaçı tərəfindən qeyd edilən firmanın 2000-2003-cü illər üçün əmək haqqı cədvəlləri təqdim edilsə də həmin əmək haqqı cədvəllərindəki məlumatlarda əmək haqqı məbləğinin köhnə azərbaycan manatı ilə hesablanması barədə qeyd həmin cədvəllərin 2000-2003-cü illərdə deyil, sonradan tərtib edilməsini təsdiq edir, belə Azərbaycan manatının denominasiyası hadisəsi 01.01.2006-cı il tarixə təsadüf edir. İddiaçının ahıl və xəstə qaynanasına baxdığı müddətin sığorta stajına daxil edilməsi ilə bağlı iddia ərizəsində göstərilənlərə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); Məhkəmə tərəfindən hazırki iş üzrə qəbul edilmiş 27.08.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İPM-nin 67.1-ci maddəsinə əsasən (mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunla nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır) iddiaçı Mustafayeva Hürü Abdulla qızı tərəfindən 1929cu il təvəllüdlü qayınanası Mustafayeva (Rəhimova) Söylü Məmməd qızına (71 yaşlı ahıl, xəstə) 2000-ci il tarixdən 2006-cı il tarixinədək qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün qanunda nəzərdə tutulmuş tədbirin görülməsi (bu halın araşdırılaraq aktın tərtib edilməsi) üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 30 gün müddət təyin etmişdir. Cavabdehin 19.10.2021-ci il tarixli məktubuna əsasən iddiaçının qulluq etdiyi şəxs kimi göstərdiyi Mustafayeva Hürü Məmməd qızı artıq vəfat etdiyi üçün cavabdeh tərəfindən müayinə aktının tərtib edilməsi mümkün olmamışdır. İddiaçının təqdim etdiyi 25.04.2021-ci il tarixli akt isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığı üçün iddiaçının ahıl şəxsə qulluq edilməsi müddətini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-ci bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qeyd edilən aktın olmaması ilə ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi istisna olunur. Beləliklə, iş materialları məcmu şəklində qiymətləndirildikdən sonra məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının sığorta stajı yalnız əmək kitabçasına əsasən Quqark meşə təsərrüfatında 01.06.1974-cü ildən 03.09.1976-cı ilə qədər, Bakı şin zavodunda 02.10.1976-cı ildən 01.02.1981-ci ilə qədər, Sərraciyyə-dəriqalantereya zavodunda 22.03.1982-ildən 06.08.1984-cü ilə qədər, X5 X4 16.10.1985-ci ildən 06.07.1993-cü ilə qədər işlədiyi müddətlərdən ibarətdir ki, həmin müddət də 25 ildən az bir dövrü (16 il 8 ay 9 gün) əhatə etdiyinə görə, habelə iddiaçının pensiya təminatı hüququ verən pensiya kapitalı olmadığına görə onun yaşa görə əmək pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Mustafayeva Hürü Abdulla qızının cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı 1974-cü ildən 2006-cı ilə qədər işlədiyi müddətlərin və 1929-cu il təvəllüdlü qaynanası Mustafayeva (Rəhimova) Söylü Məmməd qızına (71 yaşlı ahıl xəstə) 2000-ci ildən 2016-cı ilə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi, pensiya hüququnun yarandığı 07.09.2017-ci idən 60 yaşı tamam olduğu vaxtdan (ən azı 3 il) hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,33, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mustafayeva Hürü Abdulla qızının cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı 1974-cü ildən 2006-cı ilə qədər işlədiyi müddətlərin və 1929-cu il təvəllüdlü qaynanası Mustafayeva (Rəhimova) Söylü Məmməd qızına (71 yaşlı ahıl xəstə) 2000-ci ildən 2016-cı ilə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi, pensiya hüququnun yarandığı 07.09.2017ci ildən 60 yaşı tamam olduğu vaxtdan (ən azı 3 il) hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar